AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
24 noyabr 2017
4 432


FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR



FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Heç bir ixtira çapçılıq işi yaranandan bəri, biliklərin yayılmasında kinematoqrafiya, televiziya və internet kimi rol oynamamışdır. Dünyanın ən uzaq və qapalı ərazilərinə biliklərin çatdırılmasında onlardan səmərəli vasitə yoxdur. Çəkiliş və "hərəkət edən şəkillər”in proyeksiyası üçün 1895-ci ildə ilk kinoaparatı ixtira etmiş Lümer qardaşlarının adı, şübhəsiz ki, ehtiramla yad edilməlidir.

 

Bir çox ölkələrdə müəllimlər tarixi hadisələri, elmi problemləri və sosial məsələləri izah etməkdən ötrü tədris prosesində tele -, kino – və videofilmlərdən geniş istifadə edirlər.


Bizim uşaqlar mədəniyyətin yeni forması olan televiziyanın, internetin mövcudluğu şəraitində dünyaya gəlmiş və böyümüşlər. Bu onların həyatının ayrılmaz hissəsinə çevrilmiş, ekran qarşısında keçən vaxtların sayı isə əhəmiyyətli dərəcədə artmışdır. Valideynlər üçün televizordan dayə kimi istifadə etmək kimi şirnikləndiriçi şeydən imtina etmək bəzən çətin olur. Uşaqlar üçün televiziya az qala ən böyük aludəyə çevrilmişdir.


Uşaqların monitor qarşısında uzun müddət vaxt keçirmələri bəzən bu və ya digər verilişə olan maraqdan deyil, yoldaşlarının izlədiyi proqramları nəzərdən qaçırmamaq həvəsindən də irəli gəlir.


Şübhəsiz, kino və televiziya dünyagörüşün genişlənməsində əhəmiyyətli rol oynayır. Onun uşaqlara tərbiyələndirici təsiri də böyükdür. Onların köməkliyi ilə dərk etmə prosesi sürətlənir. Lakin film seçimində uşaqlar başlı-başına buraxılanda, onlar asanlıqla mötədillik həddini aşır və bu zaman kino və tele filmlər təhsil vermək, dünyagörüşünü genişləndirmək əvəzinə, onlara yalnız ziyan gətirir. Bir çox tədqiqatçılar və tərbiyəçilər əxlaqi baxımdan zərərli olan filmlərə baxmağın "əhəmiyyətini” və onların uşaqları mütaliə və məktəb dərslərindən ayırdığını valideynlərə xəbərdarlıq edirlər.


Kino və televiziya uşaqların inkişafına necə təsir göstərir?

 

Aşağıda verilmiş nəticələr kinonun uşaqlara təsirini öyrənən tədqiqat işlərinin ümumiləşdirilmələri əsasındadır. Onların bir çoxu televiziyaya münasibətdə də tətbiq edilə bilər.


1. Uşaqlar kinoya çox zaman tək və ya yoldaşları ilə baxırlar. Ona görə də filmləri onlar öz zövqlərinə uyğun olaraq seçirlər. Əgər valideynlər uşaqların baxdığı filmlərin mövzularına nəzarət etmirsə, onda uşaqlar ya bütün filmlərə fərq qoymadan bir-birinin ardınca baxır, ya da onların mənəvi inkişafına ziyanlı olan filmləri seçirlər.


2. Nəzarətsiz qalmış uşaqlar saatlarla TV və internetlə vaxt keçirir, çox vaxt eyni filmə bir neçə dəfə baxırlar. Uzun müddət boğanaq yerdə oturmaq, əlbəttə, uşaqların sağlamlığına zərərlidir.


3. Uşaqlar döyüşkən, dedektiv, cəsuslardan, oğrulardan, cəngavərlərdən və s. bəhs edən filmlərə baxmağa üstünlük verirlər. Uşaqlar arasında bilik artıran, psixoloji, mənəviyyat mövzusunda filmlərə baxanların sayı çox aşağıdır. Uşaqlara böyüklər tərəfindən film seçimində yardım olmayanda, nə baş verdiyini öyrənən doktor Sternbüber aşağıdakı nəticələrə gəlmişdir:


a) əyləndirici filmlər uşaqları həyatı səthi qavramaya öyrədir; onları passiv və intelektual baxımdam tənbəl edir;

 

b) başqalarının davranış və hərəkətlərinin təsirinə güclü məruz qaldığına görə uşaqların şəxsi enerjisi və yaradıcı qüvvəsi zəifləyir;

 

c) cəlbedici və əyləndirici planda olan verlişlərə baxarkən, uşaqlar mümkün qədər az zehni qüvvə sərf edirlər. Bu da onların dərk etmək səviyyəsini aşağı salır, qavramanın kəskinliyini və məntiqi təfəkkür qabiliyyətini azaldır;

 

ç) onların xasiyyətində tədricən yalan və niyyətini gizli saxlamaq üstün gəlməyə başlayır, uşaq mənasız vaxt keçirmək vərdişi əldə edir;

 

d) mənəvi səviyyəsi aşağı olan filmlər uşağın mənəvi təməlini dağıdır, onu təcavüzkarlığa öyrədir, onu mənəviyyatsız hərəkətlərə təhrik edir;

 

e) bu cür filmlər uşağın sağlamlığına mənfi təsir göstərir; görmə qabiliyyətini aşağı salır, sinir sistemi zəiflədir, müxtəlif cür boğaz-burun xəstəliklərinə həssaslığını artırır.


