Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır. Trend-in məlumatına görə, bunu təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən , təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ilkin konsepsiya hazırlanan zaman, beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb: "Hesab edirik ki, beynəlxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik”.
C.Bayramov bildirib ki, hər bir sinif üçün dərslik tərtib olunan zaman, müəllim üçün metodik vəsait də hazırlanacaq: "Yeni ehtiyat dərslik modelində isə həm də tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb”.
Aztehsil.com xəbər verir ki, Kaspi .az "Ehtiyat dərsliklərə ehtiyac varmı, bu dərsliklərin hazırlanmasında məqsəd nədir” sualı ilə ekspertlərə müraciət edib.
Təhsil eksperti Etibar Əliyev qeyd etdi ki, bu, dünyanın bir çox ölkələrində tətbiq edilən bir metoddur: "Bütün siniflər üzrə çap olunan dərsliklərlə yanaşı, alternativ dərsliklər də nəzərdə tutulur. Yəni buna həm ehtiyat, həm də alternativ dərsliklər demək olar. İbtidai sinifdə təhsil alan şagirdlərimiz PİRLS proqramında iştirak ediblər. Bu, dördüncü sinif şagirdlərinin mətni analiz etmək qabiliyyətinin qiymətləndirilməsi proqramıdır. Tutduğumuz yer də yaxşıdır. Bu istiqamətdə kifayət qədər inkişaf var. İnkişafın birbaşa asılı olduğu məsələlərdən biri, dərsliklərlə bağlıdır. Oxu üzrə tədris olunan materiallar ola bilsin ki, bütün ölkələrin dərsliklərində olmaya bilər. Bu mənada yeni ehtiyat və ya alternativ dərsliklərin formalaşdırılması olduqca vacibdir. Həmçinin bu sahədə olan monopoliyanın da qarşısı alınacaqdır”.
Müsahibimiz deyir ki, maarifçilik aspektindən yanaşası olsaq, ehtiyat dərsliklər müəllimlər üçün də lazımdı vəsaitdir: "Ölkəmiz təhsil sahəsində artıq bir sıra beynəlxalq səviyyəli sənədlərə qoşulub. Ona görə də, müəllimlərin bir sıra xarici dərsliklərlə tanışlıqları bu sahədə ciddi əhəmiyyət kəsb edər və inkişafa şərait yaradır. Hesab edirəm ki, ehtiyat dərsliklər uşaqların daha da yüklənməsinə səbəb olmamalıdır. Bunu dərsdən kənar, məşğələ formatında tədris etmək mümkündür. Bu dərsliklərin yaradılmasında əsas məqsəd şagirdlərin idrak qabiliyyətinin genişlənməsi, tənqidi təfəkkürünün inkişaf etdirilməsidir”.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir: "Ədalət naminə deməliyik ki, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, son on illiklə müqayisədə, dərslik siyasətinə fərqli baxış formalaşıb. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər hazırlanacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. Hazırlanacaq dərsliklərin bir çox məktəbdə sınaqdan çıxarılması nəzərdə tutulur. Digər tərəfdən, mütəmadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə, onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb”.
Ekspertdən ehtiyat dərsliklərə ehtiyacın nədən yarandığını və bu dərslikləri ərsəyə gətirməkdə məqsədin nə olduğunu soruşduq: "Bəzən ayrı-ayrı siniflər və fənlər üzrə tender müsabiqəsinə bir dərslik təqdim olunur və ola bilər ki, heç o da təqdim olunmasın. Təqdim olunan dərslik və ya dərsliklər dərsliyə verilən tələbləri, prinsipləri ödəməsə də, müvafiq standartlara uyğun gəlməsə belə, onu nəşr edib, yerlərə göndərmək zərurəti meydana çıxır. Bu və buna bənzər hallar baş verdiyi təqdirdə, vəziyyətdən çıxış yolu kimi alternativ olaraq ehtiyat dərsliklər dövriyyəyə buraxıla bilər. Hesab edirəm ki, təkcə ibtidai siniflər üçün deyil, digər siniflər üçün də mərhələlər üzrə ehtiyat dərsliklərin hazırlanmasına ehtiyac var”.