AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Direktor / Müəllim
01 dekabr 2017
28 348


Təhsil standartları, milli kurikulum və təlimdə keyfiyyət



"Standart” sözü ingilis dilindən götürülüb norma, nümunə, ölçü deməkdir. Təhsil standartı dedikdə real şəxsiyyətin ictimai ideal səviyyəsinə qalxmasını və bu idealın təhsil sistemində əldə edilməsini təsvir edən dövlət normalarının əsas parametrlər sistemidir. 


Təhsilin standartlaşdırılması müxtəlif ölkələrdə tədris plan və proqramlarının hazırlanması, təhsilin səviyyəsinin mü- əyyənləşdirilməsi və təhsil sistemində həyata keçirilməsi yolu ilə əldə edilir. 


Təhsil standartının əsas vəzifəsi insanların fəaliyyətində elə münasibətlərin təşkilidir ki, bu vasitə ilə məhsulun keyfiyyət və xüsusiyyətlərilə əldə edilməsi təmin olunur ki, bu da cəmiyyətin tələbatlarını təmin edir. Standartlaşdırma cəmiyyətin tarixən dəyişilən tələbatlarına uyğun olaraq praktiki baxımdan bu tələbatların həyata keçirilməsi fəaliyyətini tənzimləyir.


Təhsildə standartlaşdırmanın əsas obyektləri təhsilin strukturu, məzmunu, təhsil yükünün həcmi və şagirdlərin hazırlıq səviyyəsinin müəyyənləşməsidir. Təhsil standartları Azərbaycan Respublikasının "Təhsil Qanunu”nun 6-cı və 10-cu maddələri ilə təsdiq edilmiş normativ sənəddir. Bu sənəd təhsil proqramlarının məzmun minimumunu, təhsil alanların maksimum tədris yükünü, şagirdlərin hazırlıq səviyyəsinə tələbatları müəyyənləşdirmiş və digər normativ sənədlərin hazırlanması üçün əsas yaratmışdır. 


Təsadüfi deyildir ki, Azərbaycan Dövlətinin Təhsil sahəsində İslahat Proqramında Təhsil standartının hazırlanması və tətbiqinə xüsusi diqqət yetirilmişdir. İslahat Proqramında standartların olmаması ciddi tənqid obyektinə çevrilmişdir. Qeyd edilir ki, "bu günə qədər respublikamızda təhsil strategiyasına uyğun prioritet istiqamətlər müəyyənləşdirilməmiş, ümumi orta təhsilin dövlət standartları və baza tədris planı təsdiq edilməmişdir”. 


Nəticədə ümumi orta təhsilin standartları 1999-cu ildə hökumət tərəfindən təsdiq edilmişdir. Standartların hazırlanması təhsilin qlobal problemlərindən biridir. Sonralar təhsilin məzmun məsələlərinin, şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin təhsil sisteminin inkişafında rolunun artmasını nəzərə alaraq, Azərbaycanda Təhsil İslahatının həyata keçirilməsi prosesində təhsilin əsasını təşkil edən kurikulum hazırlanıb qəbul edilmişdir. 


Kurikulum latın sözü olub, lüğəti mənası "kurs”, "elm” deməkdir. Dünyanın inkişaf etmiş ölkələrində kurikulum mütərəqqi təhsil modeli kimi geniş miqyasda tətbiq olunur. Kurikulum təhsilin məzmun standartlarını, zəruri minimumu, təhsil alanların hazırlıq səviyyəsinə verilən tələblər və qiymətləndirmə məsələlərini əhatə edir. 


Eyni zamanda bu konseptual sənəd əsasında fənn kurikulumları hazırlanıb təsdiq edilmişdir. Kurikulum milli-mənəvi dəyərlərə yiyələnmiş şəxsiyyətin müasir həyata hazırlaşmasına xidmət edir, nəticəyönümlü və inkişafedici xarakter daşıyır. Kurikulum bilavasitə davamlı inkişafa və biliklərin tətbiqinə yönəlmişdir. Təsdiq edilmiş bu kurikulum artıq 2007-2008-ci tədris ilindən respublikanın orta ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanmışdır.


