AzTehsil.com


Xəbərlər / Müəllim
13 dekabr 2021
991


Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR




Son illər övladının rus dilində təhsil almasını istəyən valideynlərin sayı sürətlə artır. Statistikaya görə, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb.

Qeyd edək ki, 2019-cu ildən etibarən rus bölməsində oxumaq istəyən uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirməsinə başlanılıb. Azərbaycan bölməsindən fərqli olaraq, orta məktəblərin rus bölməsini seçən şagirdlər müsahibədən keçməlidirlər. Müsahibədə uşaqlar dinlədiyini anlamaq, ünsiyyət qurmaq, öz fikrini sadə formada ifadə etmək, özü və ailəsi haqqında qısa məlumat vermək bacarığını nümayiş etdirməlidir. Yalnız bu mərhələdə məqbul qiymət aldıqdan sonra uşaq rus bölməsində təhsil almaq haqqı qazanır. Rus bölməsinə qəbulun çətinləşdirilməsi belə valideynlərin övladlarını bu bölmədə təhsil almaq istəyini azaltmır.

Bəs görəsən, valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus dilində oxutmaq arzusu nədən qaynaqlanır? Xarici dildə təhsilin nə kimi üstünlükləri var?

Bunu müəyyən etmək üçün valideynlər arasında sorğu keçirdik. Sorğuda iştirak edən respondentlərin əksər hissəsi övladlarını rus bölməsində oxutmalarına səbəb kimi həm özəl, həm dövlət müəssisələrində işə qəbul zamanı rus dilinə üstünlük verilməsi arqumentini əsas gətirdilər. Valideynlər hesab edir ki, ölkədə rəsmi dövlət dili Azərbaycan dili olsa da, işə qəbul zamanı rus dilli namizədlərə üstünlük verilir və onlar normal iş tapmaqda çətinlik çəkmirlər. Valideynlərin bir qismi isə rus dilində dərs vəsaitinin və ədəbiyyatın çox olmasını, övladlarının bütün lazımı məlumatları bu dildə rahatlıqla tapdqlarını bildirdilər.


Valideyn Türkan Namazova bildirib ki, ölkədə rus dilinə tələbat çox yüksəkdir. Bu illər öncə də belə idi, hazırda da belə davam edir: “İşə qəbul üçün CV verən zaman xarici dil kimi öncə rus dili qeyd olunur. Bəzi iş yerlərində, əsasən də bank və maliyyə sahəsində Azərbaycan dili ilə yanaşı rus dili əsas dil kimi götürülür. Belə olan halda rus dilini bilən namizədlərə üstünlük verilir. Mən də övladımın gələcəkdə, ali təhsil aldıqdan sonra rahatlıqla iş tapması üçün onun rus bölməsində təhsil almasını istədim”.


Digər valideyn Ədalət Qasımov deyir ki, hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər yaxşıdır. Bu onun üçün üstünlükdür. Xüsusən də rus və ingilis dili: “Rus bölməsi üzrə təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı daha çoxdur. Çünki Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsinin abituriyentləri üçün keçid balları nisbətən aşağı olur. Ən önəmlisi isə rus dilində dərs vəsaitləri, ədəbiyyat kifayət qədərdir. Həm şagird, həm də tələbənin rus dilində internet vasitəsilə istənilən məlumatı rahatlıqla əldə etmək imkanı daha genişdir. Valideynlər də bu məntiqlə övladlarını daha çox rus bölmələrinə yönləndirirlər”.


Valideyn Könül Məmmədovanın dediyinə görə, rus bölməsində oxuyan uşaqlar daha aktiv və sərbəst, ünsiyyətcil, həm də dünyagörüşlü olurlar. Onlar fikir və düşüncələrini daha rahat şəkildə ifadə edə bilirlər:


“Mənim böyük övladım Azərbaycan bölməsində, kiçik isə rus bölməsində təhsil alır. Hər ikisi əlaçı və eyni mühitdə böyüsə də bir-birlərindən dünyagörüşü baxımından çox fərqlənirlər. Böyük övladım çox çəkingən və utancaqdır. Elə də ünsiyyətcil deyil və komplekslidir. Ancaq kiçik isə əksinə, fikirlərini sərbəst ifadə etməyi bacarır, sərbəstdir, yeniliklləri xoşlayır və ona can atır. Heç bir kompleksi yoxdur. Çəkinmədən öz haqqını tələb edir”.


Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir və burada 90 min şagird təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.


Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov Bakupost.az –a deyib ki, son illər övladlarını rus bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması, bu danılmazdır. Bununla belə, bu təbii artımın süni yollarla qarşısının alınması da yolverilməzdir. O ki, qaldı bunun məhz rus bölməsində tədris səviyyəsinin yüksək olması ilə izahına bu da nə vaxtsa rusdilli uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin yüksək olması, nizam-intizamda mütəşəkkillik göstərmələri ilə bağlı yaranmış miflə əlaqədardır:

“Düzdür, 90-cı illərə qədər belə bir fərq nəzərə çarpırdı. Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi barədə əsassız iddialar isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Digər bir məsələ. Azərbaycanda təhsil alan 1,5 milyon şagirddən 130 min nəfərinin rus bölməsinin payına düşməsi heç də ona əsas vermir ki, “ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı”, “rus bölməsi ləğv olunmalı”, “rus bölmələrində təhsil ödənişli olmalı”, “rus məktəbləri özəlləşdirilməli” kimi fikirlər irəli sürülsün. Bugünkü günümüzdə Rus dilinin səviyyəsinin Azərbaycanda yüksək olmasını birmənalı şəkildə demək olmaz. Bizdə Sovet dönəmində rus dilinə xüsusi diqqət yetirilirdi və bu da bir sıra məlum amillərlə şərtlənirdi. Biz müstəqil olandan sonra rus dili xarici dillər qrupuna keçirildi. Bir müddət rus dilinə maraq azalsa da, sonradan əsasən elit məktəblərdə rus dilinə meyil artdı. Bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Bir səbəb isə işə götürənlər tərəfindən ali məktəbi bitirənlərdən rus dilini bilməsi əsas şərt kimi tələb olunur. Eyni zamanda rusdilli ədəbiyyatlar çoxdur. Bu dilə meyillilikdə məqsəd oxuyanın gələcəkdə bu dilin onun quracağı kariyerasında köməyinin olacağını düşünməsidir. Valideyn də indidən bunu nəzərə alır. Digər səbəb Rusiyanın qonşu ölkə olması və onun ali məktəblərində təhsil ödənişlərinin bizdəkindən ucuz başa gəlməsidir”.


N.İsrafilov bildirib ki, gələcəkdə Rusiyada təhsil almaq istəyərkən rus dili kömək olur. Başqa səbəb isə insanların özlərini elit, kübar göstərmək istəyidir. Rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz. Lakin uşağın düşüncəsi, dərk etmə səviyyəsi, mühit məsələsi var. Son zamanlar Təhsil Nazirliyi bu vəziyyətdən çıxış yolu kimi rus sektoruna qəbul olunan uşaqlarla müsahibə keçirir. Məqsəd qəbul olunan şagirdlərin rus dilindən anlayış dərəcəsini müəyyən etməkdir. Təəssüf ki, bəzi hallarda bu elementar müsahibələr ciddi imtahana çevrilir: “Burada hər iki dilə münasibəti optimallaşdırmaq üçün rus dilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır. Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Sadəcə, məsələnin mahiyyəti ciddi araşdırılmalı optimal variant tətbiq olunmalıdır. Təhsil qanununvericiliyimizdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər... Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaneedici olmamasında nəsə bir həqiqət var? Bəlkə, bunun başlıca səbəbi həqiqətən də Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə bir səbəb də öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bəlkə, bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dilində danışığa üstünlük verməsidir?”.


Millət vəkili Fazil Mustafa hesab edir ki, rus bölməsinə üstünlük verənlərin sayının artmasında ciddi problem görmür:

“Rus bölməsində oxuyanlarının sayında artım böyük problem yaratmır. Ölkədə rus və ingilis dillində təhsilə üstünlük verənlərin də olması müsbət haldır. Ancaq, bu prosesi dayandırmaq elə də asan deyil. Buna baxmayaraq çalışmaq lazımdır ki, uşaq milli ruhda böyüsün, düşüncə və təfəkkürü öz dilində formalaşsın. Yaxşı azərbaycandilli məktəblərin sayını artırmaqla bu prosesin qarşısını almaq olar”.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, övladlarını rus bölməsinə qoyan valideynlər hesab edir ki, uşağı rus sektorunda oxumaqla daha yaxşı təhsil alıb, rus dilini də mükəmməl öyrənə bilər:


“Bəzi valideynlər isə rus təhsilli olduğu üçün övladlarını rus bölməsinə qoyur. Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Haqqında Qanuna görə, məktəb yaşına çatmış hər bir şəxs dövlət təhsil müəssisələrində istədiyi bölmədə təhsil almaq hüququna malikdir. Dövlət bu öhdəliyi üzərinə götürür və bütün hallarda şagirdi bilik və bacarıqlarına, istəyinə uyğun olaraq arzu etdiyi bölmədə təhsilini təmin etməlidir. Bunu nəzərə alaraq biz də rus və digər xarici dildə təhsilə qarşı çıxmamalıyıq. Cəmiyyətdə rus və digər xarici dilləri bilən kadr və mütəxəssislərə ehtiyac var. Rus dilini bilən gənc kadrlarımız olmalıdır ki, onlar gələcəkdə bizim apardığımız informasiya müharibəsində öz fikirlərini ifadə edə bilsinlər”.


