“Region Gənclərinin III Liderlik Məktəbi” başa çatıb
“Region Gənclərinin III Liderlik Məktəbi” başa çatıb.
AzTehsil.com xəbər verir ki, avqustun 11-dən 17-dək Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ənənəvi “Region Gənclərinin III Liderlik Məktəbi” düşərgəsi Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində yekunlaşıb. Düşərgədə ölkənin müxtəlif bölgələrinin ali təhsil müəssisələrini təmsil edən 120 tələbə iştirak edib.
Proqram çərçivəsində gənclər liderlik, komanda idarəçiliyi, kommunikasiya, layihə menecmenti, sahibkarlıq və startaplar üzrə təlimlərdə, seminar və panel müzakirələrdə iştirak edərək bilik və təcrübələrini artırıblar.
Düşərgədə komandalar hər gün müxtəlif konseptlərdə “Konstitusiya və Suverenlik İli” mövzusuna uyğun divar qəzeti hazırlayıblar. Həmçinin sosial media üzərindən hazırladıqları unikal paylaşımlarla layihə təqdim ediblər.
Proqramda “Vətən”, “Zəfər”, “Dirçəliş”, “Qayıdış” və “Birlik” adlı komandalar iştirak ediblər.
Xüsusi tədbirlərdən biri də “Təbiət mövzusunda Fashion Show” olub. Burada iştirakçılar yaradıcılıqlarını nümayiş etdirərək ətraf mühitin qorunması və təbiət sevgisi mövzusunu incəliklə ifadə ediblər. Sonda “Zəfər” komandası birinci olub. “Vətən” və Dirçəliş” komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər.