Qabaqcıl təcrübə / Pedoqojitəcrübə
17 may 2016
10 294


Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsiQabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması. Ən yaxşı məktəb və müəllimlərin iş təcrübəsinin öyrənilməsi, qabaqcıl müəllim-pedaqoqların nailiyyətləri əsasında təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi təhsili idarəetmə orqanlarının, xüsusilə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin həmişə diqqət mərkəzində durmalıdır. Bu məsələ ölkəmizdə təhsil sahəsində köklü islahatların, xüsusilə məzmun islahatlarının həyata keçirildiyi bir vaxtda xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. Müşahidələr və müvafiq sənədlərin təhlili göstərir ki, qabaqcıl pedaqoji təcrübə anlayışı ilə bağlı vahid fikir yoxdur. Əslində qabaqcıl təcrübə geniş mənada müəllimin peşəkarlığı, onun  ustalığı mənasında başa düşülməlidir. Belə müəllimlərin iş təcrübəsinin tətbiqi hələlik pedaqoji ustalığa yiyələnməmiş, gənc müəllimlər üçün daha faydalı və qiymətlidir. Ona görə də yaradıcı axtarışı, yeniliyi, orijinallığı, novatorluğu ilə seçilən təcrübənin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi və tətbiqi ilk planda durmalıdır.
Qabaqcıl pedaqoji təcrübə necə öyrənilməlidir? Bu işdə ilk addım təcrübənin aşkar edilməsidir. Metodik kabinetin, təhsil şöbəsinin əməkdaşları və məktəb rəhbərləri təcrübəsi öyrəniləcək müəllimin təcrübəsinin öyrənilməyə layiq olub-olmamasını yalnız onun dərslərində və sinifdənkənar tədbirlərində iştirak etdikdən sonra müəyyənləşdirə bilərlər. Sonrakı mərhələ bir neçə meyar əsasında təcrübənin qiymətləndirilməsi ola bilər. Qiymətləndirmədə aşağıdakılar nəzərə alınır:
·                    təlim-tərbiyə prosesinin effektliliyi, müsbət nəticələrin əldə edilməsi;
·                    həmin nəticələrin əldə edilməsi üçün müəllimin səmərəli metodlardan istifadə etməsi;
·                    bu təcrübənin yayılmasının digər müəllimlər üçün əhəmiyyətliliyi;
·                    həmin təcrübədə orijinallıq, yaradıcılıq, novatorluq elementlərinin olması.
Əgər metodik kabinetin əməkdaşları və məktəb rəhbərləri təcrübəni qiymətləndirib onun maraq doğurduğu nəticəsinə gəlirlərsə, sonrakı mərhələyə kifayət qədər inanılmış faktlar əsasında təcrübəni təfərrüatı ilə öyrənməyə başlaya bilərlər.
Müşahidələr göstərir ki, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində çatışmazlıq və problemlər mövcuddur. Qabaqcıl təcrübəyə dair materiallar heç də həmişə məktəb pedaqoji şuralarında, metodbirləşmə yığıncaqlarında müzakirə edilmir. Bəzi metodik kabinetlərin qabaqcıl iş təcrübəsinə dair hazırladıqları materiallarda çox zaman təsvirçiliyə, sözçülüyə daha çox yer verilir, bu təcrübənin elmi-praktik əhəmiyyəti açılmır. Bəzi hallarda isə təcrübəsi öyrənilmiş məktəb və müəllimlərlə sonradan işin davam etdirilməsi unudulur, pedaqoji mühazirələrdə, ixtisasartırma kurslarında onların çıxışları təşkil edilmir. Ona görə də təcrübənin obyektində müəllimin bütün iş sistemi, yaxud onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri, təlim və tərbiyə prosesində səmərəli metodlardan istifadə edilməsi dayanmalıdır. Müəllimin iş sistemini öyrənərkən  ilk növbədə onun pedaqoji fəaliyyəti ilə dərindən tanış olmaq lazımdır. Tanışlıq zamanı aşağıdakı göstəricilərə diqqət yetirilməsi vacibdir:
·                    müəllimin  peşə ustalığı, elmi-nəzəri və metodik hazırlığı ilə tanışlıq;
·                    pedaqoji nailiyyətləri, interaktiv, fəal təlim metodlarını və yeni pedaqoji texnologiyaları səylə öyrənib öz işində tətbiq etməsi;
·                    dərslərə və sinifdənkənar tədbirlərə hazırlaşması və onların keçirilməsi (gündəlik dərs planı, əlavə ədəbiyyatlardan istifadə edilməsi, materialın seçilməsi və düzgün paylanması, metodların seçilməsinin məqsədəuyğunluğu);
·                    işə yaradıcı münasibəti, təşəbbüskarlığı, yenilikçilik xüsusiyyətıəri;
·                    bir və bir neçə mövzu üzrə silsilə dərslərin dinlənməsi;
·                    sinifdənxaric tədbirlərdə iştirak, valideyn və ictimaiyyətlə işin təşkili təcrübəsinin öyrənilməsi;
·                    şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətinin və onların tərbiyəlilik səviyyəsinin təhlili və qiymətləndirilməsi;
·                    rayon (şəhər) və respublika səviyyəli pedaqoji müsabiqələrdə iştirak etməsi;
·                    fənn metodbirləşməsinin işində fəal iştirakı, faydalı təklif və mülahizələr irəli sürməsi;
·                    müvafiq fənnə dair metodik tövsiyələrin, fənn proqramlarının və dərsliklərin hazırlanmasında iştirakı və pedaqoji təkliflərlə mətbuatda çıxış etməsi.
Bu göstəricilərin sayını artırmaq da olar. Özlüyündə bu faktlar "çiydir", onları sistemə salmaq, müəllimin nailiyyətini açmaq, təhlil etmək lazımdır. Faktların təhlili sonrakı mərhələdə - təcrübənin ümumiləşdirilməsi mərhələsində aparılır. Ümumiləşdirmə prosesində ayrı-ayrı fakt və hadisələrin təhlili əsasında nəticələr çıxarılır. Qabaqcıl təcrübənin təhlili və ümumiləşdirilməsinin əsas məqsədi müvafiq qaydalar əsasında  müəllimin müsbət nəticələrə necə nail olmasını müəyyənləşdirməkdir. Qabaqcıl pedaqoji təcrübənin təhlili və ümumiləşdirilməsi müxtəlif elmi səviyyələrdə aparılmalı, empirik nəticədən başlayaraq pedaqoji hadisələrin dərin və qarşılıqlı əlaqələrinin açılmasına imkan yaradan ciddi tədqiqaçılıqla  başa çatmalıdır.
Məktəb təcrübəsində müəllimlərin qabaqcıl təcrübəsi ilə tanış olmağın müxtəlif formalarından istifadə edilir. Bunlara pedaqoji mühazirələr, elmi-praktik konfranslar, seminarlar, qabaqcıl təcrübəyə dair sərgilər, müəllimlərin məruzələrindən ibarət məcmuələrin, albomların nəşri və s. daxildir.
Qabaqcıl pedaqoji təcrübənin yayılması və tətbiqinin ən səmərəli formalarından biri qabaqcıl təcrübə (istinad) məktəbləridir. Hazırda dayaq məntəqələrində qabaqcıl pedaqoji təcrübənin yayılması üçün geniş imkanlar açılmışdır. İstinad məktəblərinin təcrübəsi göstərir ki, müəllim öz təcrübəsi haqqında yığcam şəkildə məlumat verir, təcrübəsini təlimin texnoloji vasitələri ilə nümayiş etdirir, dinləyicilərin suallarına cavab verir, müxtəlif məsələlər üzrə müəllimlərlə və metodik kabinetin əməkdaşları ilə fikir mübadiləsi aparır.
Qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsinin yekunu onun təcrübədə tətbiqidir. Elmin nailiyyətlərinin praktikaya tətbiqi məsələsi vaxt tələb edir. Başqa elmlərə nisbətən pedaqogika sahəsində yeniliyin nəticəsi çox gec görünür. Elmi bilikləri müəllimlər arasında geniş təbliğ etmək, elmi tədqiqatların nəticələri əsasında bütün ixtisasartırma sistemini təkmilləşdirmək, qabaqcıl təcrübə məktəbləri (istinad məktəbləri)  vasitəsilə   müəllimlərin təcrübəsinin yayılmasını təşkil etmək, əlbəttə, vaxt tələb edən prosesdir. Burada tələsmək, təcrübəni səthi öyrənib yaymaq işə xeyirdən çox ziyan verə bilər.
Bu məqalədə metodik xidmətin təşkilinin yalnız bir neçə formasını işıqlandırmağa çalışdıq. Respublikamızda təhsil islahatının həyata keçirildiyi bir vaxtda metodik kabinetlərin görəcəyi işlər həddindən artıq çoxdur və bu vəzifələr qeyd etdiyimiz kimi  Əsasnamədə dəqiq və aydın şəkildə göstərilmişdir. Gələcəkdə imkan daxilində həmin məsələlərdən də söhbət açmağa çalışacağıq.
"Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında" kollegiyanın qərarında rayon (şəhər) təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin daha da səmərəli təşkili, metodistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların "öyrədənlər" kimi hazırlanması, metodik kabinetlərin resurs mərkəzinə çevrilməsi, müəllimlərlə aparılan metodik xidmətin təkmilləşdiriılməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə və respublikada təhsilin inkişaf meyilləri nəzərə alınmaqla hazırda bu istiqamətdə işlər davam etdirilir. 






Загрузка...