170 mindən artıq dərslik muxtar respublikaya gətirilib
Yeni tədris ili üçün 170 mindən artıq dərslik muxtar respublikaya gətirilib.
AzTehsil.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinə hazırlıq işləri sürətlə davam etdirilir. Ümumtəhsil məktəbləri üçün dərslik təlabatı əvvəlcədən müəyyənləşdirilərək sifarişlər verilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 170 mindən artıq dərslik muxtar respublikaya gətirilib.
Yaxın günlərdə dərsliklərin şəhər və rayon təhsil şöbələrinə paylanılması prosesinə başlanılacaq. Proses yekunlaşdıqdan sonra isə təhsil şöbələri tabeliklərində olan təhsil müəssisələrinə kitablarını təhvil verərək şagirdlərin dərsliklərlə təminatını həyata keçirəcək.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün bəzi dərsliklərdə məzmun və tərtibat baxımından yenilənmələr aparılmışdır. Bir neçə adda dərsliklər təkmilləşdirilərək yenidən nəşr olunmuşdur.
Yeni tədris ilindən VI sinif üzrə Azərbaycan tarixi fənni də tədris dilindən asılı olmayaraq bütün məktəblərdə dövlət dilində tədris olunacaq. Buna müvafiq olaraq həmin dərslik dövlət dilində nəşr olunmuşdur.