DANIŞIQ MƏDƏNİYYƏTİ
İnsan sözə başlamadan əvvəl fikirləşməlidir:
1. Nə danışıram? 2. Niyə danışıram? 3. Kimə danışıram?
Bundan sonra insan öz fikrini müəyyən istiqamətdə, tərzdə və xüsusi ifadə şəkli ilə izah edə bilər. Nə danışdığını bilməyən, mənasız danışan və kimə danışdığını bilməyən (deyinən) adama kimsə qulaq asmaz.
Bir şey izah edərkən danışanın çox vaxtı, təkrar oxuma və düzəltmə imkanı olmaz. Buna görə üsuluna uyğun və təsirli nitq söyləmək eyni mövzu yazı yazmaqdan daha çətindir. Gözəl və təsirli danışmaq nə qədər çətin olsa da aşağıda göstərilən qaydalara riayət etmək, yanlışlardan çəkinmək və mövzu ilə əlaqədar qaynaqları və nümunələri araşdırmaqla daha yaxşı və uğurlu bir nitq söyləmək olar.
Dinləməyi öyrənmək vacibdir. Qarşıdakını dinləməyi (sizin əleyhinizdə danışıldıqda belə) bacarmaq böyük qabiliyyətdir. Başqaları danışarkən dinləməsəniz, siz danışarkən dinləməyi tələb etməyə haqqınız olmaz.
Yerə, zaman, vəziyyətə və qarşıdakı insana uyğun mövzu seçin və boş danışmayın. Xəstə yanında bazardakı bahalıqdan söz etmək, futbolu sevməyənə futboldan bəhs etmək, itmiş əşyasını axtarana dünən başınıza gələn əhvalatı danışmaq və s. mənasızdır.
Danışıq bir təqdimat və ya konfransda olarsa, əvvəlcədən ona uyğun hazırlıq aparılması və danışığın planlaşdırılması şərtdir.
Düşündüklərinizin hamısını söyləməyin, amma söylədiklərinizin hamısını əvvəlcədən düşünün. Söyləyəcək sözünüz olmadığı zaman susmağı bilin.
Sizi dinləyən adama dəyər verin, hörmətlə yanaşın və özünüzdən çox bəhs etməyin (öyünməyin).
Sözü mənasız yerə uzatmayın. Çatdırmaq istədiyiniz fikri mümkün qədər qısa və aydın tərzdə (lakonik) ifadə etməyə çalışın. Uzun ifadələr səbrin daşmasına və əsas mövzunu anlamamağa səbəb ola bilər.
Ətrafınızdakılara tez-tez nəsihət verməyə çalışmayın. Sizin fikriniz soruşularsa, uyğun cavab verməyə çalışın.
Danışarkən kəlmə seçiminə, onları doğru söyləməyə (tələffüzə) və üsluba fikir verin. Söz bazanızı (lüğətinizi) genişlətməyə çalışın. Dar çərçivədə və təkrarlanan kəlmələrlə danışmayın. Sinonim (yaxın mənalı) sözlər arasındakı məna fərqinə də diqqət yetirin.
Ədəbi və mədəni bir dildə danışmağa çalışın. Mənasını tam bilmədiyiniz sözləri, argo – küçə ifadələrini və kobud sözləri işlətməyin.
Mümkün olduğu qədər dolğun ifadələr və mənalı cümlələr işlətməyə çalışın. Uzun cümlələrə hakim ola bilmirsinizsə, qısa cümlələrdən istifadə edin.
Unutmayın! Səs, insanın şəxsiyyətini əks etdirir. Yorğunluq, xəstəlik, qorxaqlıq, çəkingənlik, yekəxanalıq və s. kimi xüsusiyyətlər danışığınızda nəzərə çarpmamalıdır. Kobud, sərt, özündən razı və ya çox incə, fısıltılı, zəif səs dinləyənlərə tam təsir etməyə bilər.
Səsinizin tonunu duyğu və düşüncələrinizin xüsusiyyətinə görə nizamlayın. Monoton səs tonu ilə danışmayın, lazımi yerdə səs tonunuzu dəyişdirin. Vurğulara diqqət edin.
Danışan adamın nəfəs alması müsahibi tərəfindən hiss olunmamalıdır. Fikrini izah edərkən nəfəs vermə zamanı danışmağa vərdiş etmək lazımdır.
Danışıq zamanı jest və mimikadan – bədən, əl, üz-göz və baş hərəkətlərindən istifadə etmək üsluba ləzzət qatar. Amma bu hərəkətlər aşırı olmamalı, söz və ifadənin ahənginə uyğun olmalıdır.
Çox yüksəkdən və ya alçaqdan, sürətlə və ya çox yavaş danışmaq yaxşı deyil. Əsas odur ki, nitq aydın eşidilsin və sözlər tam tələffüz edilsin.
Yeri gəldikcə nümunə olaraq bənzətmə, məcaz, təzad, atalar sözü, məsəllər, lətifələr və s. yararlanmaq olar.
Danışan zaman ağızdan tüpürcək damcılarının ətrafa sıçraması, dodaqların dillə tez-tez isladılması və udqunma, öskürmək, əlavə səslər çıxarmaq yaxşı əlamət deyil.
Nitqdə başqa dillərdə olan və hamıya aydın olmayan terminlərdən istifadə etmək düzgün deyil. Müsahibiniz bu sözləri başa düşməyə və ya tam mənası ilə anlamaya bilər. Belə sözlərdən istifadə edilən halda həmin sözün ardınca onun izahı mütləq verilməlidir.
Bir neçə nəfər adam içində bir nəfərlə digərlərinin anlayamayacağı xarici dildə və ya qaş-göz hərəkətləri ilə danışmaq məsləhət deyil. Bu kənardakılara hörmətsizlik sayılır.
Danışarkən öz fikrinizin hamı tərəfindən qəbul edilməsinə çalışmayın. Başqalarının da fikrini eşitməyi və ona hörmət etməyi, qiymətləndirməyi bacarmaq lazımdır.
Danışarkən ağızdan qoxu gəlməsi, nəfəsin müsahibin üzünə verilməsi və ona həddindən artıq yaxın durmaq yaxşı deyil.
Çox aralı məsafədə olan adamların danışması da yaxşı deyil.
Danışarkən doğruluğuna əmin olmadığınız faktlardan və göstəricilərdən (nümunələrdən) istifadə etmək yaxşı deyil.
Gözəl danışıq qaydalarını qısaca yekunlaşdırmaq istəsəniz:
1. Dinləyin.
2. Az danışın.
Bu xüsusa diqqət edin:
Bir alimdən soruşmuşlar:
– Bir insanın zəka səviyyəsini haradan anlayarsınız?
– Danışığından.
– Əgər heç danışmazsa?
– O dərəcədə ağıllı insan yoxdur ki.
3. Çox az zarafat edin.
4. İncə təkliflər edin.
5. Dedi-qodu etməyin.
6. Öyünməyin.
7. Qarşıdakına dəyər verin.
8. Kobud və arqo sözlərə yer verməyin.
9. Söyləmə şəklinə diqqət edin.
10. Danışığınızı yerinə, zamanına və adamına görə edin.
11. Səmimilikdən uzaqlaşmayın.
12. Özünüzə güvənin. Rahat olun.
13. Sözü mənasız yerə uzatmayın.
14. Səs, mövzu və məna uyğunluğuna diqqət edin.