AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
30 noyabr 2017
6 995


Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti



Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu insan kapitalına yüksək dəyər verilən ölkəmizdə təhsilin keyfiyyətini yüksəltməyi, onun məzmununa və təşkilinə qloballaşma, informasiyalaşdırma tələbləri baxımından yanaşılmasını zəruriləşdirir. Qanunun 11-ci maddəsində əksini tapmış tələblərə görə, təhsilalanlar dövrün tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər...


Bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələr bütövlükdə cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə bağlıdır. Son nəticə olaraq yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks həllini tələb edir:


1. "Təhsil haqqında" Qanunun qarşıya qoyduğu tələblər dərindən öyrənilməli, təhsilin sosial-tarixi məqsədi aydın təsəvvür olunub konkretləşdirilməlidir.


2. Təhsil fasiləsiz olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır.


3. İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan təhsil pillələrində - orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır.


Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır.


Buradan da pedaqoji təcrübənin ali məktəblərdə müəllim hazırlığında əhəmiyyəti və rolu bir daha bütün parametrlərdə aşkara çıxır.


Pedaqoji təcrübə ali (orta ixtisas) məktəbin tədris planında xüsusi yeri olan bir prosesdir. İlk üç semestr ərzində ixtisas fənlərinin,  pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Özü də bu təhsil mərhələsinə başlama ali (orta ixtisas) məktəb rəhbərliyinin, elmi (pedaqoji) şura üzvlərinin bir növ şahidliyi, metodik tövsiyələri ilə başlayır. Əslində pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir.


Əslində təcrübə sosial sərvətdir və pedaqoq olacaq gənclərin pedaqoji təcrübə prosesi iki mahiyyətlidir:


1. Tələbələr bu prosesdə məktəb müəllimlərinin tədris sistemini müşahidə etməklə, dərslərində iştirak etməklə bu sosial-pedaqoji dəyərlərə yiyələnirlər.


2. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır, uğurlu sınaq və zaçot dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər.


Pedaqoji təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin imtahan və zaçotlarda yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara  çıxarıb qiymətləndirmədə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır.


Pedaqoji təcrübənin səmərəli təşkilində müxtəlif amillər əhəmiyyət daşıyır. Bunlardan biri pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə məktəb rəhbərliyinin nəzarətidir.


Mövcud pedaqoji ədəbiyyatda məktəbdaxili nəzarətin məqsədi məktəb strukturuna aid olan sahələrin işinin məzmunu ilə bağlanır, hər bir konkret şərait üçün müəyyənləşdirildiyi qeyd olunur.


Təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, dünyəviləşdirilməsi istiqamətlərində axtarışların  genişləndirildiyi bir zamanda məktəbə nəzarətin sisteminə daxil olan tərəflərin də dəyişdirilməsinə ehtiyac duyulur. Belə ki, pedaqoji ədəbiyyatda nəzarət ediləcək sahələrə icbari təhsil; ayrı-ayrı fənlərin tədrisi; dövlət proqramlarının yerinə yetirilməsi; şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi; sinifdənxaric və məktəbdənkənar tədbirlər; ailə və ictimaiyyətlə iş; məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və s. daxil edilir. Həmin mənbədə sahələrdən biri "metodik iş, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilib yayılması" kimi formula edilmişdir. İllik nəzarət məsələləri planlaşdırılarkən məhz pedaqoji təcrübənin başlanılmasından başa çatdırılana qədərki dövrünün nəzarəti də nəzərə alınmalıdır.


Məktəb işlərinə nəzarətin bir sıra tələbləri vardır. Professor N.Əhmədovun "Məktəbdaxili nəzarətin forma və metodları" (Bakı, 1988) kitabında nəzarətə verilən tələblər kimi aşağıdakılar qeyd və şərh olunmuşdur: səmərəlilik, işin keyfiyyət və səmərəsinin yüksəldilməsi üçün stimul olması, təsirlilik, elmilik, faktların doğruluğu və mötəbərliliyi, planauyğunluq, məqsədyönümlülük, sistematiklik, əhatəlilik, perspektivlik, prinsipiallıq, aşkarlıq və s.


Müşahidələrimizdən aydın olur ki, heç də bütün məktəblərdə məktəbdaxili nəzarətin sistemi dərs ilinin lap əvvəlindən planlaşdırılmır. Bu problemin bir tərəfidirsə, başqa bir tərəf pedaqoji təcrübəyə gələnlərin fəaliyyəti ilə bağlı məsələlərin məcmusudur.


Metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, əslində, tədris müəssisəsində məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurmalıdır. Məktəb rəhbərliyi, pedaqoji kollektiv bunu ali məktəb  (orta ixtisas) rektorluğunun (direktorluğunun), tədris hissəsinin, fakültə dekanlığının orta məktəb kollektivinə inamı, etibarı kimi qəbul etməlidirlər. Deməli, orta və ali (orta ixtisas) məktəbi arasında birgə fəaliyyət imkanı yaranır. Bu imkandan istifadə etməklə ümumilikdə təhsil sistemi qarşısında duran vəzifələrdən bir neçəsini reallaşdırmaq olar. Əsasnamə və nizamnaməyə görə, direktor təcrübəyə gələnləri şəxsən qarşılamalı, pedaqoji rəhbər və metodist müəllimi dinləyib təcrübə vaxtını dəqiqləşdirməli, sınaq və zaçot dərslərinin təşkilini bilavasitə direktor müavininə həvalə etməklə özü nəzarət etməlidir.


Məktəb direktorluğu təcrübəçi tələbələrin normal çalışmaları, müşahidə aparmaları üçün, ilk növbədə, sinif üçün əlverişli şərait yaratmalıdır.


Məktəb rəhbərliyinin məktəbdaxili nəzarət formaları pedaqoji ədəbiyyatda ümumiləşdirilmişdir. Buraya tematik, frontal, xəbərdarlıqlı, şəxsi, ardıcıl, icmal, sinif-ümumiləşdirici, iki-üç müəllimin eyni ixtisas üzrə eyni mövzuda dərsini öyrənmək, qarşılıqlı dərs dinləmə kimi formalar daxildir.


Bu nəzarət formaları ümumilikdə məktəb üçün, pedaqoji kollektiv üçün xarakterik olub, tətbiq edilə bilər. Pedaqoji praktika zamanı məktəb rəhbərliyi (direktor, tədris işləri üzrə müavin) ümumilikdə pedaqoji təcrübənin gedişinə pedaqoji-psixoloji baxımdan müsbət təsir göstərmək üçün frontal nəzarətdən istifadə edə bilər. Bunun üçün direktor pedaqoji rəhbər və metodist müəllimlə məsləhətləşib təhsildə seçilən iki-üç tələbə - təcrübəçinin dərslərini frontal nəzarətə götürmək istəyini bildirə bilər. Ümumi razılıqdan sonra frontal nəzarət planı tərtib edilir. Təcrübəçinin gündəliyi, icmalı ilə rəhbərlik tanış olur; onun iki-üç sinifdə dərslərini dinləyir; müəllimin yeni təlim texnologiyalarından, interaktiv və inteqrativ metodlardan istifadə bacarığını aşkara çıxarır; sonrakı dərslərdə iştirak edərək təcrübəçinin keçdiyi mövzuların mənimsənilmə səviyyəsini aşkara çıxarır; ayrı-ayrı şagirdlərin ev tapşırığı dəftərlərini yoxlayır; tələbənin məktəbin ictimai həyatında fəaliyyətini öyrənir; onun şagirdlərlə apardığı işlərlə maraqlanıb şagirdlərlə söhbət edir; tələbə-təcrübəçinin pedaqoji və elmi ədəbiyyatları mütaliə səviyyəsi ilə maraqlanır; özünütəhsili və peşəyə marağını aşkarlayır. Təbii ki, bu proses seçmə yolu ilə reallaşdırılır. Məktəb rəhbərliyi, pedaqoji rəhbər və metodist müəllim birliyinin həyata keçirdiyi bu cür iş:


- pedaqoji təcrübə iştirakçılarının məsuliyyət hissini artırır;


- təcrübəçi tələbələrin təhkim olunmuş müəllimlərlə - gələcək həmkarları ilə sistemli şəkildə iş aparmaq hissini dərinləşdirir;


- şagirdlərdə pedaqoji təcrübəyə gələnlərin işinə ciddi münasibət aşılayır;


- ümumilikdə pedaqoji təcrübənin daha səmərəli, effektli, yaradıcı təşkilinə güclü təsir göstərir.


Təbii ki, bu işin ən dəyərli məqamlarından biri tələbənin yaxşı işinin ümumməktəb üzrə qabaqcıl təcrübənin bir faktı kimi dəyərləndirilib sənədləşdirilməsi, "Təcrübəçi tələbələrin dərsləri" adlı stend tərtib olunması, təcrübənin sonunda belə gənclərə yazılı təşəkkürnamələrin təqdim olunmasıdır.


Qabaqcıl məktəblərin bu sahədəki müsbət təcrübəsi ilə tanışlıq, ayrı-ayrı fənn müəllimlərinin dərslərini müşahidə, keçirilmiş təcrübələrlə bağlı ali məktəblərin sənədlərinin öyrənilməsi göstərir ki, pedaqoji təcrübə də məktəbdaxili nəzarətdən kənarda qalmamalıdır.


Deməli:


- pedaqoji təcrübənin səmərəliliyi onun təşkili və keçirilməsi üçün əlverişli şərait yaradılması ilə bağlıdır;


- pedaqoji təcrübənin effektivliliyi müəllim olmağı peşə seçmiş gənclərin hazırlığı mərhələsində bacarıqlı, yaradıcı müəllimlərin iştirakı təsirli və əhəmiyyətlidir;


- təcrübəçi tələbələrə məktəb rəhbərliyi və fənn müəllimlərinin müsbət münasibəti onların sınaq və zaçot dərslərinin normal və qaydasında keçilməsi üçün mühüm amillərdəndir;


- müəllimlərin dərslərində fəal iştirak edən, öz dərslərini müasir tələblər səviyyəsində keçən, şagirdlərlə maraqlı tədbirlər təşkilinə nail olan tələbələrin pedaqoji təcrübəsinin məktəb rəhbərliyi tərəfindən qabaqcıl təcrübə faktı kimi dəyərləndirilib məktəb foyesində stend kimi sənədləşdirilməsi sonrakı illərdə pedaqoji təcrübəyə gələnlərin səmərəli çalışmaları üçün mənəvi stimuldur;


- pedaqoji təcrübəni uğurla başa vuran tələbələrlə bağlı məktəb kollektivinin ali məktəb rəhbərliyinə, fakültə dekanlığına razılıq məktubları gələcək müəllimlərdə peşəyə maraq və meyili dərinləşdirən psixoloji faktora çevrilir. 


Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin direktor müavini




Загрузка...
Həmçinin oxuyun:
Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

“Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Pedaqoji idarəetmənin predmeti

Pedaqoji idarəetmənin predmeti