"Bu uğur mənə doğum günü hədiyyəsi oldu" - Ölkə birincisi olan tələbə
Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Amrahov ölkə birincisi olub.
Ölkə üzrə imtahanda iştirakı nəzərdə tutulan 12 387 bakalavr arasında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal toplayaraq birinci mərhələni uğurla başa vurub.
"İmtahan nəticələrinin elan olunduğu gün xoş bir təsadüf oldu. Ad günümdə bütün respublika üzrə ən yüksək bal topladığımı bilmək mənə ikiqat sevinc gətirdi. Ən böyük hədiyyəni elə özüm özümə etdim”, - deyə Emil Amrahov bildirib.
Qeyd edək ki, Emil Amrahov BANM-ın "Neft-qaz mühəndisliyi” ixtisasının beşinci kurs tələbəsidir və o, ali məktəbə 664 balla daxil olub.(oxu.az)