Şair təxəyyülündə bədiiləşən tariximiz
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti Qafar Cəbiyevin “Vətən” poetik epopeyası haqqında yazdığı məqalə “İki sahil” qəzetinin 10 yanvar 2022-ci il tarixli sayında dərc olunmuşdur. Dəyərli alim Qafar Cəbiyevə və “İki sahil” qəzetinin yaradıcı heyətinə təşəkkür edirəm.
Şair təxəyyülündə bədiiləşən tariximiz
Poeziyamızda Ramiz Qusarçaylı imzası oxuculara, elə mənim özümə də çoxdan, daha dəqiq desəm onun ilk şeirlərinin respublika mətbuatında dərc olunduğu vaxtdan tanışdır. O illərdə istedadlı gənclər ən əvvəl “Ədəbiyyat və İncəsənət”, «Azərbaycan gəncləri» qəzetləri və “Ulduz” jurnalında dərc olunan ilk qələm nümunələrindən və onlar barəsində olan təqdimatlardan tanınırdı. Dövrün çox görkəmli söz ustalarının ümid dolu təqdimatlarından sonra yaradıcılığı coşub-daşanlar da, sönüb yoxa çıxanlar da olurdu. Ramiz də seçdiyi poeziya cığırını davam etdirənlərdən, onu təkmilləşdirərək getdikcə daha artıq zənginləşdirənlərdən, oxucusunu sehrləndirənlərdən oldu. Təbiətin bakirəliyindən, cəmiyyətin rəngarəngliyindən, məziyyətləri və ziddiyyətlərindən, üstünlüklərindən və kəm-kəsirliyindən götürdüyü mövzular onun yaradıcılıq diapozonunun nə dərəcədə geniş olduğunun göstəricisidir. O, yarpaqlardan da, budaqlardan, güldən də, çiçəkdən də, onun üstünə düşmüş şehdən də, ağacın barından da, vüqarından da özünəməxsus ilhamla yazmaqda davam etdi. Neqativ görəndə, ətalətlə rastlaşanda, yalan, riya, sabotaj və xəyanətlə üz-üzə qalanda susmadı, belələrinə münasibətdə olduqda acı və sərt həcv yazmaqda belə tərəddüd etmədi.
Ramiz Qusarçaylı ilə şəxsi tanışlığımız yeni əsrin ilk illərinə təsadüf etdi. O zaman Quba Rayon İcra hakimiyyətində işləyirdi. Xidməti işimlə bağlı ayda ən azı bir-iki dəfə görüşürdük. Bəzən saatlarla oturub dərdləşirdik. Söhbətimizin baş mövzusu Qubanın tarixi yerləri, turistik potensialı, iqtisadi imkanları və birbaşa subyektiv səbəblərdən qaynaqlanan çoxsaylı problemləri barədə olardı. Doğrusu, o illərdə idarəçiliyin təşkili baxımından Qubada vəziyyət son dərəcə acınacaqlı idi. Təsadüfi və yerində olmayan kadrlar rayona çox ciddi problemlər yaratmaqda idi. Açığını deyim ki, bütün bu süni şəkildə yaradılmaqda olan problemlər Ramizi çox incidirdi, həyəcanlandırırdı, hətta tez-tez hövsələdən çıxarırdı. O, Vətən mülkünün hansısa nadan tərəfindən dədəsinin “votçinasına” çevrildiyinə dözə bilmirdi. Elə bu zəmində onun son dərəcə kəskin tənqidi ruhda olan yeni-yeni yazıları ərsəyə gəlirdi. Məşhur “Eşşəknamə” poeması ayrıca kitab halında nəşr olunanda bütün rayon Ramizdən danışırdı.
Ramiz Qusarçaylı tükündən dırnağınadək vətənpərvər bir insandır. Onun üçün bütün başqa dəyərlər ikinci, beşinci, on beşinci plandadır. Vətənin uğurları üçün uşaq kimi sevinən, şadlanan, ruhlanaraq ilhama gələn Ramiz neqativ görəndə, itki görəndə, təsərrüfatsızlıq görəndə, idarəçilikdə səriştəsizlik və sui-istifadə olduğunu sezəndə vulkan kimi püskürən qələm sahibidir. Onun “Azərbaycan bayrağı” şeirini Azərbaycanda, lap elə böyük Türk dünyasında əzbər bilənlərin, gündə neçə yol dodaqaltı zümzümə edənlərin sayı bəlkə də milyonlarladır.
