"Düşünürəm ki, növbəti ildən əcnəbi universitetin magistratura pilləsinə qəbul olunanlar da əsgər getməli olacaqlar. Buna əminəm”.
Bu sözləri xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev deyib. O, dünya universitetlərindən məzun olan azərbaycanlı tələbələrin ali təhsildən sonra üzləşdikləri bir sıra problemlərə toxunub. Diplomu Azərbaycanda tanınmayan tələbələrin isə boşuna pul xərclədiklərini bildirib:
"Xaricdə təhsilini başa vuran tələbələr bir sıra problemlərlə üzləşirlər. Bu, onların hansı ölkə və ixtisası bitirməyindən, eləcə də Azərbaycana geri dönmək istəyib-istəməməsindən asılı olaraq dəyişir.
Azərbaycana dönənlərin problem də az deyil. Məsələn, Ukrayna və Rusiyada təhsil alanların ən böyük dərdi elə diplomların tanınmasıdır. Onların diplomları burada tanınmır. Xarici ölkədə təhsil alıb, burada diploma tanınmayanlar isə sadəcə boşuna pul xərcləmiş olurlar”.
Ekspert təhsilini başa vurub ölkəyə qayıdan tələbələrin iş mühitində üzləşdikləri çətinliklərə aydınlıq gətirib:
"Türkiyə, Almaniyada təhsilini başa vuranların isə diplom tanınması kimi problemləri çox olmasa da, onlar qayıdıb burada işləyə bilmirlər.
Məsələn, kimsə Orta Doğu Texnik Universitetinin mühəndislik fakültəsini bitirib. Azərbaycanda Kənd təsərrüfatı Universitetini güc-bəla ilə bitirmiş adamın şöbə müdiri olduğu müəssisədə mühəndis kimi çalışmaq onun üçün çox çətin olur.
İş mühitinə uyğunlaşa bilmir. Düşünün, siz Londonda biznes məktəbini bitirib Azərbaycana gəlmisiniz. Sizi iş müsahibəsinə çağıran şəxs isə Naxçıvan Dövlət Universitetində Meyvə və tərəvəzçilik fakültəsini bitirib. Həmin adam sizə əlaqəsiz iradlar tutmağa çalışacaq. Hər şey də elə bundan başlayır”.
O, əcnəbi diplomun tanınması üçün lazım olan prosedurları da sadalayıb:
"Çox adam diplomların tanınması- nostrifikasiyası ilə bağlı konsultasiyalara qatılır. Kəsilməmək üçün kömək istəyir.
Əslində, diplomların tanınması haqda qanun çox rahatdır. Onun təhsil aldığı müddətdə təhsil aldığı yerdə olması, gediş-gəlişləri təhsil müddətinə uyğun olmalı, bundan əlavə həmin şəxs təhsil aldığı dili və ixtisası bilməlidir”.
Fuad Hacıyev, xaricdə karyera düşünənlərin gözə almalı olduğu problemlərdən də bəhs edib:
"Dünya universitetlərində ali təhsilini başa vuran, elə o ölkədə çalışanlar da az problemlə üzləşmirlər. Məsələn, Almaniyada təhsil almış tələbəmiz hazırda dünyanın nəhəng şirkətlərindən birində yaxşı vəzifədə çalışır. Amma onun həmin işi tapması hədsiz çox vaxtını alıb. Çünki orada rəqabət bizdən güclüdür. Həmin adamın Azərbaycada iş tapması daha asan olardı. Amma yenə də deyirəm, çox vaxt əməkhaqqı uyğun olsa belə, şərtlər buna imkan vermir”.
Ekspertin sözlərinə görə hərbi səfərbərlik müəssisələri magistratura pilləsinə qəbul olunanlara problem yaradırlar:
"Bəzən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəssisələri bəzən bilərəkdən problem yaradırlar. Təbii ki, bu, hər müəssisəyə aid deyil.
Onlar tələbəyə deyirlər ki, mənə qəbul sənədini deyil, təhsil almağın haqda arayış ver. Amma düşünmürlər ki, tələbə pasport alıb ölkədən çıxmadan, gedib unversitetdə qeydiyyatdan keçmədən təhsil haqda arayışı tələb edə bilməz. Bununla bağlı problemi olanlar mütləq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qaynar xətti ilə əlaqə saxlamalıdırlar”.
O, növbəti illərdə hərbi möhlət hüququnun əğv olunacağını düşünür:
"Düşünürəm ki, növbəti ildən əcnəbi universitetin magistratura pilləsinə qəbul olunanlar da əsgər getməli olacaqlar. Buna əminəm. Çünki magistratura pilləsinə qəbul olunanların hərbi möhlət alması ilə bağlı qərar tamamilə başqa məsələyə əsasən qüvvəyə minmişdi. Çox adam bundan yararlanmağa başladı. İstər ölkə, istərsə də xarici universitetlərin magistratura pilləsinə qəbul olunub hərbidən möhlət almağa başladılar. Bu qərardan sonra magistraturaya qəbul olunan oğlanların sayı 50-60% artdı.
Proses isə təxmini belə olacaq: Milli Məclisdə çıxışlar olacaq ki, bununla bağlı ictimai rəy formalaşıb. İnsanlar narazılıq edir. Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəssisələri əsgər tapmır. Beləliklə qərar ləğv ediləcək”.
Mənbə AzEdu.az