Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”
Bakının Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Şuşa rayonu Malıbəyli kənd tam orta məktəbində şagirdlər soyuqdan donurlar.
Aztəhsil.com xəbər verir ki, bu barədə modern.az-a şagirdlərin valideynləri məlumat veriblər. Onlar mətbuatdan problemi gündəmə gətirməyi xahiş ediblər.
"Noyabrın 15-də ölkə ərazisində rəsmən istilik sistemi işə salınıb. Amma o "istilik” Bakıda yerləşən Şuşa rayonu Malıbəyli kənd tam orta məktəbinə gəlib hələ çatmayıb. Uşaqlarımız soyuqdan donurlar. Onlar xəstələnməmək üçün siniflərdə palto-papaqla oturmağa məcburdurlar. Bəzi valideynlər də bu dözülməz şərait üzündən övladlarını dərsə buraxmaq istəmirlər”,- valideynlər bildiriblər.
Şikayətçilər deyirlər ki, qəribə hal Malıbəyli məktəbinə yaxın ərazidə yerləşən Xankəndi şəhər orta məktəbində istilik sistemi normal işlədiyi halda, qonşuluqdakı digər köçkün məktəbinə biganə yanaşılmasıdır.
Məcburi köçkün valideynlər Təhsil Nazirliyini, "Azəristiliktəchizat”ı, Şuşa rayon Təhsil şöbəsini problemə əncam çəkməyə çağırıblar.
Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev modern.az-a məsələdən xəbərdar olduğunu bildirib:
"Məktəbin qaz xətti ümumi əhalinin qaz xəttindən götürüldüyü üçün belə problem yaşanır. Qazın təzyiqi aşağı düşəndə soyuq olur, qaz normal olanda sinif otaqları tam isinir”.
T.Əliyev müvafiq qurumlara məlumat verildiyini vurğulayıb:
"Məktəbə gələn xəttin ümumi xətdən ayrılması böyük bir problemdir. Bunun üçün müraciət etmişik. Ümid edirik ki, yaxın vaxtlarda məsələyə baxılacaq”.