DİM-dən AÇIQLAMA
AzTehsil.com xəbər verir ki, bir neçə gün bundan öncə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, bu il IX sinif buraxılış imtahanlarında xarici dil fənləri üzrə ilk dəfə yeni növ tapşırıq modelindən istifadə edilib və həmin tapşırıq tipi 2027-ci ildə tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında tətbiq olunacaq.
Bəs yeni tapşırıq modeli necə olacaq?
DİM-dən mövzu ilə bağlı bildirilib ki, söhbət imtahanın ümumi modelinin dəyişməsindən deyil, yalnız xarici dil üzrə yazı bacarıqlarının yoxlanılması üçün yeni növ tapşırıq tipindən gedir. Belə ki, şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında kiçik həcmli hekayə qurmaq tələb olunurdu. Bu, yazı bacarıqlarını ölçməyə yönəlmiş funksional tapşırıqdır.
Xarici dil fənlərinə aid yeni növ test tapşırığı 2025-ci ildə IX sinif buraxılış imtahanların tərkib hissəsi kimi tətbiq olunub. 2027-ci ildən isə “Yazı” məzmun xətti üzrə bilik və bacarıqların qiymətləndiriliməsi bu və digər tapşırıq növləri əsasında XI sinif buraxılış imtahanlarında da həyata keçiriləcək.
Qurumdan əlavə edilib ki, IX sinif eləcə də, digər imtahanlarının nəticələrinin təhlili il ərzində həyata keçiriləcək və ənənəyə uyğun olaraq ümumi nəticələrin növbəti il “Abituriyent”12 jurnalında ictimaiyyətə təqdim olunması gözlənilir.
Qeyd edilib ki, yeni tapşırığın əsas məqsədi şagirdlərin vizual informasiyanı yazılı formada ifadə etmək bacarığını qiymətləndirməkdir. Bu üsul beynəlxalq qiymətləndirmə sistemlərində də geniş tətbiq olunur.