Bu il keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb.
Modern.az saytı ali məktəblərə qəbul olmuş jurnalist övladları ilə müsahibələrə davam edir. Bu dəfəki həmsöhbətimiz Fed.az saytının baş redaktoru, iqtisadçı jurnalist Əli Əhmədovun oğlu Cavidan Əhmədzadə oldu.
Cavidan Əhmədzadə 2002-ci il oktyabrın 17-də Bakıda anadan olub. Orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində başa vurub. Bu il keçirilən qəbul imtahanında 554 balla ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul olunub. Hazırda 1-ci kurs tələbəsidir
Cavidan, orta məktəbdə uğurlu göstəricilərin olubmu?
-Bilik olimpiadalarında, müsabiqələrdə iştirak etmişəm. Elə də böyük uğur qazana bilməsəm də, o yarışlarda iştirak etmək mənə stimul verib. Fikirləşirəm ki, gərgin hazırlıqlar mənə nələrisə qazandırıb. Ancaq ən yüksək göstəricim ingils dili üzrə İELTS 7 sertifikatını qazanmağım olub.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi mənə çox şey qazanmağımda kömək etdi. Burda hər bir şagirdə keyfiyyətli təhsil verilir. Bu liseyin özəlliyi sərt tələblərin olmasındadır. Ancaq yenə də biz bu liseyi və müəllimlərini çox sevirdik. Müəllimlərimiz həddən artıq məsuliyyətlidir. Hətta bazar günü bizi evlərinə çağırıb pulsuz dərs keçirdilər. Çünki qəbul imtahanları yaxınlaşdıqca, o məsuliyyəti öz üzərlərində hiss edirdilər. Bir məqsədləri vardı ki, hər bir şagird yüksək balla ali məktəblərə qəbul olunsun. Bugünkü nəticəmə görə, onlara borcluyam. Müəllimlərin əziyyət üzərimizdə çox olub.
Liseyin direktoru Kadir Bektaşoğlu o qədər sadə insandır ki, idman dərsində bizimlə futbol oynayırdı. Bu qədər səmimi bir ortamda təhsil almışıq. Hər dəfə bu liseyin qarşısından keçəndə qürur hissi duyuram ki, mən də bu məktəbin yetirməsiyəm.
Arıq bir həftədən çoxdur ki, ali məktəbə gedirsən. Tələbəlik həyatın necə keçir
Hələ ki həyəcanlı keçir. Universitetlə orta məktəb arasında böyük fərqlərin olduğunu görürəm. Fikirləşirəm ki, universitetdə daha ciddi bir ortam var. Dərs tələbatı daha böyükdür. Bu qayda-qanunlara və dərs yükünə uyğunlaşmağa çalışıram. Ancaq bütün bu situasiyalar mənə çətinlik yaratmır. Çünki hər bir tələbə bilməlidir ki, ali məktəb özü bir məsuliyyətdir. Əgər qəbul olunmuşuqsa, öz ixtisasımız üzrə layiqli bir kadr kimi yetişməyimiz üçün çoxlu oxumalıyıq. ADA Universitetində də təhsil ancaq ingilis dilində keçirilir. Yalnız bir məqsəd var, oxumaq, yenə də oxumaq
Bir tələbə olaraq təhsildən gözləntilərin nədir?
- Orta məktəblə müqayisə edərkən universiteti daha çox sevdim. Çünki burda birbaşa ixtisası öyrədirlər. Ancaq orta məktəbdə beyin fiziki olaraq bir çox fənlərə səpələnir. Burda isə bir məqsəd var, ixtisasını mükəmməl öyrənmək. İxtisasım biznesin idarəedilməsidirsə, təhsildən ən böyük gözləntim odur ki, gələcəkdə öz şəxsi biznesimi qurmaqdan ötrü, bu ixtisası mənə yetəri qədər həm sevdirməlidirlər, həm də öyrətməlidirlər.
- Məqsədə çatmaq uğrunda mübarizədə inadcılsan?
- Bəli. Xasiyyətim belədir, qarşıma bir məqsəd qoyuramsa, nəticəyə çatıram.
- Xaricdə təhsil almağa necə baxırsan? Belə bir arzun var?
- Əslində xaricdə təhsil almaq ən böyük məqsədlərimdən biridir. Ona görə ki, Azərbaycan təhsilindən daha perspektivlidir. Xaricdə təhsil alan tələbələrin dünyaya baxış tərzi, fikir və ideyaları daha fərqli olur. Bir sözlə, bəsitçilikdən və oxşarlıqdan uzaq olursan. Magistratura təhsilimi istərdim ki, iqtisadiyyat üzrə ya Almaniyada, ya da Hollandiyada alım. Bu ölkələrdə təhsil alanlar üçün iş vizası da verirlər. Bu da ona imkan yaradır ki, həmin ölkədə qalıb öz karyeranı arzuladığın səviyyədə qura biləsən.
