Xəbərlər, Ziyalılar
12 iyun 2020

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il martın 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Əməkdar artist Bəhram Bağırzadənin Bakıda böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması təklifi ilə çıxış etdiyini, sözsüz, hörmətli oxucularımız yaxşı xatırlayırlar. Qaldırılan məsələyə yüksək həssaslıq və qədirşünaslıqla yanaşan, milli dəyərlərə hər zaman olduğu kimi böyük diqqət və qayğı göstərən dövlət başçısı həmin təklifi dəstəklədiyini bəyan etdi.
 
"Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir”, - deyə vurğulayan Prezident İlham Əliyev böyük xeyriyyəçinin tarixi xidmətlərini yada salaraq onun on minlərlə insana köməyi dəydiyini, hətta Hacının xeyriyyəçilik əməllərindən onun ailəsinə də pay düşdüyünü məmnunluqla xatırlatdı, öz növbəsində bu böyük insana olan diqqət və qayğısının əlaməti olaraq öz şəxsi təşəbbüsü ilə  Hacının əbədi uyuduğu Mərdəkandakı Pir Həsən Ziyarətgahının abadlaşdırıldığını, Hacının şəxsi mülkünün əsaslı şəkildə bərpa olunduğunu, nəhayət, hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi yerləşən həmin sarayda H.Z. Tağıyevin ev-muzeyinin də təşkil olunduğunu həssas duyğularla görüş iştirakçılarının diqqətinə çatdırdı, müvafiq dövlət qurumlarına məsələylə bağlı təkliflər hazırlanmasını tapşırdı. Qısa müddətdə abidənin ucaldılması ilə bağlı təşkilati işlərə start verildi.

Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  "Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında”  11 mart 2020-ci il tarixli Sərəncam imzalanmış, Azərbaycanda neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində onun abidəsinin ucaldılması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Hesab edirik ki, milli mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır. Bu sərəncam tarixdə iz qoymuş böyük şəxsiyyət olan H.Z.Tağıyev fenomeni haqqında xalqımızın çoxdan arzuladığı tarixi ədalətin təntənəsi baxımından müasir tariximizə, milli yaddaşımıza əbədi həkk olunacaqdır.

Müasirləri böyük Azərbaycan mesenatı və maarifçisi, türk-islam dünyasının tanınmış filantrop-xeyriyyəçisi, sənaye təşkilatçısı, Vətənimizdə milli sahibkarlığın görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) millət və insanlıq qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onu "Qafqaz müsəlmanlarının fəxri”, "müsəlmanların başçısı”, "islamın böyük fəxri”, "millətin müqəddəs atası”, "fəqir-füqəranın (kasıb və kimsəsizlərin) hamisi və ümidi”, "müsəlmanların beynində elm və mərifət nuri işıqlandıran”, "millətin mənəvi və mehriban atası”, "birinci xeyirxahi-millət və maarifpərvər”, "millətin fəxri”, "Zaqafqaziyada şöleyi-elm (elm işığı) yandıran”, "Zaqafqaziya müsəlmanlarını xabi qəflətdən (qəflət yuxusundan) oyandıran”, "müsəlmanların xeyirxahı”, "müsəlmanların ünasiyyə tərbiyəsinin (qadın təhsilinin) müəssisi və banisi”, "millət bəzəyi, ruzigarın nadir əsəri” və s. bu kimi yüksək epitetlərlə öyür, təqdir edirdilər. Sözsüz, bütün bunlar səbəbsiz deyildi. Çünki bu böyük İNSAN şərəfli ömrünün ən azı 70 ilini yorulmadan Vətənin yüksəlişinə,  millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmişdi.

Milli tariximizin XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərinin bütöv bir mərhələsini-milli maarifçilik, milli oyanış və dirçəliş dövrünü təmsil edən, halal zəhməti ilə qazandığı sərvətlə bu prosesləri himayə edən H.Z.Tağıyev xalqımızın qan yaddaşında xeyriyyəçilik, mesenatlıq mücəssəməsi kimi özünə əbədi heykəl ucaltmış "millət atası” idi
 
"Anaları savadsız olan xalq kordur”, - deyən Şərq - islam dünyasının ilk mesenatı H.Z.Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək türk-islam aləmində ilk dünyəvi milli qadın təhsili ocağının Azərbaycanda yaradıcısı və banisi kimi də mədəniyyət tariximizə imzasını atmış böyük maarif fədaisi, tarixdə iz qoymuş nadir şəxsiyyət idi. Bu böyük maarifçinin ömrünün sonunadək mübarizə apardığı həyat amalının təməlində millətin tərəqqisinin, özünün dediyi kimi,  "yeganə çıxış yolu məktəb, yalnız məktəb, təhsil ola bilər” prinsipi durmuşdu.
 
 
Ömründə heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev millətə, insanlığa köməkdən, maarif və mədəniyyətin inkişafına, xalqın maariflənməsinə etdiyi yardımlardan mənəvi rahatlıq tapırdı. İnsansevərlik simvolu olan xeyriyyəçiliyə fəlsəfi-dini anlam verərək bunu Uca Tanrı qarşısında özünün mənəvi borcu sayırdı...

 

Xalqın maariflənməsinə köməyi özünün həyat idealı hesab edən, "Məktəb təhsili yolu ilə müsəlmanları öz ayrılmaz insan hüquqlarını dərk etdirməyə çalışmaq lazımdır”, deyən bu böyük mesenat və maarifpərvər ötən əsrin əvvəllərində "Tazə həyat” qəzetində (12.02.1908) çap olunmuş "Mənim təcrübəmdən” adlı məqaləsində yazırdı: " ... Xoşbəxtliyimmidir, yoxsa Allahın vergisidir, - deyə bilmərəm, nə ilə bağlıyam? Lakin mənim ən çox sevdiyim iş, mənim sənaye işimlə yanaşı, mən belə hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün, mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi lazımdır. Xalqımın maariflənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək, mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən, mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi... tərbiyə (təhsil) ilə bağlıdır...”.

 

Hörmətli oxucu! Gəlin bu böyük xeyriyyəçinin ömür yolunun və fenomenal maarifçilik fəaliyyətinin salnaməsini birlikdə vərəqləyək:

 

Hacı Zeynalabdin Tağıyev XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında müstəsna xidmətlər göstərmiş fenomenal şəxsiyyət, ictimai xadim idi. Tariximizin bu mərhələsində elə bir hadisə yox idi ki, orada onun bu və ya başqa şəkildə iştirakı olmamış olsun, dövrün hadisələrini yönləndirən fikir və əməl adamlarına maliyyə dəstəyi göstərməmiş olsun. Sözsüz, H.Z.Tağıyev, hər şeydən qabaq, sahibkar idi. Azərbaycanda milli sahibkarlığın formalaşmasında, iqtisadiyyatın inkişafında müstəsna xidmətlər göstərmiş, neft sənayesinin, yüngül sənayenin, Bakı şəhərinin infrastrukturunun  (Şollar su kəmərinin çəkilişi, konka şəhər nəqliyyatı və s.) təşəkkülünə dəyərli töhfələr vermişdi.

 

Bunlarla yanaşı, o, Vətənimizdə mesenatlıq-xeyriyyəçilik məktəbinin əsasını qoymuş, böyük maarifçi kimi maarif və mədəniyyətin inkişafı və tərəqqisi naminə misilsiz xidmətlər göstərmiş, Azərbaycan mədəniyyəti tarixinə özünün şərəfli adını əbədi olaraq həkk olunmasına nail olmuşdu. Azərbaycan mətbuat tarixinin görkəmli nümayəndəsi Haşım bəy Vəzirov ötən əsrin əvvəllərində H.Z.Tağıyevin türk-islam dünyasına xidmətlərindən danışarkən "Tazə həyat” qəzetində (10.04.1907) yazırdı: "Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün eylədiyi xidmətlərini durub burada bir-bir saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik...”.

