Bir müddət əvvəl 5 günlük tədris həftəsi çərçivəsində məktəblərdə problemlərin yaşandığını qeyd edərək, tədris planının pozulması və tədris materiallarının mənimsənilməsində çətinliklərin yaranmasından bəhs etmişdim. Bunu keçən tədris ilində IX siniflərdə həftənin 2 günündə 7 saat dərs məşğələlərinin olması ilə əlaqələndirmişdim. Çıxış yolu olaraq 6 günlük tədris həftəsinə keçməyin qaçılmaz olduğunu bildirmiş və bunu əsaslandırılmış şəkildə göstərmişdim..Bütün bunların müqabilində bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim. Qınaq edənlərin yeganə arqumentləri onların istirahət hüquqlarının pozulması ilə bağlı idi...Digər arqumentlər göstərilmirdi.
Bu tədris ilindən etibarən artıq X siniflərdə tədris məşğələlərinin miqdarının həftədə 33 saat təşkil etməsi tədris həftəsinin 2 gününün 6 saat, 3 gününün isə 7 saat dərs olmasına gətirib çıxaracaq..Beləliklə, çətinliklər bir az da dərinləşəcək.
Bu çətinliklər ən azı aşağıdakılardan ibarət olacaq:
1) Dərs cədvəlinin tərtibinə qoyulan pedaqoji tələblərin yerinə yetirilməsinin mümkünsüz olması
2) Şagirdlərin məktəbdə qidalanması, fizioloji və gigiyenik tələbatlarının ödənilməsinin mümkünsüz olması
3) 7 saat qidalanmadan dərsdə oturmağın mümkünsüz olması səbəbindən 7-ci saatın praktiki olaraq keçirilməməsi
Çıxış yolu kimi qonşu Rusiyada belə bir model var:
Məktəbdə I – IV siniflərdə 5 günlük, V – XI siniflərdə isə VI günlük tədris həftəsidir..Tədris məşğələləri iki növbəyə ayrılır. I, V, IX və XI siniflər bütün hallarda I növbəyə salınır.
Məktəbdə I siniflər üçün pilləli təlim sistemi tətbiq edilir. Sentyabr və oktyabr aylarında müddət 35 dəqiqə olmaqla gündə 3 saat dərs keçirilir. Noyabr və dekabr aylarında müddət 35 dəqiqə olmaqla gündə 4 saat dərs keçirilir. Yanvar – may aylarında müddət 40 dəqiqə olmaqla gündə 4 saat dərs keçirilir. Tədris gününün yarısında ( ikinci dərsdən sonra ) məktəbdə dinamik pauza elan olunur. Dərs cədvəlində də həmin vaxtda şagirdlərin qidalanması üçün 20 dəqiqə nəzərdə tutulur. Ümumiyyətlə bu pauza 40 dəqiqəyə qədər davam edə bilir. Şagirdlərin qidalanma xərcləri hər ayın axırında valideyn tərəfindən elektron qaydada xüsusi hesaba köçürülür. Bu xərclər çox cüzi xərclərdir..Yuxarı siniflərdə tədris həftəsi 6 günlük olduğundan dərs saatlarının miqdarı 6 saatı aşmır.
Cəmaləddin Əlizadə
Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini