4-cü sinifdən sonra bəzi fənlər könüllü olmalıdır - TƏKLİF
Təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi dərsləri ibtidai siniflərdə vacibdir. Onlar şagirdlərin bacarıqlarını və maraqlarını ilkin mərhələdə üzə çıxarmaq üçün əhəmiyyətli addım hesab oluna bilər.
AzTehsil.com xəbər verir ki, bu fikirləri təhsil jurnalisti Məzahir Məmmədli açıqlamasında bildirib.
Sovet ənənələrindən qurtulmaq lazımdır.
"Amma mən düşünürəm ki, IV sinifdən sonra bu fənlər artıq könüllü olmalıdır. Çünki əgər şagirdin həmin sahəyə marağı yoxdursa, onu məcbur etmək düzgün deyil. Bu kimi məsələlər hamısı bizim ənənəvi təhsil sistemindən gəlir. Görünür, biz hələ də bundan tamamilə xilas ola bilməmişik.Bu dərs saatlarını yaradıcı və fərqli maraqlara yönəltmək olar. Məsələn, sinifdə fiziki tərbiyə dərsi gedirsə, kiminsə idmana marağı olar, başqa birisi isə kitabxanada çalışa bilər. Beləliklə, uşaqlara daha çox müstəqillik verilmiş olar.
Kimin musiqiyə, kimin incəsənətə, kimin idmana daha çox marağı varsa, o sahədə peşəkar inkişaf imkanı qazansın. Bu, hər kəsi eyni fəaliyyətə məcbur etməkdən qat-qat faydalıdır.
Məncə, bu məsələdə Sovet dövründən qalma ənənələrdən qurtulmaq lazımdır. Təhsildə inqilab qısa zamanda baş vermir, nəticələrini də dərhal görmək olmur. Amma hər halda dəyişikliklərə başlamaq üçün cəsarət göstərməliyik. Təhsilə həm də milli ruhumuzu gətirməliyik.
Düzdür, bu gün hər bir addım çox ciddi tənqid olunur, çünki biz psixoloji baxımdan yeniliklərə tam hazır deyilik. Amma təcrübə göstərir ki, hər bir yenilik nəhayətdə sağlam və müsbət nəticələrə aparır. Ona görə də Sovetdən qalan köhnə üsullardan qurtulmaq, yeniliklərə doğru addım atmaq lazımdır".