Xəbərlər, Psixoloq, Valideyn
02 dekabr 2017
2507

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Kiçik yaşlı uşaqla valideyn nisbətən asanlıqla yaxın münasibət qura bilir, bu dövrdə nadir hallarda soyuqluq yaranır. Məktəbəqədərki və aşağı məktəb yaşları dövründə uşaq-valideyn münasibətləri kifayət qədər sakit keçir: valideynlər hökmdar, uşaqlar isə təbəələridir, atalar və analar qanunlar verir, uşaqlar isə itaətkarcasına icra edirlər.


Budur, uşaqlar 12-13 yaşına gəlib çatırlar, uşaq-valideyn münasibətləri kəskin şəkildə dəyişir. Bu yeni dövr 17 və 18 yaşına kimi davam edir. Hər iki tərəfdə narazılıq artır, bağlılıq hissi yadlaşma hissinə qarışır. Yeniyetmələr böyüklərə irad tutmağa, tənqidin müxtəlif formalarına əl atmağa başlayırlar. Onlar çox vaxt əsəbi və tərs olurlar. Ailədəki vəziyyət yeniyetmələrin istəyinə daha uyğun gəlmir, onların səbrsizliyi və müstəqilliyə can atması valideynlərlə onlar arasında nifaqa gətirib çıxarır.


Əgər diqqətlə nəzər yetirsək, həyatın ən çətin mərhələsi, təlim- tərbiyə nöqteyi-nəzərindən, bu dövrə düşür. Mütəxəsislər yeniyetməlik dövründə uşaqlarda xeyli xarici və daxili dəyişiliklərin baş verməsi səbəbindən, onu keçid dövrü adlandırırlar.


İlk növbədə fiziki inkişafda dəyişikliklər gedir: səsin tempi dəyişir, böyun böyüməsi sürətlənir, cinsi hormonların ayrılması baş verir. Fiziki dəyişikliklərlə eyni vaxtda intelektual fəaliyyətdə də əhəmiyyətli irəliləyişlər müşahidə olunur: hisslər coşğun şəkildə güclənir, yeni meyllər və tələbatlar ortaya çıxır. Yeniyetmə özünü sanki başqa aləmdə hiss edir, ürəyinin dərinliyində hələ uşaqlıq dünyasına mənsubluğunu saxlayaraq, özü haqqında aydın təsəvvürü itirir. Bu hal cinsi yetişkənlik dövrünə kimi davam edir. Yeniyetmələr hələ yetkin kişi və qadın olmasalar da, artıq balaca oğlan və qız da deyillər. Onların davranışında böyüklərdə olduğu kimi məqsədə çatmaqdan ötrü inadkarlıq və sabitlik yoxdur. Onlar gah öz otaqlarına çəkilb, hamıdan gizlənir, gah da qonşu uşaqlar və dostları ilə əylənirlər. Bir halda süstlüyü dəf edib, çox sadə bir işə - əl-üzü yumağa gücləri çatmır, digər halda isə hansısa bir işi görməkdən ötrü özlərini şövq və coşğunluqla irəli atırlar.


Yeniyetməlik yaşında həmçinin öhdəsindən gəlmək mümkün olmayan bir arzu ortaya çıxır – böyük kimi görünmək, böyüklərdən kiməsə oxşamaq. Bu arzu ona gətirib çıxarır ki, yeniyetmə kobudluq etməyə, hər şeydən əsəbləşməyə başlayır. O, çalışır ki, ətrafdakılar ona tabe olsunlar, lakin eyni zamanda başqa insanların mülahizəsinə qulaq asmaq da istəmir.


Valideynlər yaxınlaşmaqda olan cinsi yetişkənlik dövrünün xüsusiyyətlərini əgər nəzərə alırlarsa və uşaqlarla münasibətlərini, böyümüş yeniyetmələrə öz təşəbbüsü olmayan balacalar kimi baxmayan, etibarlı təlim-tərbiyə prinsipləri əsasında qururlarsa, onların öz uşaqlarının fiziki və əqli inkişafında nailiyyətlər əldə etməsindən ötrü bütün şansları vardır. Əgər atalar və analar böyüməkdə olan uşaqlara münasibətdə dəyişikliklərin zəruriliyini dərk edib, metodiki göstərişlərə əməl edəcəklərsə, onların şübhələrin boş səhrasında gəzməsinə ehtiyac olmayacaqdır. 


Tərbiyənin bu aspekti bir halda ki, olduqca vacibdir, biz valideynlərin diqqətinə aşağıdakıları çatdırmaq istərdik:


1. Yeniyetmələrin əhval-ruhiyyəsi izahı həmişə mümkün olmayan qəfil dəyişə bilər. Onların əhval-ruhiyyəsi sabit olmur, ruhi vəziyyətləri isə bəzən mövcud vəziyyətdən həm ümumi narazılıq, həm də daxili narahatlıq ilə səciyyələnir. Yeniyetmənin hətta özünə qarşı tələbi də bir mənalı deyil, dəyişkəndir, onun inkişaf etməkdə olan təxəyyülü şübhələrdən tutqunlaşmışdır. O, çox vaxt nə istədiyini özü də bilmir. Yeniyetmə özünü tənha və atılmış hiss edir, bu hal onu kənarda özünə dost və məsləhətçi axtarmağa məcbur edir. Yeniyetmənin məqsədləri, düşüncələri və hissləri uşaqlıq dövründə keçirdiklərindən kəskin şəkildə fərqlənir. Bir az bundan qabaq markalardan kolleksiya düzəltmək ona sevinc gətirirdisə, indi bu həzz mənbəyinə qarşı tamamilə biganədir, hətta bu onda ikrah hissi yaradır. Yaşıdları ilə küçədə qaçan oğlanı və ya gəlinciyi ilə oynayan qızı yeniyetməlik dövründə daha ciddi məsələlər özünə cəlb edir. Onları intelektual məşğələlər daha çox maraqlandırır.


Uşaqların yeni inkişaf fazasına daxil olduğunu etiraf edən valideynlər, onları mümkün psixoloji əzablardan qorumaqdan ötrü bütün öz biliklərini və təcrübələrini ortaya qoymalı və onlara kömək əllərini uzatmalıdırlar. Valideynlər ilk növbədə yeniyetmələrlə qarşılıqlı anlaşmaya nail olmalı, onlarla nəzakətlə, dostcasına onları narahat edən problemləri və keçirdikləri hissləri müzakirə etməli, onların daxili aləminə maraq göstərməlidirlər.


Hörmətli valideynlər, yeniyetməlik dövrünə qədəm qoymuş övladlarınızla yaxın dost və başa düşən yoldaş olun, çətin anlarda onlara dəstək olun, ağıllı və gərəkli məsləhətlər verin, onları istiqamətləndirin və rəhbərlik edin, asudə vaxtı bir yerdə keçirin, onlarda elmin müxtəlif sahələrinə maraq yaradın, peşə seçəndə və ya hər hansı fəaliyyətlə məşğul olanda onları təcrübəli nüfuzlu mütəxəssislərlə tanış edin, etibarlı məsləhətçi və köməkçi olun! Ağıllı mürəbbiliyin, həqiqi dostluğun nəticəsi odur ki, uşaqlar şübhələr, çətinliklər, tənhalıq dövrünü rahat keçirərək həyatın ləyaqətli və ləyaqətli olmayan yolları arasında düzgün seçim edirlər. Yeniyetmələr nə qədər istedadlı, qabiliyyətli və güclü olsalar da, öz həyatlarının təhlükəli böhranlı dövrünü aşmaqdan ötrü onların daha təcrübəli insanların, valideynlərin məsləhətinə ehtiyacları vardır.


