5 mart Bədən Tərbiyəsi və İdman Günüdür
AzTehsil.com xəbər verir ki , Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Azərbaycan bədən tərbiyəçiləri və idmançıları, bütün idman ictimaiyyətimiz öz bayramlarını — Bədən Tərbiyəsi və İdman Gününü yüksək fəallıq şəraitində qeyd edirlər. Əhalinin asudə vaxtının təşkilində, gənc nəslin sağlam və gümrah böyüməsində, onların hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində mühüm rol oynayan insan həyatının bu ayrılmaz tərkib hissəsi ölkəmizdə əsl inkişaf yolundadır. Dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, digər mötəbər yarışlarda qazanılan qələbə və medallar, respublikamızın müxtəlif bölgələrində ucaldılan bir-birindən yaraşıqlı olimpiya idman kompleksləri beynəlxalq dairələrdə də yekdilliklə etiraf olunduğu kimi, Azərbaycanı gündən-günə çiçəklənən və möhkəmlənən bir idman ölkəsinə çevirmişdir.1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl və uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününün cari ildə də qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 27 fevral – 5 nmart 2022-ci il tarixlərində ölkə ərazisində “İdman Həftəsi” elan edilmişdir. “İdman Həftəsi” çərçivəsində Laçın Rayon Gənclər və İdman idarəsi tərəfindən tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planı çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir. 1-2 mart 2022-ci il tarixlərdə Laçın Rayon Uşaq Gənclər İdman-Şahmat məktəbinin Şahmat qrupları arasında birincilik yarışı, 3-4 mart tarixlərdə isə Laçın Rayon Uşaq Gənclər İdman-Şahmat məktəbinin Stolüstü tennis qrupları arasında birincilik uğrunda yarışlar keçirilmişdir.Azərbaycanın idman ictimaiyyəti öz bayramını — Bədən Tərbiyəsi və İdman Gününü idmanımıza göstərilən böyük qayğı şəraitində qeyd edir.