Proqram mühəndisliyi...- Ətraflı
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri tədqiq olunur.Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında bu elmi qurumda proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri üzrə 2025-ci ilin birinci yarısında aparılmış tədqiqatlar barədə məlumat verilib.
AzTehsil.com- n əldə etdiyi məlumata görə İnstitutdan bildirilib ki, şöbə müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmədə cari ilin yarımillik dövrü ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin çapı, keçirilmiş elmi seminarlar və s. haqqında ətraflı danışıb.
Dosent T.Kazımov “Sosial mühəndislikdə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və tövsiyələrin verilməsi” mövzusu üzrə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və konseptual modelin işlənməsi, eləcə də proqram sistemlərinin istismarı prosesində meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsi istiqamətində tədqiqatlar aparıldığını qeyd edib.
Şöbə rəhbəri “Proqram sistemlərinin dayanıqlılığının artırılması üçün metod və modelin işlənməsi” mövzusunda aparılan tədqiqatlar barədə də məlumat verib. Bildirib ki, proqram sistemlərinin dayanıqlığının artırılması üçün qeyri-səlis neyron şəbəkədən istifadə olunub, proqram kodunun obfuskasiyasının elmi-nəzəri problemləri araşdırılıb, proqram təminatı layihələrinin vizuallaşdırılması üçün mövcud model və vasitələrin müqayisəli təhlili aparılmış və məqalələr hazırlanıb.
Dosent T. Kazımov hesabat dövründə “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli konfranslarda 4 məqalənin və 5 konfrans materialının çap olunduğunu vurğulayıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim struktur bölmədə müasir dövrün çağırışlarına cavab verən elmi istiqamətlərdə tədqiqatlar aparıldığını qeyd edib, proqram sistemlərinin problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.