Millət vəkili Aqil Abbas deyib ki, övladının hansı bölmə üzrə təhsil alması valideynin seçimidir. Kimi övladını ana dilimizdə, kimi rusca, kimi isə ingiliscə oxudur:

“Hər kəsin öz seçimi var. İnsanların seçiminə hörmətlə yanaşmaq lazımdır. Hazırda ölkədə ingiliscə, fransızca təhsil verən məktəblər fəaliyyət göstərir. Ancaq bu məktəblərdə təhsil haqqı çox yüksək olduğu üçün hər kəs uşağını bu məktəblərə qoya bilmir. Hər valideynin gücü çatmır ki, övladını ingiliscə oxutsun. Rus bölməsi pulsuz olduğu üçün də çoxları uşağını aparıb ora qoyur”.


Millət vəkili hesab edir ki, uşaqların rusca təhsil almasının bir zərəri yoxdur: “Deyirlər ki, rus bölməsində təhsil alanlarda vətənpərvərlik hissi, milli-mənəvi dəyərlərə bağlılıq digərləri ilə müqayisədə aşağı olur. Bu yanlış fikirdir. Ölkədə o qədər rusdilli vətənpərvər insanlar var ki. Kimsə rusca bilirsə və milli təfəkkürə sahibdirsə onun mənin gözüm üstə yeri var. Mən Ağdamda rus məktəbinin Azərbaycan bölməsində təhsil almışam. Hələ o vaxtdan müşahidə edirdim ki, rus bölməsində oxuyan uşaqlar bizdən üstündür. Onlar Dostyevskini orijinaldan oxuyurdular, bizsə isə tərcümədən.”.


A. Abbas bildirib ki, hansı bölmədə təhsil almasında asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı doğma ana dilini mükəmməl şəkildə bilməlidir: “Valideynlər çalışmalıdır ki, hansı bölmədə təhsil almasından asılı olmayaraq uşaqlar doğma ana dilində mükəmməl bilsin”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, valideynlər rus dilinin verdiyi imkanlar səbəbindən övladlarınını rus bölməsində təhsil almasına üstünlük verir:

“Son illərdə rus bölməsinə axın var. Valideynlər hesab edir ki, rus bölməsində daha keyfiyyətli təhsil verilir”. Professor qeyd edib ki, orta təhsili mütləq ana dilində almaq lazımdır: “Uşaqların başqa dilləri bilməsi müsbət haldır. Ancaq onlar bu dilləri ikinci dil kimi öyrənməlidirlər.”

Onun fikrincə, xarici dilini bilməyin böyük üstünlükləri var: “Hərdən düşünürəm ki, kitablarımı, əsərlərimi, elmi məqalələrimi rus dilində yazsaydım, daha məşhur olardım. İngiliscə yazsaydım isə bütün dünyada tanınardım. Fikirlərimi daha çox insana çatdırardım”.


Təhsil naziri Emin Əmrullayev ümumtəhsil müəssisələrində başqa dillərdə tədrisin aparılmasını təhsilin uğuru hesab edir:

“Hər bir xalqın, millətin dili onun mədəniyyətinin, milli kimliyinin böyük bir hissəsidir. Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə tədris edilir. Bu ildən rus bölməsində dilimizin tədris saatları iki dəfə artırılıb. “Zəfər tarixi” Azərbaycanca tədris edilir. Bu, o anlama gəlməməlidir ki, biz başqa dillərdə tədrisin aparılmasına qarşıyıq. Əksinə, ölkəmizdə rus, gürcü, özəl məktəblərdə ingilis dillərində tədrisin təşkilini təhsil sistemimizin uğuru hesab edirik. Təbii ki, bu uğurumuzdan geri çəkilmək niyyətimiz yoxdur”






Загрузка...
Həmçinin oxuyun:
Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Övladlarını rus bölməsində oxutmaq istəyənləri ən çox narahat edən məsələyə cavab verildi

Övladlarını rus bölməsində oxutmaq istəyənləri ən çox narahat edən məsələyə cavab verildi

Orta təhsili ana dilində alaq, yoxsa əcnəbi? - VİDEO

Orta təhsili ana dilində alaq, yoxsa əcnəbi? - VİDEO

Bəzi valideynlər hesab edir ki, övladları rus sektorunda təhsil alsa, daha dünyagörüşlü olacaq - Ekspertdən ŞƏRH

Bəzi valideynlər hesab edir ki, övladları rus sektorunda təhsil alsa, daha dünyagörüşlü olacaq - Ekspertdən ŞƏRH

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Bu gündən rus bölməsi üzrə I sinfə qəbulla bağlı yeni mərhələ başlayır

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

“Rus dili xarici dil kimi” beynəlxalq olimpiadalarında azərbaycanlı qaliblərin sayı artıb

“Rus dili xarici dil kimi” beynəlxalq olimpiadalarında azərbaycanlı qaliblərin sayı artıb

Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir?

Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir?

IX sinfi əvvəlki illərdə bitirənlərin kolleclərə qəbul qaydaları -RƏSMİ

IX sinfi əvvəlki illərdə bitirənlərin kolleclərə qəbul qaydaları -RƏSMİ

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək

Rus bölməsi üzrə birinci sinfə qəbul onlayn formada keçiriləcək

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT