Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar
1.Ümumi müddəalar
Ümumi təhsil sistemində dərslik siyasəti (Dərslik siyasəti) Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir.
Azərbaycan Respublikasında dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.
Dərslik siyasəti bu işdə əsas icra orqanı funksiyasını yerinə yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qurumların, özəl təşkilatların və ictimai orqanların vasitəsilə həyata keçirilir.
Dərslik siyasəti həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbyacan Respublikasının müvafiq qanunvericilik aktları və bu sənəd ("Ümumi təhsil sistemində dərslik siyasəti”) əsas götürülür.
"Dərslik siyasəti” sənədi Nazirlər Kabineti tərəfindən təsdiq olunur. "Dərslik siyasəti” sənədinə aid olan "Dərslikləri Qiymətləndirmə Şurasının Əsasnaməsi”, "Dərsliklərin qiymətləndirilməsi meyarları”, "Yeni dərsliklərin yaradılması qaydaları”, "Dərsliklərin texniki və gigiyenik standartları” müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.
2. Dərslik siyasətinin əsas prinsipləri
2.1. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin bütün şagirdləri "Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na uyğun olaraq dərsliklərlə pulsuz təmin olunurlar.
2.2. Şəffaflıq və aşkarlıq
2.2.1. Dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycan Respublikasının dövlət mənafeyi gözlənilməklə, alimlərin, mütəxəssislərin, müəlliflərin , müəllimlərin və valideynlərin rəyi nəzərə alınır.
2.2.2. Dərsliyin əlyazması DQŞ(Dərslikləri Qiymətləndirmə Şurası) tərəfindən qiymətləndirildikdən sonra nəticələr DQŞ saytına yerləşdirilir.
2.3. Antiinhisar və sağlam rəqabət
2.3.1. Müvafiq ixtisası və xüsusi yaradıcılıq qabiliyyəti olan Azərbaycan vətəndaşları ayrı-ayrılıqda və ya qrup şəklində istənilən dərsliyi tədris proqramı əsasında hazırlayıb, seçdiyi nəşriyyatla birlikdə mövcud qaydalara uyğun olaraq DQŞ-yə təqdim edə bilərlər.
2.3.2. Mülkiyyət formasından asılı olmayaraq hər bir nəşriyyat müəlliflərlə birlikdə istənilən dərsliyi hazırlayıb, mövcud qaydalara uyğun olaraq DQŞ-yə təqdim edə bilər.
2.3.3. Ümumtəhsil məktəbləri dərsliklərinin müəllifləri əsasən Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
2.3.4. Ümumtəhsil məktəblərində xarici ölkələrin dərsliklərindən Təhsil Nazirliyinin icazəsi ilə istifadə oluna bilər.
2.4. Variativlik və seçim
2.4.1 Ümumtəhsil məktəblərinin dərslikləri, əsasən, variativ şəkildə nəşr olunur.
2.4.2. Variativ dərsliklərdən istifadə üçün seçim hüququ məktəb pedaqoji şuralarına, fənn müəllimlərinə və valideyn-müəllim assosasiyalarına məxsusdur.
2.4.3. Hər bir müəllifin və nəşriyyatın öz dərsliyini məktəblərdə təbliğ etmək hüququ vardır.
3. Dərsliklərin məzmununa verilən əsas tələblər
3.1. Dərsliklərdə:
- şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır;
- şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
- dünyəvilik prinsipinə riayət edilməlidir;
- elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;
- illüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır;
- Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir;
- milli, dini, irqi, cinsi və siyasi ayrıseşkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalıdır;
- elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir.
3.2. Dərsliklər:
- Dövlət Təhsil Standarları əsasında hazırlanmış kurrikulumlara uyğun olmalıdır;
- şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir;
- tətbiqi xarakter daşımalı, interqrativ xüsusiyyətə malik olmalıdır;
- şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmalıdır.
4. Dərsliklərin dili
Ümumtəhsil məktəblərinin dərslikləri dövlət dili olan Azərbaycan dilində, təlimin aparıldığı başqa dillərdə, o cümlədən ölkəmizdə yaşayan azsaylı xalqların dillərində nəşr olunur.
5. Dərslikləri Qiymətləndirmə Şurası
5.1. Dərsliklərin qiymətləndirilməsi üçün Təhsil Nazirliyinin nəzdində büdcədən maliyyələşdirilmədən Dərslikləri Qiymətləndirmə Şurası fəaliyyət göstərir.
5.2. Təhsil Nazirliyi Dərslikləri Qimətləndirmə Şurasının sədrini təyin edir və Şuranın Əsasnaməsini təsdiqləyir. DQŞ üzvləri sədr tərəfindən yüksək ixtisaslı mütəxəssislərdən seşilir.
