Abbas Səhətin anım GÜNÜDÜR
Abbas Səhətin anım günüdür.
AzTehsil.com xəbər verir ki, bugün şair dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Əliabbas oğlu Mehdizadənin (Abbas Səhhət) anım günüdür.
O, 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib.
1894-cü ildə İrana gedib Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb. Gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.
İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirən A.Səhhət sonralar da Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi:
“Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim”.
Şair 1908-ci ildə baş verən İran inqilabına ən gözəl əsərlərini həsr edib.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Qeyd edək ki, Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.