Tələbələrin məşğulluğu ilə bağlı yenilik
Milli Məclis Əmək Məcəlləsinə yeni dəyişikliyi müzakirə edəcək. Layihəyə əsasən, təhsilalanların istehsalat təlimi və təcrübə keçdiyi hallarda onlarla müddətli əmək müqaviləsi bağlanması məcburi olacaq.
Yeni qaydanın tətbiqi işəgötürənlərin tələbələri təcrübəyə cəlb etməsinə necə təsir edəcəyi müzakirə doğuran əsas suallardan biridir. Bu dəyişiklik işəgötürənlərin marağını azalda bilərmi?
AzTehsil.com- n əldə etdiyi məlumata əsasən Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, təhsilalanlarla istehsalat təlimi və təcrübə dövründə müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin mahiyyətində tələbənin hüquqi statusunu gücləndirməyi və təcrübənin formal deyil, real əmək funksiyası daşımasını təmin etməyi hədəfləyir.
Onun sözlərinə görə, regional məsələlər komitəsində müzakirə olunan dəyişiklik göstərir ki, dövlət artıq təcrübəni könüllü mexanizmdən çıxarıb hüquqi-əmək münasibəti çərçivəsinə salır və bu da həm hüquqi, həm sosial, həm də iqtisadi baxımdan mühüm dəyişiklikdir:
“Mövcud qanunvericilikdə istehsalat təlimi və təcrübə “təhsilalanın peşə hazırlığının tərkib hissəsi” kimi qeyd olunurdu, lakin əmək müqaviləsi tələbi yox idi. Bu boşluq bir çox hallarda tələbələrin əvəzsiz əmək qüvvəsi kimi istifadəsinə, yaxud təcrübənin formal kağız üzərində aparılmasına gətirib çıxarırdı. Yeni mexanizm bu situasiyanı dəyişir”.

Ekspert qeyd edib ki, dəyişiklik işəgötürənlərin marağını azaldacağına dair narahatlıq müəyyən qədər başadüşüləndir, çünki əmək müqaviləsi bağlamaq işəgötürən üçün əlavə öhdəliklər yaradır:
“Əmək haqqı və ya təqaüd forması, sosial sığorta ayırmaları, təhlükəsizlik təlimi, iş saatlarının tənzimlənməsi kimi tələblər. Statistik təcrübə göstərir ki, Avropa Ölkələrində, məsələn Almaniyada “Berufsausbildung” modeli çərçivəsində təcrübəçilərlə müqavilə bağlamaq məcburidir və bu, işəgötürənlərdən əlavə xərclər tələb edir. Lakin buna baxmayaraq Almaniyada 430 min işəgötürən illik olaraq təcrübəçiləri qəbul edir. Bunun səbəbi ondan ibarətdir ki, müqaviləli təcrübə həm işəgötürənin riskini azaldır, həm də gələcək kadr ehtiyatını formalaşdırır. Yəni müqavilə işəgötürən üçün əngəl deyil, düzgün dizayn olunanda investisiyadır”.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan reallığında isə işəgötürənlərin marağının azalması ehtimalı yalnız o halda baş verə bilər ki, qanunvericilikdə tələb olunan öhdəliklər maliyyə yükünü artıran formada tətbiq olunsun:
“Əgər müqavilə mexanizmi Almaniya, Estoniya, Litva təcrübəsində olduğu kimi “minimal ödəniş + sosial sığorta + məhdud iş saatı” prinsipi ilə həyata keçirilsə, işəgötürənlər üçün risk minimuma enəcək. Xüsusilə Azərbaycanda müəssisələrin 95 faizinin kiçik və orta sahibkar olduğu nəzərə alınsa, onların əlavə yükə həssaslığı daha yüksəkdir. Amma burada üstünlük ondadır ki, müasir əmək bazarı artıq formal olmayan təcrübəni qəbul etmir; həm hüquqi şəffaflıq, həm də tələbələrin istismardan qorunması baxımından bu dəyişiklik vacibdir”.
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar dual təhsil, işə əsaslanan bacarıqlar, kollec-sənaye əməkdaşlığı, universitetlərdə “career center”lərin gücləndirilməsi, bu mexanizmi dəstəkləyən çox güclü baza yaradıb:
“Nazirliyin yanaşması göstərir ki, tələbənin yalnız diplomla deyil, əmək bacarığı ilə bazara çıxması prioritetdir və əmək müqaviləsi məhz bunu təmin edən instrumentdir. Tələbələr üçün bu yenilik çox müsbətdir: hüquqi müdafiə, real əmək stajı, rəsmi sığorta və gələcəkdə işə qəbul prosesində üstünlük əldə edəcəklər”.
K.Əsədov bildirib ki, işəgötürən üçün isə düzgün tənzimlənmiş müqavilə mexanizmi əslində fayda yaradır:
“Konkret və ölçülə bilən öyrənmə nəticələri, iş intizamının təmin edilməsi, gələcək işçi ehtiyatının formalaşması və seçimin daha az risklə aparılması. Beynəlxalq təcrübə göstərir ki, təcrübəçilərin ən azı 42 faizi sonradan həmin müəssisədə daimi işə keçirilir (Eurostat 2022). Bu göstərici onu sübut edir ki, təcrübə müqaviləsi işəgötürənin investisiya motivasiyasını artırır, azaltmır”.
Müsahibimiz qeyd edib ki, qanun dəyişikliyinin işəgötürən marağını azaltması yalnız mexanizmin necə qurulacağından asılıdır:
“Əgər əmək müqaviləsi minimal öhdəliklərlə, lakin yüksək şəffaflıqla tətbiq olunarsa, əksinə, tələbələrin təcrübəyə çıxışı daha da genişlənəcək. Bu yanaşma həm də ölkədə peşə bacarıqlarının inkişafı, əmək bazarının şəffaflaşması və “qeyri-formal təcrübə dövrü”nə son qoyulması baxımından çox müsbət addımdır və Elm və Təhsil Nazirliyinin əmək bazarı ilə təhsil arasında əlaqəni gücləndirməsi istiqamətindəki siyasətinə tam uyğundur”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli, 489 nömrəli qərarı var.
Onun sözlərinə görə, həmin qərarda ali və orta ixtisas təhsili müəssisələrində tələbənin ixtisas üzrə təcrübə keçmə qaydası qeyd olunub:
“Həmin qaydada göstərilir ki, təcrübə keçən tələbələr ilə əmək müqaviləsi bağlana bilər. İndi, Əmək Məcəlləsinin 47-ci maddəsinə yeni bənd əlavə olunur ki, təhsilalanların istehsalat təcrübəsi keçdiyi halda, onlarla müddətli əmək müqaviləsi bağlanmalıdır. Yənidəyişiklik bundan ibarətdir”.

Müsahibimiz qeyd edib ki, bu heçnəyi dəyişməyəcək:
“Çünki, təcrübə keçən tələbələrlə, onları qəbul edən müəssisələrin əməkhaqqı ödəmə praktikası demək olar ki, yoxdur. Xüsusən dövlət təsisatlarında, büdcə təsisatlarında bu ümumiyyətlə mümkün deyil. Hətta onunla bağlı təhsil müəssisəsi ödəniş etsə belə, büdcə təşkilatlarında və dövlət orqanlarında bu mümkün deyil. Çünki, onların əmək müqaviləsi elektron informasiya sisteminə yerləşdirilmir. Bu mexanizm yaradılmayıb, sadəcə təklifdir”.