Burada qeyd etmək yerinə düşər ki, təhsil standartları, kurikulumlar təhsilin etalon səviyyəsi olub, müəyyən tarixi dövr üçün cəmiyyətin təhsilə olan tələbatını ödəməlidir. Dövlət təhsil standartı təhsilin səviyyəsidir ki, bu da şəxsiyyətin bu səviyyəyə yiyələnməsinin dövlət sənədi ilə təsdiqlənməsi ilə nəticələnir. 


Fikrimizcə, təhsil ilə məşğul olan hər bir insan təhsilin keyfiyyətinin müəyyənləşməsi və idarə olunması üçün təhsil standartlarından (kurikulumlardan) istifadə etməyə hazır olmalıdır. Ancaq bu zaman unutmaq olmaz ki, təhsil işçilərini, xüsusən onu idarə edənləri ciddi ziddiyyətlər də gözləyir. 


Hər şeydən əvvəl, standartların tətbiqi zamanı başa düşmək lazımdır ki, "standart” termini faktiki olaraq təhsil standartı kimi təhsil keyfiyyətinin kateqoriyasıdır. Bu isə təhsil elementlərinin yalnız biridir. Təkcə bu bir göstəricinin nəzərdə tutulması heç də şagird şəxsiyyətinin bütövlükdə qiymətləndirilməsi demək deyildir. 


Çünki bu zaman şəxsiyyətin inkişaf göstəriciləri, mənəvi baxımdan tərbiyəlilik səviyyəsi, eləcə də təhsilalma nəticəsində mənfi effektlər nəzərə alınmır. Deməli, məktəbi bitirmiş şagirdin şəxsiyyəti tam qiymətləndirilmir, əslində dövlət təhsil standartları lazımi səviyyədə həyata keçirilmir. Biz təkrar etməyə məcburuq ki, təhsilin keyfiyyəti yalnız biliklərin kəmiyyəti və keyfiyyəti ilə ölçülmür. 


Bu zaman şəxsiyyət keyfiyyətləri, vətəndaşlıq səviyyəsinin inkişafı da qiymətləndirilməlidir. O da qeyd edilməlidir ki, əgər təhsil standartları təhsilə yiyələnmənin, yəni bu və ya digər fənn sahəsində qazanılmış koqnitiv biliklərin səviyyəsi müəyyənləşdirilsə, onda standartların qəbul edilməsi və tətbiqi ilə razılaşmaq olar. Bizə belə gəlir ki, milli və fənn kurikulumlarının qəbul edilməsində müəyyən dərəcədə bu cəhət nəzərə alınmışdır. 


Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: onlardan biri fənnyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənnyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə edir.


Burada biliklərin həcmi və miqdarı əsas rol oynayır, fənnin elmi potensialı, məlumatlılıq səviyyəsi yüksək olur. Şəxsiyyətyönümlü kurikulumlar isə bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verir. Bu zaman insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, ondа əqli fəaliyyətlə bağlı qabiliyyətlər formalaşması ön plana çəkilir. Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılması, məzmunun müəyyənləşdirilməsi, şagird şəxsiyyətinin formalaşdırılması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan cəhətlər əsas götürülür.


Kurikulumların inteqrativ məzmununda hazırlanması onun keyfiyyətinin yüksəlməsini təmin edir. Fənn kurikulumlarında fənlərin sayı azalmış, həftəlik saatlar minimum səviyyəyə endirilmiş, həyati əhəmiyyəti olan bilik, bacarıq və vərdişlərin aşılanmasına, şəxsiyyətin formalaşması üçün zəruri işlərin həyata keçirilməsinə imkan yaranmışdır. 


Onu da qeyd etmək yerinə düşər ki, fənn kurikulumları nəticəyönümlülüyü ilə əvvəlki proqramlardan köklü şəkildə fərqlənir. Fənn kurikulumları nəticəyönümlü olub (ümumi və xüsusi nəticələr) fənlərin məzmununu müəyyənləşdirməyə və qiymətləndirməyə şərait yaradır.