2. Yeniyetmələr hər şeyi dərk etmək istəyirlər. Bu dövrdə dərketmə funksiyası və intelekt, xüsusən də yaddaş və təxəyyül intensiv inkişaf edir. Onların fərdiyyəti özünü daha çox göstərməyə başlayır, onlar çox vaxt yerli-yersiz olaraq "mən”əvəzliyini işlədirlər. Onlar yüksək diqqətlə öz xarici görkəmlərinin, geyim və saçlarının quruluşunun qayğısına qalırlar. Valideynlər bu halla hesablaşmalı və yeniyetməni tənqid etməməlidirlər. Özünü düşünmə prosesi bəzən özünü yüksək qiymətləndirməyə gətirib çıxarır. Yeniyetmələr başqa adamların onlardan üstünlüyü ilə barışmır və həmişə öz dediklərində inadkar olurlar.


Yeniyetmələr xəyalpərəstdirlər. Öz daxili aləmlərinə qərq olmaq, həyəcanlardan həzz almaq qabiliyyəti əldə edən gənc xəyalpərəstlər çox vaxt özlərini oxuduqları kitabların qəhrəmanlarının yerində təsəvvür edirlər. Onlar təxəyyül qanadlarında buludlar üzərində uçaraq, reallıq dünyasından fantaziya və mücərrədlik səltənətinə keçirlər.


Uşaq keçid dövrünə qədəm qoyanda,valideynlər bu dövrün çətinliklərini dəf etməkdə ona kömək etməlidirlər. Onlar ilk növbədə öz əməllərinə diqqət yetirməlidirlər: öz davranışlarına nəzarət etməli, xeyirxah və mərhəmətli olmalı, müxtəlif problemlərin müzakirəsi zamanı ağıllı, səmərəli mövqedə durmağa səy göstərməli, onlarla ünsiyyət zamanı kobudluq və lüzumsuz ciddilikdən qaçmalı, başqalarının qarşısında uşağın ləyaqətini alçaltmamalıdırlar. Onda yeniyetmə valideynin məntiqi izahını qəbul edəcək və onun tələblərinə tabe olacaqdır. Böyüklərin sözünün yeniyetmə tərəfindən qəbul olunmasından ötrü bu onun ürəyinə toxunmalı, valideynin qəlbinin dərinliyindən gəlməlidir.


Yeniyetmələrin tərbiyəsi zamanı aşağı yaş qrupundan olan uşaqlara tətbiq olunan metodlardan istifadə edilə bilməz. Onların bu və ya digər problemlərlə bağlı sizin məsləhətinizə ehtiyacları vardır. Əgər böyüklər yeniyetmələrə hörmətlə yanaşır və onları məhz bu mövqedən tərbiyə edirlərsə, bununla da uşaqlarının onlara qarşı hörmətini qoruyub saxlamış olurlar. 


Valideynlər həmçinin yeniyetmələrin əsaslandırılmış qanuni tələblərini qəbul etməyə və yerinə yetirməyə, onların zəruri tələblərini ödəməyə hazır olmalı və imkanları daxilində uşaqların istirahəti, əyləncə və təhsili üçün zəruri imkanlar yaratmalıdırlar. Valideynlər öz gücləri və qabiliyyətləri daxilində uşaqların suallarına cavab verməyə və hər şeyi bilmək həvəsini ödəməyə səy göstərməli, biliyə həvəslərini təqdir və təşviq etməli, müxtəlif maraqlarının formalaşmasına imkan yaratmalı, həmçinin ata və ananın nüfüzuna ehtiram göstərməyi tərbiyə etməlidirlər. Valideynlərə hörmət və itaət mənəviyyat və yaxşı davranışın əsasını təşkil edir.

 

Yeniyetmələr bunu dərk edərsə, onlar xoşbəxt gələcəyə qapı açmış olar və bununla da özlərini yollarına çıxan bir çox çətinliklərdən qoruyarlar. Uşağın qəlbinin dərinliklərinə daxil olmuş valideyn məhəbbəti onu mənəviyyatsızlıq və əxlaqsızlığın zəhərli oxlarının öldürücü təsirindən qoruyan sipər olacaqdır. Əlbəttə, bu vacib məqsədə çatmaq valideynlə yeniyetmənin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də yeniyetmə elə tərbiyə olunmalıdır ki, böyüklərə qarşı nəzakət, mülayimlik, ehtiram onun üçün təbii hal olmalıdır.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...