- Deyirlər, hər bir tələbə öz istiqamətini əvvəlcədən müəyyən etməlidir. Bu fikirlə razılaşırsan?
- Tam da razılaşmıram. Şəxsən mən 3 il bundan qabaq öz ixtisasım barədə fərqli düşünürdüm. Özümü tamamilə başqa bir istaqamətə kökləmişdim. Ancaq indi bu ixtisası seçdim. Düşündüm ki, bu ixtisas mənə daha yararlı və təlabatlı olacaq. Əvvəlcədən nələrisə planlayanda, alınmır. Çünki həyat insana gözlədiyi nələrisə yox, özünün istədiyi şeyləri nəsib edir. Ona görə də heç nəyi əvvəlcədən bilmək olmur.
- İxtisas seçimində valideynlərinin təsiri olubmu?
- Əlbəttə, valideynlərin təsiri olmağı mütləqdir. Çünki onlar gələcəyi daha yaxşı görürlər və bizdən təcrübəlidirlər. Elə məni 2-ci qrupa valideynlərim istiqamətləndirdilər. Ancaq ixtisas seçimini özümə həvalə etdilər. İxtisası tam sərbəst olaraq özüm seçdim. Mənim istəyim valideynləriminki ilə üst-üstə düşdü.
- Jurnalist övladı olmaq necə bir hissdir?
- Atam kimi bir jurnalistin övladı olmaq mənə ancaq qürur hissi bəxş edir. O, müxtəlif məsələlərdə mənə yaxşı məsləhətlər verir. İndiyə qədər aldığım ən böyük qərarlarda birbaşa atamın dəstəyi var. O mənə doğru qərar seçməyimdə həmişə kömək göstərib. Mənə böyük motivasiya verib.
Ancaq özüm nə vaxtsa jurnalist olmağı fikirləşməmişəm. Düşünürəm ki, ailədə atamın jurnalist olmağı bəs edər.
Əslində jurnalistika yaxşı sahə olsa da, uğur qazanmaq hər kəsə nəsib olmur. Həm də düşünürəm ki, çətin sahədir. Atamı hər saat evdə tapmaq olmur. Uşaq vaxtı atama deyirdim ki, mən böyüyəndə elə bir iş seçəcəm ki, səndən fərqli olaraq, hər kəsə vaxt ayıra bilim. Çünki atam bizə vaxt ayıra bilmir. Bu məsələləri görəndən sonra jurnalist olmaq istəmədim. Məndə bir xasiyyət var, bacara bilməyəcəyim işin arxasınca getməyi xoşlamıram.
- Özünü hansı sahədə uğurlu kadr kimi görürsən?
- Gələcəkdə özümü biznes sahəsində görürəm. Biznes çoxşaxələdir. Ətrafa baxanda görürsən ki, hər şey özlüyündə bir biznesi təşkil edir. Təhsili bitirəndən sonra istəyirəm elə bir iş tapım ki, ən geci saat 6-da bitsin. Hətta konkret iş saatı olmasa, daha yaxşı olardı. İstədiyim odur ki, öz şəxsi biznesimi qurandan sonra ən yaxşı idarəçiləri cəlb edim, onlar çalışsınlar, mən də sərbəst saatlarda işə baş çəkim. Ən çox da marağım "startap”laradır. Mobil tətbiqlər üzrə, yaxud indiyə kimi olmayan biznes üzrə layihələr həyata keçirməyi çox istəyərdim. Hətta istəyərdim ki, restoran açım, yemək sahəsində bir biznes qurum.
- İstərdik atandan da sənə olan tövsiyəsini eşidək...
Əli Əhmədov: - Valideyn kimi ən böyük tövsiyəm odur ki, ilk növbədə vətəninə vicdanlı bir əsgər, ölkəsinə layiqli bir vətəndaş olsun. İstədiyim odur ki, arzularını reallaşdırsın. Çətinliklər olsa da, heç zaman bezib geri çəkilməsin. Hər zaman son qərarı özü versin. Ağlının və ürəyinin sözünə hər zaman qulaq assın. Təbii ki, hər bir valideyn üçün əsas məqsəd övladının təhsilidir. Mən də istərdim ki, övladlarım ən yaxşı təhsil alsın və ixtisası üzrə ixtisaslaşmış bir mütəxəssis olsun.