“Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda seminar KEÇİRİLİB
“Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib.
25–26 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilmişdir.
Tədbirin əsas məqsədi NATO-nun müvafiq strukturlarının, həmçinin Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt tətbiqi üzrə mövcud tendensiyalar barədə məlumatlılığının artırılması olmuşdur.
AzTehsil.com xəbər verir ki, Seminarın “Təhsil sistemində süni intellekt, rəqəmsal transformasiya və kibertəhlükəsizlik” istiqaməti üzrə çıxışında Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov məruzə etmişdir. Son illərdə ölkənin təhsil sistemində aparılan rəqəmsal modernləşmədən bəhs edən Vüsal Xanlarov rəqəmsallaşma nəticəsində təhsil sistemində kibertəhlükəsizlik məsələlərinə də toxunmuşdur. Təhsil sisteminin gələcək inkişaf prioritetləri məsələlərinə gəldikdə isə fərdi öyrənmə nəticəsinə əsaslanmış adaptiv təhsil ekosisteminin qurulması üçün süni intellekt əsaslı təhsil həllərinin hazırlanması, müasir infrastruktura və texnologiyalara əsaslanan ağıllı siniflərin yaradılması və yeni nəsil öyrənmə platformalarının tətbiqi məsələlərindən də bəhs edilmişdir.
Seminar müddətində rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektin müdafiə və hücum məqsədli tətbiqetmə trendləri, habelə zərərli proqramlar, informasiya əməliyyatları və digər kiber təhdidlərin qarşısının alınmasında süni intellekt texnologiyalarının əhəmiyyəti mövzularında geniş müzakirələr aparılmışdır.![]()










