Təhsil bizim hamımızın İŞİDİR
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən ekspert Kamran Əsədov bildirib ki, ölkəmizdə hər gün təhsilə 2,2 milyon insanın – müəllim, şagird, tələbə, direktor, müdir kimi – birbaşa cəlb olunduğunu nəzərə alanda, bu qədər böyük və mürəkkəb sistemdə müəyyən çətinliklərin yaşanması təbiidir. Amma əslində bu sistemin quruluşu da, idarəetmə mexanizmi də əvvəlkindən qat-qat daha şəffafdır. Müəllimlər, direktorlar, müdirlər imtahanlarla, müsabiqələrlə və elektron seçimlərlə vəzifəyə gəlirlər. Şagirdlər də məktəblərə elektron qaydada qəbul olunurlar.
Əgər biz narazıyıqsa, deməli, problem şəffaflığın olmamasında deyil, bəzən gözləntilərimizin düzgün formalaşmamasındadır. Çünki illərdir təhsil sahəsində ən çox yeni bina tikən, ən çox infrastruktur yaradan məhz Elm və Təhsil Nazirliyidir. Məqsəd isə saxta səs yazıları, təxribatçı paylaşmalarla sistemi gözdən salmaq deyil, əksinə daha da təkmilləşdirmək olmalıdır. Təhsil bizim hamımızın işidir, çünki müəllim də, tələbə də, şagird də, direktor da bizdən biridir.
Əsl sual budur: biz təhsildən nə istəyirik? Daha çox şəffaflıqmı? Onsuz da proseslərin əksəriyyəti şəffaf imtahanlarla tənzimlənir. Deməli, bizə lazım olan daha çox əməkdaşlıq, dəstək və etimaddır. Təhsil bizim gələcəyimizdir, onun uğurlu olması isə hər birimizin yanaşmasından asılıdır.