5.3. DQŞ-nin fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.
5.4. Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri bu qurumda fəaliyyət göstərdikləri müddətdə müəllifi (həmmüəllifi) olduğu dərslikləri qiymətləndirmədə iştirak edə bilməz.
5.5. DQŞ-nin işinə müdaxiləyə yol verilmir.
6. Yeni dərsliklərin yaradılması, təsdiqi və nəşri
6.1. Təhsil Nazirliyi yeni yaradılacaq dərsliklərin siyahısını müəyyənləşdirib elan edir.
6.2. Müsabiqə. Təhsil Nazirliyi istənilən fənn üzrə müsabiqəni "Yeni dərsliyin yaradılması qaydaları”na uyğun olaraq elan edir.
6.3. Sifariş. Azsaylı xalqların dillərində olan, eləcə də sağlamlıq imkanları mədud şagirdlər üçün nəzərdə tutulan aztirajlı dərsliklərin yaradılmasını nazirlik müəlliflərə və ya nəşriyyatlara sifariş verə bilər. Bu yolla hazılanmış dərsliklərin əlyazmaları da Dərslikləri Qiymətləndirmə Şurasına tam həcmdə göndərilir. Sifariş yolu ilə yaradılmış dərsliklərin nəşr və yayım hüququ Təhsil Nazirliyinə məxsusdur.
6.4. Ümumtəhsil məktəbləri dərslikləri əsasən müvafiq iş dəftəri və müəllim üçün metodik vəsaitlə birlikdə qəbul olunur.
6.5. Dərslik Təhsil Nazirliyi tərəfindən yalnız Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq olunur.
6.6. Ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur və onun qüvvədə olma müddəti tədris planı və proqramdakı dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir.
6.7. Dərsliklər "Dərslikləri qiymərləndirmə meyarları”na və "Dərsliklərə qoyulan texniki və gigiyenik tələblər”ə cavab verməlidir.
6.8. Dərsliklərin titul səhifəsində Təhsil Nazirliyi tərəfindən verilmiş əmrin nömrəsi və tarixi göstərilir.
6.9. Məktəblərə pulsuz verilən dərsliklərin cildinin arxasında "Pulsuzdur” sözü yazılır.
6.10. Dərsliklər məktəblərə bu sənədin 2.1 madəsinə uyğun olaraq verilir.
6.11. Dərsliklərdə tədrislə əlaqəsi olmayan reklamlara yol verilmir.
6.12. Müsabiqədənkənar olaraq nəşriyyatlar öz təşəbbüsləri, yəni müəllif (yaxud müəllif qrupu) ilə birgə kurrikuluma uyğun olmaq şərtilə müəyyən dərsliklər hazırlaya bilərlər. Bu halda naşirlər dərsliyin əlyazmasını və çap olunmuş nümunəsini DQŞ tərəfindən qiymətləndirilmək üçün Təhsil Nazirliyinə təqdim edirlər.
Qiymətləndirmə ilə bağlı bütün xərclər naşirlər tərəfindən ödənilir. Təhsil Nazirliyi belə təşəbbüsləri maliyyələşdirmir, lakin nəşriyyatlar dərslikləri valideynlərə və məktəblərə satmaqda və təbliğ etməkdə sərbəstdirlər.
7. Müəllif və nəşriyyatların hüquqları
7.1. Müəlliflərin və nəşriyyatların hüquqları "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” və "Nəşriyyat işi haqqında” qanunlarla tənzimlənir.
7.2. DQŞ, müəllif və nəşriyyatlar arasında fikir ayrılıqları yaranarsa, problem Təhsil Nazirliyi və ya aidiyyəti orqanlar tərəfindən həll edilir.
8. Dərsliklərin alınması və şagirdlərə çatdırılması. Dərslik fondu.
8.1. Ümumtəhsil məktəbləri şagirdlərinə veriləcək dərsliklərin maliyyə vəsaiti Təhsil Nazirliyinə ayrılır. Həmin vəsait hesabına alınan dərsliklər məktəblərə pulsuz paylanılır.
8.2. Dərsliklər şagirdlərə paylanmazdan əvvəl nömrələnib, kitabxana fonduna daxil edilir.
8.3. Dərs ilinin sonunda dərsliklər şagirdlərdən toplanıb dərslik fonduna keşirilir.
8.4. Dərslik fondu "Dərslik fondu haqqında təlimat”la tənzimlənir. Dərsliklərdən istifadə müddəti və fondların yeniləşdirilməsi qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
9. Elektron dərsliklər
9.1 Təhsil Nazirliyinin təsdiq etdiyi elektron dərslik və dərs vəsaiti məktəblərdə istifadə oluna bilər.
10. Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları
10.1. Təhsil Nazirliyi:
- ümumtəhsil məktəblərində istifadə olunacaq müvafiq standartlara və kurrikuluma uyğun dərsliklərin siyahısını müəyyənləşdirir;
- dərsliklərin hazırlanması üçün müsabiqə elan edir və ya sifariş verir;
- DQŞ sədrinin təqdimatı ilə həmin qurumun üzvlərini təsdiq edir;
- dərslikləri qiymətləndirmə meyarlarını təsdiq edir;
- yeni dərsliklərin yaradılması qaydalarını müəyyənləşdirir.
- aidiyyəti təşkilatlarla birlikdə dərsliklərin texniki və gigiyenik tələblərini təsdiq edir;
- "Dərslik fondu haqqında” təlimatı təsdiq edir;
- DQŞ-nin təqdimatı əsasında dərslikləri təsdiq və ya ləğv edir;
- xüsusi araşdırmalar, sorğular yolu ilə təkmilləşdirilməli və yeniləşdirilməli olan dərsliklərin siyahısını müəyyənləşdirib mətbuatda elan edir;
- növbəti tədris ilinə çap olunacaq dərsliklər üçün lazım olacaq maliyyə vəsaitinin ayrılması barədə məlumatı hər il dekabrın 1-dək Nazirlər Kabinetinə təqdim edir;
- dərslik fondlarının formalaşmasına, yeniləşdirilməsinə, ondan səmərəli istifadə olunmasına nəzarət edir;
- nəşr və yayım hüququ Təhsil Nazirliyinə məxsus olan məhdud tirajlı dərsliklərin çapını çövcud qaydalara uyğun olaraq təşkil edir;
- yeni dərsliklərdən səmərəli istifadə edilməsi məqsədilə müəllimlər üçün treninqlər keçirir;
- dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri təhlil etmək, proqnozlaşdırmaq, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müzakirə etmək məqsədilə tədbirlər görür;
- bu və ya digər dərsliyi eksperimentdən keçirmək üçün müvafiq qaydalara uyğun olaraq az tirajla nəşr etdirir.
11. Dərslik siyasətinin həyata keçirilməsində yerli təhsil orqanları və məktəblərin vəzifələri
11.1. Yerli təhsil orqanları:
- tabeliklərində olan ümumtəhsil məktəblərinin dərsliklərə tələbatını müəyyənləşdirib, Təhsil Nazirliyinə təqdim edir;
- məktəblərdə dərsliklərin qorunmasına və onlardan səmərəli istifadə olunmasına nəzarət edir.
- dərsliklərin məzmunu, çap keyfiyyəti, normativlərə uyğunluğu barədə Təhsil Nazirliyinə təkliflər verir;
11.2. Məktəblər:
- Təhsil Nazirliyinin sifarişi ilə nəşr olunan, donor təşkilatalar tərəfindən bağışlanan dərsliklərin və vəsaitlərin mövcud qaydalara uyğun şəkildə məktəblərin fonduna daxil edilməsini və səmərəli istifadəsini təmin edir;
- dərslik fondunun yaradılmasına, yeniləşdirilməsinə, qorunmasına və ondan istifadə olunmasına dair tədbirləri həyata keçirir.
- valideyn-müəllim assosiasiyaları ilə birlikdə dərsliklərin seçimini aparır;
- tədris ilinin sonunda dərsliklərin fonda qaytarılmasını, istifadə müddəti başa çatmış dərsliklərin təlimata uyğun olaraq silinməsini təmin edir;
12. Xüsusi anlayışlar
Kurrikulum - təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
Tədris planı (kurrikulumun tərkib hissəsi) - hər bir sinif üzrə fənləri və onların tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarını göstərən sənəd.
Tədris proqramı (kurrikulumun tərkib hissəsi) - hər bir fənn üzrə mənimsənilməli bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini müəyyən edən sənəd.
Dərslik - konkret fənn üzrə tədris planı və proqram əsasında hazırlanmış nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsait.
Variativ dərsliklər - ayrı-ayrı müəlliflərin (müəllif qrupunun) vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıqları müxtəlif dərsliklər.
Dərs vəsaiti - konkret fənn üzrə tədris proqramına uyğun hazırlanmış, dərslikdə verilən biliklərin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edən vəsait.
Nəşriyyat - əlyazmaların mətnini redaktə, yığım, korrektura, bədii və texniki tərtibat proseslərindən keçirməklə onları dövrü və ya qeyri-dövrü nəşrlər şəklində hazırlayan və çap edən yaradıcılıq müəssisəsi.