AzTehsil.com


Xəbərlər
18 aprel 2017
8 888


Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi



Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

 

Ekspertlərin fikrincə, bir çox hallarda bu məsələdə məktəblilərin yaş xüsusiyyətləri və qavrama dərəcəsi nəzərə alınmır
 
Hazırda Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar bu istiqamətdə yeni yanaşmaların tətbiq olunmasını da aktuallaşdırıb. Məsələn, bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Belə ki, artıq təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Yəni, şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədinə çevrilib. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı isə çox mühüm amil sayılır.
 
Mütəxəssislərin fikrincə, fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.
 
Yeri gəlmişkən, Azərbaycan Respublikasının təhsil islahatının istiqamətləri təhsil standartı olan Milli Kurikulumda əks olunub. İbtidai təhsil Kurikulumu Konseptual sənəd kimi ibtidai təhsilin məzmununda standartları, zəruri minimumu, təhsil alanların hazırlığına qoyulan tələbləri, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edir. İndiyədək müəllimlərin bu istiqamətdə nəticə etibarı ilə səmərəliliyinin təyin olunması üçün çoxsaylı təlim kursları keçirilib. Təşkil olunan öyrədici treninqlərdə fənn kurikulumlarının, təlim standartlarının mahiyyəti və məzmunu, kurikulumlarla işləməyin metodikası, yeni kurikulumlar əsasında yazılan dərsliklərin xüsusiyyətləri, qiymətləndirmə mexanizmləri haqqında zəruri məlumatlar müəllimlərin diqqətinə çatdırılıb və müvafiq praktik məşğələlər təşkil olunub. Bu treninqlər Kurikulum Mərkəzinin hazırladığı "Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı” çərcivəsində aparılıb.
 
Digər tərəfdən «Azərbaycanın 2020-ci ildə gələcəyə baxış» İnkişaf Konsepsiyasında da şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün müvafiq tövsiyyələr yer alıb. Sənəddə vurğulanıb ki, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi”ndən "təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunmalı, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılmalıdır.
 
Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə isə deyilir ki, ümumi təhsil sistemində "yaddaş” məktəbindən "təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir.
 
Təbii ki, hazırda Təhsil Nazirliyinin apardığı islahatın əsas məqsədi, ana xətti təlim prosesində şagird təfəkkürünün inkişafı üçün ona bilik ötürməyi yox, bilik qazanmaq üçün şərait yaratmaqdır. Bununla bağlı nazirliyin aidiyyəti strukturları tərəfindən davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, bir müddət əvvəl Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunub. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Olimpiadanın final mərhələsi mayın 6-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
 
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.
 
Bəs, görəsən, bu gün orta məktəb şagirdlərinin məntiqi təfəkkürünun inkişaf etdirilməsi istiqamətində atılan addımları qaneedici saymaq olarmı? Bu məsələdə daha ciddi nəticələrin əldə olunması üçün hansı tədbirlər görülməlidir?
 
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov deyib ki, məntiq elmi və pedaqoji ədəbiyyatda «mülahizələr haqqında elm», «fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm» — məntiqi dillə intellektdərketmənin qanunları, metodları və formaları haqqında bir elm kimi xarakteriza olunur: "Məntiqi qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırırlar. Məntiq haqqında biliklər təfəkkürün məhsulu olduğundan, tənqidi və yaradıcı xarakter daşımasından, təsdiq və ya təkzib elementlərini özündə ehtiva etdiyindən və motivasiya baxımından xüsusilə müasir dövrdə nəinki lazım, hətta zəruri hesab edilir. Təbii ki, bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Ümümi təhsil sistemində "yaddaş” məktəbindən "təfəkkür” məktəbinə keçidin təmin edilməsi Azərbaycan Respublikası prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə "Strateji Yol Xəritəsi”ndə xüsusi olaraq vurğulanıb. Bugünkü təhsil şagirdlərə təkcə bilik vermək deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında məntiqi təfəkkürün inkişafı çox mühüm amildir. Bu isə öz növbəsində fəal təlim metodlarından istifadə etməklə, şagirdlərin idrak fəallığının artırırılmasını, onları düşündürməyə, müstəqil qərarlar çıxarmağa yönəltməyi zəruri edir. Bununla belə bu gün orta ümumtəhsil məktəblərimizdə şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində aparılan işləri o qədər də uğurlu hesab etmək olmaz. Məntiq hər şeydən əvvəl şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliyyətlərinin və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu, ətraflı formalaşmasına, müstəqil fikir yürütməsinə xidmət etməlidir. Hər şeydən əvvəl ümumtəhsil məktəblərində tədris olunan hər bir fənnin özünəməxsus xüsusiyyətləri vardır və ayrı-ayrı fənlərin tədrisi prosesində bu xüsusiyyətlər nəzərə alınmalıdır. Bir çox hallarda şagirdlərin yaş xüsusiyyətləri, qavrama dərəcəsi, intellektual səviyyəsi nəzərə alınmır, məntiq adı ilə onlara « məntiqəsığmayan » sual, tapşırıq və testlər verilir ki, bu da dəfələrlə ciddi iradlarla gündəmə gətirilən məsələlərdən biridir. Sanki, məntiqlə bağlı şagirdlərimizə nəsə verməkdən daha çox, nəsə almağa cəhd göstəririk. Bu isə, öz növbəsində şagirdlərin məntiqi təfəkkürü və təsəvvürlərinin üzə çıxarılması və qiymətləndirilməsində ciddi fəsadlara yol açır və haqlı narazılıqlara belə səbəb olur”.
 
hafta.az



Загрузка...