Məzun günündə görüşənədək
Çox hörmətli Abel müəllim! Oktyabrın 26-da bizi görüşə dəvət etdiyiniz üçün Sizə hədsiz minnətdarlığımızı bildiririk.
Doğrusu, eşidəndə ki, rektor universitetin I kurs tələbələri ilə görüşə gəlir, nə gizlədək, əvvəlcə çoxlarımız elə düşündük ki, bu da sıradan bir görüşdü və yəqin Abel müəllim bizə dərsdən qalmamaq, yaxşı oxumaq, universitetdə tərbiyəli davranmaq və s. kimi pedoqoji tərbiyə verəcək.
Sizinlə görüşdən əvvəl belə düşündüyümüzün peşimançılığını elə görüşün lap ilk dəqiqələrində çəkdik. Yəqin ki, universitetimizin yeddi yüz nəfərlik salonunda oturan hər kəs Sizinlə o səmimi görüşdən elə ilk növbədə səmimiyyət öyrəndi. Sizin bütün fikirlərinizdə və sözlərinizdə bir dövlət məmurundan çox tələbələrinə ata baxışı, valideyn cavabdehliyi hiss olunurdu.
Söhbətinizin lap əvvəlində bizi kövrəldən bir fikir dediniz; "Siz orta məktəb partasından təzəcə ayrılıb universitet deyilən, hər anında akademik davranış tələb olunan bir mühitə düşmüsünüz. Bu günə qədər həyatınızın hər anında bir valideyin qayğısı, ata-ana, yaxın doğmalarınızın nəzarəti vardı. Amma indi siz müstəqil bir həyata qədəm qoyursunuz. O qədər problemlər var ki, onları özünüz həll etməlisiniz”.
Sizin yadımızda daim qalacaq fikirləriniz elə o andaca beynimizə yazıldı:
"Əmək bazarında ixtisasınıza uyğun işlə təmin olunmaq üçün lap elə bu andan özünüzü elmdə, praktikada, fənləri mənimsəməkdə göstərməlisiniz. Siz bu gündən özünüzü sabahın lazımlı adamı səviyyəsində qurmaq işinə başlamalısınız”.
Sonra Siz bizə qəribə bir doğmalıq göstərdiniz! "İnsan ömrü boyu öyrənir-dediniz – və hamını riqqətə gətirən bir fikir söylədiniz: Elə yaşımızın lap ahıl vaxtında da biz axtarışdayıq, oxuyuruq, öyrənirik. Bu mənada, məsələn, mən də tələbəyəm- 51-ci kurs tələbəsi”.
Çox hörmətli Abel müəllim! Bilmirik, hiss elədiniz, yoxsa yox, salonda oturan o birinci kurs dostlarımızın hamısının üzündə bu sözlərdən qəribə bir məmnunluq hissi duyduq. Siz bizə həmin anda bu doğma universiteti bir daha sevdirdiniz.
Qısaca olaraq universitetin tarixinə toxundunuz, bu tarixin enişli- yoxuşlu illərini xatırlatdınız. Onu da xatırlatdınız ki, Ulu öndərimiz Heydər Əliyev bizim seçdiyimiz bu universitetin məzunu olmaqla fəxr etmişdir. Və o anda Siz bizə dövlət və dövlətçilik, azərbaycançılıq dərsi keçdiniz.
Dünyanın beş min millətinin cəmi, iki yüz dövlətinin mövcudluğunu və bu mövcudluqda Azərbaycan adlı bir dövlətin də varlığına bizdə qürur hissi yaratdınız. Müstəqil dövlətimizi yaxın tariximizdə təhlükədən qurtaran, Sizin ifadənizlə desək, okean sularında bizim də gəmimizin sükanının etibarlı əllərdə olmasına şərait yaradan Ümummilli liderimizin şəxsiyyətinə bizdə yeni bir məhəbbət yaratdınız.
Hörmətli Abel müəllim! Siz bizə hər şeydən öncə Vətən, xalq əmanəti tapşırdınız, dünyanın çalxalanan indiki çağında azərbaycançılığı ləyaqətlə, yeri gəlsə, qəhrəmancasına qorumağı tapşırdınız.
Çox şey dediniz, onların hamısını bir məktuba sığışdırmaq çətindir. Amma söhbətinizin bizə lap sərf eliyən bir məqamını dilə gətirməyə bilmərik. Üzünüzü görüş salonunda oturan dekanlara, kafedra müdirlərinə, universitet rəhbərliyinə tutdunuz:
"Tələbələrə sevgi ilə yanaşın- dediniz- Onların sabahın mütəxəssisləri kimi yetişmələri sizin əlinizdədir. Müəllimin tələbəyə mühazirə oxumaq, seminarda onun biliyini qiymətləndirməklə işi bitmir. Ən vacibi və həm də ən çətini onların daxili aləminə yol tapmaq, onlarla dost olmağa, bir valideyn nəvazişi ilə onların problemlərini həll etməyə cəhd göstərməkdir”.
Sonra öz həyatınızdan, müəllimlik təcrübənizdən misallar gətirdiniz. Uzaq keçmişdə qalan bir rektorun qəbuluna aylarla necə düşə bilmədiyinizi dediniz. Və bu gün tələbələrə qayğı ilə yanaşmağınızda bu faktın təsirini dilə gətirdiniz.
Çox şey dediniz, çox şey öyrəndik Sizdən. Sizdən onu da öyrəndik ki, hər dərs ilinin sonunda artıq dövlət imtahanlarını vermiş, məzun statusunu almış tələbələrlə də görüşünüz olur. Belə bir görüş dörd ildən sonra bizi də gözləyir. O gün Sizinlə o səmimi görüşdə hələlik dörd fakültənin- jurnalistika, kitabxanaçılıq, sosial elmlər və psixologiya fakültələrinin tələbələri yığılmışdı.
Siz məlumat verdiniz ki, bu salon cəmi 700-ə yaxın adam tutduğuna görə fakültələrlə görüşləri ayrı-ayrı saatlara bölmüsünüz. Bizə xoş olan həm də o idi ki, üzünüzü Jurnalistika fakültəsinin tələbələrinə tutub bu peşənin Azərbaycanımıza necə gərəkli olduğunu təhlil etdiniz. Bu anda və bütün söhbətlərinizdə Sizin özünüzdə olan Vətən sevgisinin, dövlətimizin qarşısında olan borcunuza necə sədaqətlə xidmət etdiyinizin şahidi olduq.
Hörmətli Abel müəllim! Sizə yazdığımız bu açıq məktub ideyası kursumuzun bir tələbəsindən gəldi, amma hamımızın ürəyimizdən oldu. Dediklərinizin bir çoxunu bu məktuba sığışdıra bilməməyimizin nigərançılığını çəkirik.
Amma qəti biləsiniz ki, sizinlə o günkü görüşdən sonra içimizdə yenidən alovlanan universitet sevgisi, Vətən məhəbbəti, dövlətçiliyimizə xidmət arzusu bizim o dörd ilin sonuna ləyaqətlə gələcəyimizi təmin edəcək, gələcək həyatımızın bütün anlarında bizimlə olacaq.
Məzun günündə görüşənədək!.