 Yüz il bundan əvvəl söylənmiş və tarixi həqiqəti əks etdirən bu fikir indi də öz qüvvəsində qalmaqdadır. Tarixi reallıq belədir ki, ötən əsrin əvvəllərində H.Z. Tağıyev haqqında kifayət qədər sanballı əsərlər yazılmış, Tağıyev fenomeninin məzmunu və mahiyyəti xalqa çatdırılmışdı. Lakin bolşevik rejiminin Azərbaycana gəlişi, Vətənimizdə 28 Aprel çevrilişi ilə meydana çıxan kommunist  ideologiyası digər milli-mənəvi dəyərlər kimi Tağıyev fenomenini də xalqın yaddaşından silmək yolunu tutdu. Sovet dövrü tarixşünaslığında onun adı yasaq edildi, xeyirxah əməlləri başqalarının adına çıxıldı... Sovet rejiminin bütün basqılarına rəğmən, Hacının adını və böyük əməllərini xalqın yaddaşından çıxarmaq mümkün olmadı. Onun haqqında tarixi həqiqətlər əfsanə şəklində xalqın yaddaşına köçdü, Hacı əfsanələşdi və yaşadı...

Azərbaycanın müstəqilliyə qovuşması H.Z.Tağıyev fenomenini yenidən xalqa qaytardı. Son illərdə bu böyük insan haqqında elmi-kütləvi, bədii-publisistik xarakterli dəyərli əsərlər yaransa da, bu görkəmli mesenatın, Şərqin böyük filantropunun bioqrafiyasında öyrənilməli mətləblər və nəsillərə örnək olacaq məqamlar kifayət qədər çoxdur...
 
 
Ancaq bir həqiqəti etiraf etməliyik ki, H.Z. Tağıyevin çoxcəhətli sahibkarlıq fəaliyyətində mərkəzi yeri maarifçilik, mesenatlıq, filantropluq, xeyriyyəçilik tutur. Bu yazıda bizim məqsədimiz onun maarifçilik fəaliyyətinin əsas aspektlərinə işıq tutmaqdan, bəzi qaranlıq, dolaşıq mətləbləri ilkin mənbələr əsasında incələməkdən, hələ sağlığında əfsanələşən bu böyük insanın maarif və mədəniyyətimizin tarixində misilsiz rolunu aydınlaşdırmaqdan və müasir gəncliyə çatdırmaqdan ibarətdir.
 
 
Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının "İçərişəhər” adlanan qədim hissəsində başmaqçı ailəsində doğulmuşdu. Kasıb ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəyə götürmüş, gərgin əmək, dəmir iradə sayəsində quyu qazdırmış, nəhayət, neft fontanı nəticəsində milyonçuya çevrilmişdi. Başqa milyonçulardan fərqli olaraq, halal zəhmət, alın təri ilə qazandığı sərvətini millət yolunda, onun maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi yolunda sərf etməkdən çəkinməmiş, nəticədə "sərvət və səxavətdə məşhur Hacı” kimi xalqın yaddaşında  və tarixində əbədiləşmişdir.

1924-cü il sentyabrın 1-də Bakının Mərdəkan kəndində əbədiyyətə qovuşana kimi keşməkeşli, uzun, lakin mənalı və şərəfli ömür yaşayan H.Z.Tağıyev son mənzilində də həmişə özünə müəllim, ruhani ata saydığı Axund Əbu Turabın ayaqları altında uyumağı hər şeydən uca tutmuşdu. Bununla da insana bilik verənin, savad öyrədənin hamıdan uca məqamda dayandığını, "Mənə bir hərf öyrədənin qulu olaram” fikrini bir daha təsdiqləmişdi...

Heç bir savadı olmayan bu böyük insanın elmə, maarifə, mədəniyyətə bu qədər önəm verməsinin səbəblərini, əsas qaynaqlarını düşünəndə, bir neçə mühüm məqamı nəzərə almaq lazım gəlir. Əvvəla, Hacının təbiətində milli təəssübkeşlik, milli qeyrət və vətənpərvərlik hissi çox güclü idi. O, savadsız olsa da, millətinin balalarının təhsilli olması arzusu ilə alışıb-yanırdı. İnkişaf etmiş mədəni xalqlar arasında öz millətinin də imzasını görmək istəyi onda çox güclü idi...

Bir dəfə rus çarı III Aleksandrın tacqoyma mərasimində iştirak edən Hacını imperatora təqdim edən senator demişdi:

"Vaşe veliçestvo, eto predstavitel dikoqo naroda” ("Zati-aliləri, bu vəhşi xalqın nümayəndəsidir”). Bundan əsəbiləşən Hacı senatora etiraz etmişdi:

- Mı ne dikie, moy narod ne dikiy, on imeet boqatuyu, mnoqovekovuyu svoi istoriyu” ("Biz  vəhşi deyilik, mənim xalqım vəhşi deyil, onun çoxəsrlik zəngin tarixi  vardır”).

Göründüyü kimi, XIX əsrdə Vətənimizi və millətimizi iki yerə bölmüş rus çarizmi xalqımızın milli sərvətinə sahib çıxsa da, xalqımızı "vəhşi” adlandırmaqdan belə çəkinməmişdi. Bu cür təhqiramiz adlandırma Azərbaycan Xalq Cümhuriyyəti qurulana kimi davam etmişdi. Tarixin ironiyasına baxın. Ömrü boyu bu təhqiramiz adın xalqın üstündən götürülməsinə çalışan və bütün sərvətini bu yolda xərcləməkdən çəkinməyən H.Z.Tağıyevin oğlu Məhəmmədtağı çar Rusiyası tərəfindən azərbaycanlılardan təşkil olunmuş "Dikaya diviziya”da zabit olmuş, 1918-ci ilin martında ehtiyatsızlıq üzündən açılan güllədən dünyasını dəyişmişdi...

 Hesab edirik ki, Hacının maarifçi-mesenat kimi yetişməsində bu amilin böyük təsiri olmuşdu.

İkincisi, Hacının Bakının Təzəpir Məscidi yaxınlığındakı malikanəsinin qonşuluğunda yaşayan böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi ilə tanışlığı, bu tanışlığın əbədi dostluğa, məsləkdaşlığa çevrilməsi faktı da bu böyük mesenatın maarifçilik dünyagörüşünün formalaşmasına böyük təsiri olmamış deyildi... Təsadüfi deyil ki, Tağıyevin Qız Məktəbi kimi milli məktəb tarixinə şanlı səhifələr yazmış təhsil ocağının təsis olunması ilə bağlı yazışmalar, eləcə də məktəbin Nizamnaməsi məhz Həsən bəy Zərdabi tərəfindən hazırlanmış, həmin məktəbin ilk müdiri də Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova- Abayeva olmuşdu...

Nəhayət, Hacı həyatı boyu savadsızlığın ağrı-acısını dadmışdı. Ona görə də millət balalarının savadlanmasını, inkişafdan geri qalmamasını cani-dildən istəmişdi...

Böyük ictimai-siyasi xadim Nəriman Nərimanov "Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və cəmaətə xidmətləri” (Bakı, 1900) adlı kitabında bu böyük maarifpərvərin 1901-ci il sentyabrın 20-də keçiriləcək və xalqa xidmətlərinin 50 illiyi ilə bağlı xeyirxah işlərindən söz açarkən yazırdı ki, qeyrətli Hacı millət işlərinə, elm, maarif, mədəniyyət işlərinə indiyədək 1 milyon rubladək xərc qoyubdur. Həmin mənbədə deyilirdi ki, Hacı 1900-cu ildə "dörd məktəbə nazir (fəxri qəyyum)” idi.

Böyük sənaye təşkilatçısı olan H.Z.Tağıyev Azərbaycanda sənaye, kənd təsərrüfatı və ticarətin inkişafına xüsusi əhəmiyyət verirdi. Bu sahələr üzrə mütəxəssis hazırlamaq məqsədilə hələ XIX əsrin 90-cı illərində "Kaspi” qəzetində elan vermişdi ki, 1888-ci ildən fəaliyyət göstərən Bakı Texniki Sənət Məktəbinin orta texniki məktəbə çevrilməsi üçün tələb olunan bütün xərcləri ödəməyə hazırdır...

Hacı Zaqafqaziyada yeganə olan, 1896-cı ildən Bakı Orta Texniki Məktəbinə çevrilən həmin təhsil müəssisəsinin fəxri himayəçisi idi. Məktəbin tikintisinə (Hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin köhnə binası) külli miqdarda vəsait xərcləmiş, öz hesabına kimya laboratoriyası açdırmışdı ki, həmin laboratoriya "Həqiqi Mülki Müşavir Tağıyevin laboratoriyası” kimi tarixə düşmüşdü.

Hələ 1895-ci ildə fəaliyyətə başlamış Mərdəkandakı bağçılıq  məktəbi də Hacı tərəfindən təsis edilmiş ilk internat tipli təhsil müəssisəsi idi. Məktəbin bütün xərcləri Hacı tərəfindən ödənilirdi.

Bakı Dumasının qlasnısı (deputatı) kimi eyni zamanda, Bakıda kommersiya məktəbinin də açılmasını tələb edirdi. Nəhayət, 1900-cu ildə H.Z.Tağıyev Bakıda Kommersiya Məktəbinin binası üçün yer aldı, müsabiqə ilə binanın layihəsi təsdiq edildi, bina tikildi (Hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin köhnə binası) və məktəb açıldı. Hacı bu tikintiyə 50 min rubl pul xərclədi və həmin məktəbin fəxri himayəçisi (qəyyumu) oldu.
Yeri gəlmişkən deyək ki, 1907-ci ildə H.Z.Tağıyev mesenatlıq, xeyriyyəçilik xidmətlərinə görə sonuncu rus çarı II Nikolayın 25 yanvar 1907-ci il tarixli Fərmanı ilə Həqiqi Mülki Müşavir rütbəsinə layiq görülmüşdü. Bu rütbə kontr-admiral, general və ober-prokuror rütbələrinə bərabər tutulurdu. Böyük imtiyazları vardı. Bu münasibətlə "General Tağıyev” marşı da bəstələnmişdi...

Bakı şəhər Duması Bakı Orta Texniki Məktəbin tikintisi və abadlaşdırılmasında xüsusi xidmətlərinə və məktəbin fəxri qəyyumu olduğuna görə Hacının Həqiqi Mülki Müşavirin rəsmi geyim formasında portretini çəkmək və məktəbin akt zalında yerləşdirmək üçün qərar qəbul etmişdi. Bu məqsədlə tanınmış rus rəssamı İosif Brodski Peterburqdan Bakıya dəvət olunmuşdu. 1912-ci ildə həmin portret hazırlanmış və məktəbin iclas zalına qoyulmuşdu. Portretin sifarişçisi şəhər Duması olsa da, rəssamın qonorarı (10 min rubl) Hacı tərəfindən ödənilmişdi.

Hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanan həmin portret sovet dönəmində muzeyin zirzəmisinə atılmış, sonralar rəssam Fərhad Hacıyev tərəfindən bərpa edilmişdir.

Hacı eyni zamanda Bakıda fəaliyyət göstərən rus qadın məktəblərindən sayılan Mariya Qadın Gimnaziyasının  binasının (indiki Azərbaycan Milli  İncəsənət Muzeyi) tikilməsinə çoxlu vəsait xərcləmiş, həmin məktəbin fəxri qəyyumlarından biri olmuş, eləcə də "Müqəddəs Nina” Qadın Məktəbinə də (indiki 132-134 №-li Təhsil Kompleksinin binası) müntəzəm olaraq yardımlar etmişdi.

H.Z.Tağıyevin maarifçilik, mesenatlıq fəaliyyətinin zirvəsi müasirlərinin dediyi kimi, "bizim diyarda, hətta imperiyada birinci” olan Bakıda rus-müsəlman Qadın Məktəbinin açılması sayılmalıdır. Bu təhsil ocağı Azərbaycanın təhsil tarixinə "Tağıyevin Qız Məktəbi” kimi daxil olub. Bu məktəbin açılması uğrunda Hacı uzun illər mübarizə aparmış, bir neçə dəfə rədd cavabı alsa da, ruhdan düşməmişdi. Nəhayət, 1896-cı ildə II Nikolayın tacqoyma mərasimində Hacı çarın arvadı Aleksandra Fyodorovnaya Bakıda açılacaq rus-müsəlman qadın məktəbinə  onun adının veriləcəyini bildirərək imperatordan icazə alınmasına köməklik göstərilməsini xahiş etmişdi. Beləliklə, böyük istək yerinə yetirilmişdi. Məktəbin binasının tikintisinə 1898-ci ildən başlanılmış, 1901-ci ildə başa çatdırılmışdı. Böyük hazırlıqlardan sonra 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevski (Hazırkı İstiqlaliyyət küçəsi, Azərb. MEA Əlyazmalar İnstitutunun binası) küçəsində yerləşən, rəsmi adı "Bakı İmperatriça Aleksandra Fyodorovna adına Rus-Müsəlman Qadın Məktəbi” olsa da, xalqın yaddaşında "Tağıyevin Qız Məktəbi”  kimi əbədiləşən təhsil müəssisəsinin təntənəli açılışı (Bu tarixi binada ikinci belə təntənəli tədbir 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında olmuşdu) oldu.

Böyük maarifçi, "Tərcüman” qəzetinin (Həmin qəzetə də Hacı mütəmadi yardımlar etmişdi) redaktoru İsmayıl bəy Qaspıralı 1901-ci ilin 7 oktyabr gününü "Rusiya müsəlmanlarının yaddaşında böyük gün” adlandırmışdı. 

Böyük ədib Ömər Faiq Nemanzadə isə Bakıda Qız Məktəbinin açılmasını böyük hadisə hesab edərək yazırdı: "Burada Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim... Bakıda, doğrudan da, bir möcüzə sayılan bu maarif ocağından başqa üz ağardacaq bir şey yox idi...”.

Himayəçisi və naşiri H.Z.Tağıyev olan "Kaspi” qəzeti bu tarixi hadisəni belə qiymətləndirirdi: "7 Oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq və təkcə Zaqafqaziya üçün deyil, Rusiyanın qadın təhsili məsələsinin çoxdan həyati əhəmiyyət kəsb etdiyi müsəlmanlar yaşayan bütün bölgələrinin əhalisi üçün tarixi hadisədir...”

Həqiqətən, bu məktəbin açılışı türk-islam dünyasında böyük sevinclə qarşılandı. Bununla da, Azərbaycanın təhsil tarixində yeni bir şanlı səhifənin-milli dünyəvi qadın təhsilinin təməli qoyuldu. Bu tarixi hadisənin müəllifi böyük mesenat H.Z.Tağıyev oldu.  muallim.edu.az 

 (Ardı var)

Əsgər QULİYEV,

Azərbaycan Respublikası Təhsil Nazirliyi Tədris resursları şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim
 




Загрузка...
loading...

Həmçinin oxuyun:
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır.

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır.

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

Azərbaycan mətbuatı

Azərbaycan mətbuatı

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

28 May Respublika Günü

28 May Respublika Günü

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Ümummilli lider:

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Vətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90

Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90