Fənn kurikulumları fənn proqramlarından fərqlənirlər. Fənn proqramları fənnin məqsədini, vəzifələrini, bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını və bölmə, mövzulara ayrılan saatları açıqlayırdısa, fənn kurikulumlarında fənnin əhəmiyyətini əsaslandırıb, onun məqsədini, vəzifəsini, əldə ediləcək nəticələri açıqlamaqla siniflər üzrə məzmun standartları, inteqrasiya, təlim srategiyası, ümumi tələblər, yeni üsul və formalar, təlim prosesinin planlaşdırılması və şagird nailiyyətlərinin qiymətləndirilməsi öz əksini tapmışdır. Təhsil standartlarını milli kurikulum və fənn kurikulumları ilə müqayisə edəriksə, o zaman standartların nöqsanlı tərəfləri göz qarşısında canlanar. 


Hər şeydən əvvəl, qeyd edilməlidir ki, təhsil müəssisələrində hələlik inzibatçılıq hökm sürdüyü bir zamanda məktəb rəhbərlərinin əksəriyyəti, hətta regionlarda təhsil idarələrinə rəhbərlik edənlər də yalnız standartlardan istifadə etməklə hər cür innovasiya fəaliyyətindən kənarda qalırlar. Nəhayət, o da qeyd edilməlidir ki, müasir innovasiyaların tətbiqi ləng getdiyinə görə məktəbin müasir yeniliklərin tətbiqindən kənarda qalması, bilik, bacarıqların köhnəlmiş sənədlər əsasında müəyyənləşməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir, məktəbin inkişafına, müstəqilliyinə və ümumiyyətlə bütövlükdə təhsilin inkişafına maneçilik yaradır. 


Xüsusən, idarəçilik təcrübəsi olmayan, ümumi mədəniyyəti aşağı səviyyədə olan səlahiyyətsiz yoxlayanlar (əlbəttə, bu məmurlar əllərində yoxlama əmrlərinə istinad edərək) standatlara istinad edərək məktəblərdə yaradıcı mühitə qarşı çıxır, sərbəstliyi boğur, yeniliklərin qarşısını alırlar. 


Nəticə olaraq dеyək ki, milli və fənn kurikulumlarına mü- nasibət dövlət standartlarlarına olan münasibətlərdən (formal, inzibati) fərqlənməli, məktəb kollektivlərinə sərbəstlik verilməli, qabaqcıl ölkələrin təcrübəsindən istifadəyə şərait yaradılmalıdır. 


Unutmayaq ki, söhbət dövlət standartlarından və ya fənn kurikulumlarından getdikdə, hər şeydən əvvəl, şagirdlərin həyata hazırlıq səviyyəsindən, şəxsiyyətlərinin formalaşmasından, tərbiyəlilik, vətəndaşlıq səviyyəsindən gedir. Buradan da təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyəti üzə çıxarılıb qiymətləndirilməlidir. Hər cür kəmiyyət göstəriciləri (hətta orta bal) araşdırılmalı, təhlil edilməli, rayon təhsil müəssisəsi üzrə göstəricilərin dinamikası, fənlər üzrə, təhsil pillələri üzrə, hətta siniflər və ayrıca olaraq müəssisələr üzrə qiymətləndirilməlidir. Bu zaman təhsilə ayrılmış resurslar, xərclər, təşkilati, kadr, elmi metodikaların səviyyəsi nəzərə alınmalı, qiymətləndirilməlidir. 


Nəhayət, təhsildə kəmiyyət və keyfiyyət göstəriciləri uşaqların sağlamlıq göstəriciləri hesabına əldə edilməməlidir. Bu zaman sağlamlığı qoruyan texnologiyalara üstünlük verilməlidir. Təhsil elə fəaliyyət sahəsidir ki, burada nəticə yalnız nəticə xatirinə əldə edilməməlidir.




Загрузка...
Həmçinin oxuyun:
Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Uğurlu nəticənin əldə olunmasında müəllimin peşəkarlığı əsas meyardır

Uğurlu nəticənin əldə olunmasında müəllimin peşəkarlığı əsas meyardır

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Təhsilin məzmunu

Təhsilin məzmunu

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4