Bir çox tədqiqatçılar hesab edir ki, aşağı səviyyəli filmlər mənəviyyatsızlığı şəxsiyyətin qanuni davranışı kimi təqdim etdiklərinə görə ictimai və sosial şərin daşıyıcılarıdır. Bu səbəbdən emosiyaların hələ əqlə üstün gəldiyi, mənəvi əsasları çox da möhkəm olmayan, əxlaqi davranışları isə vəziyyətdən asılı olaraq dəyişən uşaqlar və yeniyetmələr çox vaxt filmdəki mənfi obrazlarda öz qəhramanlarını tapırlar. "Qəhrəman”ın hərəkətləri seyrçiləri hər dəfə heyrətə gətirib, həyəcanlandırdığı üçün yeniyetmələrdə ona qarşı rəğbət hissini gücləndirir. Onlar öz qəhrəmanlarına bənzəməyə çalışırlar.


Məlumdur ki, porno film məhsulları uşağı mənəvi kamilliklər və insani xeyirxahlıqlar yolundan sapdırmaq və qanunu pozma, zorakılıq və qanunlara tabe olmamaq yoluna itələməklə gözə çarpan dərəcədə ziyan vurur. Tanınmış tədqiqatçı Plas kinematoqrafın uşaqların inkişafına təsirindən bəhs edən özünün məşhur əsərində göstərir ki, genital seksuallığın artıq özünü göstərməyə başladığı cinsi yetişkənlik yaşına çatmış yeniyetmələr tez-tez erotik və pornoqrafik filmlərə baxmaqla, asanlıqla pozğunluq bataqlığında bata bilərlər. Sirr deyil ki, pornobiznes qarşısına müəyyən sort insanların heyvani instiktlərini təmin etmək hesabına pul qazanmaq məqsədini qoymuşdur. Nəticə etibarı ilə bu cür filmlər yeniyetmələrin şəxsiyyətinin deformasiyasına gətirib çıxarır.


Ona görə də, valideynlər və müəllimlər məsuliyyətli olmalı, uşaqların hansı filmlərə baxdığını diqqətlə izləməli, yeniyetmələr üçün filmlərin seçilməsinə rəhbərlik etməlidirlər.


Əlbəttə, uşaqlar filmlərə baxmaq ləzzətindən tamamilə məhrum edilə bilməzlər. Bu hər halda faydalı ixtiradır. Lakin valideynlər uşaqları filmlərlə bağlı riskdən qorumalıdırlar.


Valideynlər aşağıdakılara xüsusi diqqət yetirməlidirlər:


1. Uşağa film və ya multfilmə baxmağa icazə verməmişdən əvvəl, filmdəki səhnələr haqqında məlumat əldə etməyə çalışın. Mümkün olarsa, həmin filmə əvvəlcə özünüz tək baxın. Yalnız onu ziyansız hesab etdiyiniz halda uşağı həmin filmə baxmağa icazə verin. Ziyan deyərkən yuxarıda sadaladıqlarımızdan əlavə, şiddət, bir-birini incitmə, nalayiq sözlər, kobudluq və s normal bir şey kimi göstərən film və multfimlərdən də qaçın. Filmi qiymətləndirərkən, unutmayın ki, valideyn zövqü – nümunə deyildir və sizin üçün ziyansız olan film, yuxarıda qeyd edilən səbəblərə görə uşağınız üçün tamamailə yararsız ola bilər.


2. Uşaqlarınızın eyni filmə dəfələrlə baxmalarına icazə verməyin. Televerlişlərin və kinofilmlərin izlənməsi məhdudlaşdırılmalıdır, belə ki, vaxtın bu formada keçirilməsi, uşağı sağlam hərəkətli istirahətdən ayırır.


3. Uşaqlarınızı təşviq edin ki, onlar idraki, tarixi, elmi-populyar filmlərə baxsınlar. Bu onlara dünyagörüşlərini və təcrübənin sərhədlərini genişləndirməyə, bir çox həyatı vəziyyətlərlə tanış olmağa imkan vercəkdir.


Yaxşını pisdən ayırmağı bacaran, kiminsə "bu belədir” və ya "bu belə deyil” məsləhətinə ehtiyac duymayan yeniyetmələrə gəldikdə isə, narkotik maddələrdən və alkoqollu içkilərdən özlərini qoruduqları kimi, onlar qəti şəkildə və tam dərk etmə ilə onların xarakterinə, mənəviyyat və psixoloji statusuna ziyan gətirən filmlərə və televerlişlərə baxmaqdan da özlərini çəkindirməlidirlər.


Burada danışdıqlarımız olduqca əhəmiyyətlidir və əgər bu məsləhətlər praktikada öz tətbiqini taparsa, onlar uşaqların inkişafına müsbət təsir göstərəcəkdir.




Загрузка...