“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib
Göygöldə təhsil müəssisələrinin rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən görüşün məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, Göygöl rayon Prokurorluğunun müstəntiqi Nəsib Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva, məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüş müddətində “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub.
Görüş interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.![]()










