Özbəkistanlı pedaqoqlar Qubada nümunəvi orta məktəbi ziyarət ediblər
Özbəkistanlı pedaqoqlar Qubada nümunəvi orta məktəbi ziyarət ediblər.
AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında keçirilən beynəlxalq təlim-seminarlara qatılan Özbəkistan nümayəndə heyəti Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbində olub.
Məktəbin həyətində qardaş ölkənin pedaqoqlarını milli geyimli şagirdlər və məktəbin əməkdaşları qarşılayıblar.
Məktəb direktoru Sevil Allahverdiyeva rəhbərlik etdiyi nümunəvi təhsil ocağı barədə ümumi məlumat verib. Sonra məktəbin strukturu ilə tanışlıq olub. Buradakı müasir təhsil şəraiti, o cümlədən zəngin kitabxana, laboratoriya və toplantı salonları, ən müasir texnika və avadanlıqlarla təmin olunan siniflər qonaqları heyran edib.
Şagirdlərin əl işləri, o cümlədən düzəltdikləri texniki avadanlıqlara baxış keçirilib.
Məktəblə ümumi tanışlıqdan sonra heyət qruplar şəklində dərs prosesini izləyib, maraq dairələrinə aid sualları müəllim və şagirdlərə ünvanlayıblar.
Ümumi söhbət zamanı direktor Sevil Allahverdiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə rəhbərlik etdiyi orta məktəb arasında qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edərək ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevə minnətdarlığını ifadə edib.
Direktor bildirib ki, Quba rayon Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbindəki yüksək şərait Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi uzaqgörən təhsil strategiyasının real nəticəsidir.
Qardaş ölkə pedaqoqlarının şən əhval ruhiyyəsi, eləcə də onlara göstərilən yüksək qonaqpərvərlik və mehribanlıq hər kəsdə xoş təəssürat yaradıb.
Xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Qaraqalpaqıstan Respublikası, Fərqanə vilayəti, Nəvai vilayəti, Səmərqənd vilayəti, Surxandərya vilayəti, Xarəzm vilayəti, Əndijan vilayəti) oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır.