Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?
Türkiyədə bir neçə müddətdir ki, növbəti təhsil islahatlarına start verilib və qeyd edək ki, bu proses Türkiyə cəmiyyətində heç də birmənalı qarşılanmır.
Bir çoxları bu islahatların son 25-30 ildə təhsil sahəsində böyük uğurlara imza atmış Türkiyəni yenidən geriyə aparacağı qənaətindədir. Təhsil sahəsində aparılması gözlənilən islahatlardan biri isə orta məktəblərdə – liseylərdə dərslərin 40 (Azərbaycanda 45 dəqiqədir) dəqiqədən 20-25 dəqiqəyə endirilməsidir.
Bu təkliflə Türkiyənin təhsil (keçmiş müdafiə) naziri İsmət Yılmaz çıxış edib.
O bildirib ki, dərslərin 40 dəqiqədən 20-25 dəqiqəyə endirilməsi zamanın, reallıqların tələbidir və 20-25 dəqiqəlik dərs müddəti şagirdlərə biliklərin öyrədilməsi baxımından daha yetərlidir.
Odur ki, yeni təhsil islhatlarında bu məqam da gözdən keçirilir və reallaşması zaman, an məsələsidir.
Bəs görəsən, Azərbaycanda da bu addıma gedilə, dərslər 45 dəqiqədən aşağı endirilə bilərmi? Sözügedən addım hal baş verərsə, bu uşaqların təhsilə yiyələnməsində müsbətə, yoxsa mənfiyə doğru proseslər yaşanar?
Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında təhsil işçisi, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyeva bildirib ki, bir çox ölkələrdə dərs məşğələlərinin davametmə müddəti müxtəlifdir.
Onun sözlərinə görə, Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsində dərs məşğələlərinin davametmə müddəti 45 dəqiqə, Rusiyada birinci siniflərdə birinci yarımildə 35 dəqiqə, ikinci yarımildə və yuxarı siniflərdə 45 dəqiqə müəyyən edilib.
Millət vəkili qeyd edib ki, Rusiyada tədrisin təşkilinə qoyulan tələblərdə kompüter və interaktiv lövhələrlə məşğuliyyət müddətinə xüsusi diqqət yetirilir.
"Belə ki, kompüter arxasında aparılan məşğələlər birinci və ikinci siniflərdə 20 dəqiqəni, üçüncü və dördüncü siniflərdə 25 dəqiqəni, beş və altıncı siniflərdə 30 dəqiqəni, yeddi və on birinci siniflərdə 35 dəqiqəni ötməməlidir. İnteraktiv lövhələrdən fasiləsiz istifadə müddəti isə şagirdlərdə bir və dördüncü siniflərdə 5 dəqiqəni, beş və on birinci siniflərdə isə 10 dəqiqəni keçməməlidir”, – deyə S. Əliyeva bildirib.
Millət vəkili deyib ki, əksər ölkələrdə dərs müddətinin davametmə müddəti də müxtəlifdir.
"Finlandiyada altıncı siniflərdə bir dərs məşğələsinin davametmə müddəti 45 dəqiqə, altıncı sinifdən yuxarı isə 75 dəqiqə, Kanadada 75 dəqiqə, Amerika Birləşmiş ştatlarında və Yaponiyada məktəbin daxili qaydalarından asılı olaraq 45-50 dəqiqə, Hindistanda 35 dəqiqə, İsraildə iki 45 dəqiqə olmaqla, 90 dəqiqə müəyyən edilib. MDB ölkələrində isə bu rəqəm 45 dəqiqə həcmindədir. Bu il qonşu Qazaxıstanda dərs məşğələlərinin 40 dəqiqəyə qədər azaldılması ilə bağlı Təhsil Nazirliyinin açıqlamaları mediada yayımlanıb.
Hər ölkənin təhsil proqramı orada yaşayan xalqların mili və mental xüsusiyyətləri nəzərə almınmaqla, beynəlxalq təcrübəyə uyğunlaşdırılır və bu istiqamətdən də tədrisin təşkilinə qoyulan tələblər müəyyənləşdirilir. Azərbaycanda dərs məşqələlərinin davametmə müddətinin azaldılması yaxın vaxtlarda gözlənilmir və ümumiyyətlə, tədris ili bitməmiş bu qaydanın tətbiq edilməsi doğru olmaz”, – deyə S. Əliyeva vurğulayıb.