Quba-Xaçmaz RTİ- nin birgə təşkilatçılığı ilə "Od çərşənbəsi"nə həsr olunan konserti keçirilib
AzTehsil.com xəbər verir ki, dünən Siyəzən şəhərinin Bayraq Meydanında Siyəzən Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Od çərşənbəsi"nə həsr olunan "Sehrli Novruz" adlı möhtəşəm bayram konserti keçirilmişdir.
Bayram konsertində Siyəzən rayonu üzrə Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin təqdimatında milli adət-ənənələrimiz, milli mətbəximizi özündə əks etdirən sərgilər təşkil olunmuşdur. Daha sonra Quba və Siyəzən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin və Xaçmaz rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinin şagirdlərinin maraqlı çıxışları nümayiş etdirilmişdir.
Bayram konsertinin təşkil olunmasında məqsəd Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı, habelə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır.