Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama
Ötən həftə dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 6 sentabrda 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.
Aztəhsil.com moderator.az-a istinadən bildirir ki, dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək:
Bu dəfə Lütfi Zadənin şah əsəri olan qeyri-səlis məntiq qədər olmasa da, dünya elmində, qərarqəbuletmə və hesablamada inqilab sayılacaq nəzəriyyəsindən danışacağıq. Təbii ki, Zadənin bütün nəzəriyyələri kimi Z ədədlər nəzəriyyəsi haqqında danışmaq insandan xüsusi riyazi qabiliyyət, ciddi peşəkarlıq tələb edir. Mürəkkəbliyinə görə seçilən bu nəzəriyyənin mahiyyəti haqqında danışmaq çətin olsa da, bu yazı Z ədədlər nəzəriyyəsi haqqında yalnız bir informasiyadır.
Əvvəlcə onu deyək ki, "Z ədədlər nəzəriyyəsi” riyaziyyatda əsl inqilabdır. Təsəvvür edin, riyaziyyatın bütün mahiyyəti, ürəyi, qanı olan rəqəmlər bu nəzəriyyədə yoxdu. "Z ədədlər nəzəriyyəsi” birbaşa rəqəmlərdən imtina edir və sözlə hesablamaya meyil göstərir.
Lütfi Zadənin elmi irsinin varisi professor Rafiq Əliyev bir müddət öncə mediaya açıqlamasında Z ədədləri haqqında qısaca olaraq bunları demişdi:
"Alimlər, dünya alimləri, əsl alimlər ümumiyyətlə iki kateqoriyaya bölünür. Diplom almış və ya akademik rütbəsi almışları demirəm. Əsl alimlər 2 kateqoriyaya bölünür: romantik və fundamentin üstündə bina qura bilən realist alimlər Məsələn, Nyuton, Enşteyn, Zadə kimi alimlər romantik alimlərdir. Zadə heç olmasa bu günə kimi 10 yeni konsepsiyanın, 10 yeni nəzəriyyənin müəllifidir.
Yəni O, bir dənə məqalə yazar onun ətrafında dünya 10 il işləməyə başlayar. İkinci kateqoriya alimlər, o fundamentin üstündə bina quran alimlər, həmin o ideyaların üstündə geniş inkişaf eləməyə başlayarlar. İkisi də yaxşıdır, ikisi də gözəldir. Amma, romatik alimlər dünya elm tarixində daha çox qalırlar.
Zadənin son işi, əsas son ideyası "elə elm sahəsi yaratmaq lazımdır ki, elə hesab (hesab, yəni arifmetika nəzərdə tuturam) yaratmaq lazımdır ki, bu adi ədədlər ilə işləməsin. Sözlər ilə işləsin, təbii dildə olan informasiya ilə işləsin”.
Onun yeni bir nəzəriyyəsı var - "Z” ədədlər nəzəriyyəsi. "Z” hərfi də Zadənin baş hərfindən götürülüb. "Z” ədədlər nəzəriyyəsi ilə bağlı bir məqalə yazdı və onu çox mötəbər sayılan "İnformasıya Elmləri "jurnalında çap elədi. Təvazökarlıqdan qırağa çıxmaq olsa da, məqaləni çap eləyəndə məqalənin başında yazdı ki, bu məqalə professor Rafiq Əliyevə həsr olunur. Yəni, bu bizim birgə ideyamız idi. Axırıncı nəzəriyyəsi budur və bu barədə də "bu cür ədədlərin hesabı ikini ikiyə vurmaq, onu beşə bölmək , iyirmini otuza çıxartmaq”, yəni bunu hesabda bilirik. Amma bu biri ədədlərdə qeyri-müəyyənlik var, dürüstlüyü nəzərə almaq var. Onların hesabı yoxdur.
Maraqlıdır ki, bu axırıncı kitabımı mən göndərəndə həmin nəşriyyat, hansı ki, mənim məqalələrimi görüblər, xahiş etdilər ki, bu cür ədədlərin yeni hesabı haqqında bir kitab nəşr edim. Mən də razılıq verdim. Düzdür, vaxtı bu ilin dekabrına çəkdim. Yəni o təmiz yeni bir hesabdır. Zadənin ideyası üstündə yaradılmış bir hesabdır. Mən də Zadədən xahiş etdim ki, birinci fəsli O yazsın, qalan fəsilləri özüm yazaram. Təxminən Zadənin son nəzəriyyəsi budur”.
Bu nəzəriyyə dahi Zadənin elmi fəaliyyətində tam olaraq başa çatdırdığı və Rafiq Əliyevlə birlikdə kitab şəklində çap olunan bəlkə də, sonuncu elmi işidir. Nəzəriyyə tam hasilə gələndən sonra dünyanın məşhur "World Scientific” elmi nəşriyyatı tərəfindən çap edildi. Azsaylı alimin yaxın düşə bildiyi mötəbər nəşriyyat professor Lütfi Zadənin və Rafiq Əliyevin birgə yazdıqları "The Arithmetic of Z-number, Theory and Application” (Z-ədədləri hesabı, nəzəriyyə və tətbiq) irihəcmli məmuniyyətlə nəşr etdi.
Bu nəzəriyyənin əsas qayəsi klassik ədədlər hesabından və nəzəriyyəsindən köklü surətdə fərqlənir, elmdə yeni bir istiqamət açır. Bu, elm sahəsində ilk kitabdır, tam orijinaldır və müəlliflərin öz ideya və elmi araşdırmalarını əhatə edir.