6 971 uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib
6 971 uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib.
AzTehsil.com xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində 124 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 31-i uşaq bağçası, 93-ü isə körpələr evi – uşaq bağçasıdır. Məktəbəqədər təhsil müəssisələrinə ümumillikdə 6 971 uşaq cəlb edilib.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində həmçinin İcma əsaslı məktəbəqədər təhsil qrupları da fəaliyyət göstərir.
Bu layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə ilkin təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, şəffaflığın və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.