Danışığından, söhbətlərindən, tez-tez mənə və digər elm əhli olan dostlarına ünvanladığı suallarından artıq neçə vaxt idi ki, onun tarixi mövzuda əsər üzərində işlədiyini hiss edirdim. Budur, həmin əsər də artıq hazırdır. Bu, mənim aləmimdə (mən bəlkə də tarixçi-alim olduğum üçün belə düşünürəm) Ramiz Qusarçaylı poeziyasının yetkin çağlarının məhsulu olan şah əsəri “Vətən” poemasıdır. Mən ona tərəddüd etmədən həm də Vətən haqqında dastan da deyərdim. Müəllifin epik poema formasında təqdim etdiyi bu irihəcmli əsərində Azərbaycan tarixinin demək olar ki, bütün dövrləri və ən mühüm tarixi anları poetik manerada çox peşəkarasına əhatə olunub. Mən demirəm ki, Ramiz Qusarçaylı tarix yazıb. O, sadəcə uzun və keşməkeşli tariximizin önəmli anları və olaylarını poetik üslubda oxucuya təqdim etməyə çalışıb. Bunu şairin
Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı, -
Ayrı dava mənlik deyil
misralarından da çox aydın sezmək mümkündür. Yəni, bu şanlı tarixi, bu tarixin neçə-neçə qanlı hadisələrini qələmə almağa onu sövq edən də məhz Vətən sevgisi, Vətən düşüncəsidir.
Doğrusu, dostum Ramiz Qusarçaylının bu yeni əsəri ilə tanış olarkən çox heyrətləndim. Yəni 2-2,5 milyon illik dövrü əhatə edən olduqca zəngin tarixi hadisə və faktlar barədə məlumatlı olmaq üçün görün nə qədər mütaliə etmək gərəkdir. O, bu qaynaqları haradan əldə edib?! Nə zaman əldə edib?! Nə zaman onları oxuyaraq poetik süzgəcdən keçirib?! İnanın mənə, bu külünglə Bisitun dağını yarmaq qədər çətin bir işdir!
Müəllif tarixi yaddaşımızı vərəqləyərkən çox-çox uzaqlardan, qədim mağara düşərgələridən başlayır. Azıx, Tağlar, Qazma, Qala, Qaraca, Daşsalahlı, Damcılı, Zar və Buzeyir mağara düşərgələrini yada salaraq sonda fikrini belə tamamlayır:
Mağara-mağara gəlirdi insan,
Bağıra-bağıra gəlirdi insan,
Qarala-qarala gəlirdi insan,
Ağara-ağara gəlirdi insan,
Gəlirdi əlində daş alətləri
Gəlirdi əlində mis alətləri,
Gəlirdi əlində tunc alətləri,
Dəmir alətləri…
gəlirdi insan.
Başqa bir misal:
Ağac gövdələri sala dönürdü,
Dən daşı daş toxa, oraq olurdu,
Dəmir parçalar nala dönürdü,
Dəbilqə olurdu, yaraq olurdu…
Beləcə qəbilələrin tayfalara, tayfaların tayfa ittifaqlarına, onların da nəhayət ilkin dövlət qurumlarına necə çevrildiyini tarixi ardıcıllıqla izləyən müəllif Arratta, Manna, Midiya, daha sonra isə qədim Azərbaycan dövlətləri olan Atropatena və Albaniya həqiqətlərini oxucuya təqdim edir.
Şair bu tarixi öyrənmək üçün, bilmək üçün qədim mağara düşərgələrini, digər yaşayış yerlərini, ilkin müdafiə istehkamları və vasitələri barədə məlumatlı olmağın vacibliyini dilə gətirir
Gəl gəzək tarixin mənbələrini
Gəzək Vətən-Vətən türbələrini,
Gəzək kitab-kitab kitabələri,
Gəzək yazı-yazı sərdabələri…
Poemada yeri gəldikcə görkəmli dövlət xadimi, xalq hərəkatı liderləri və dövrünün tanınmış ictimai-siyasi xadimləri barədə söhbət açılır. Atropat, Tomris, Cavanşir, Babək, Qara Yusif, Uzun Həsən, Sara xatun, Şah İsmayıl, I İbrahim, I Xəlilullah, Nadir şah, Şah Təhmasib və neçə-neçə başqaları yada salınır, onların hünəri, şücaəti, fikir dünyası, bütövlükdə bu Vətən və bu xalq qarşısındakı misilsiz xidmətləri ehtiramla yada salınır.
Müəllifin Albaniya dövləti, onun zəmanəmizin ən qüdrətli imperiyaları olan Ərəb Xilafəti, Xəzər xaqanlığı, Sasani və Bizansla münasibətləri barədə bəzən xırdalıqlarına qədər qələmə aldığı məqamlar hətta albanşünas tarixçi olaraq yaxşı mənada məni həm təəccübləndirdi, həm də qürurlandırdı:
Sərkərdə Cavanşir, hakim Cavanşir,
Aldı məmləkəti yad əllərindən, -
Qurtardı Sasani savaşlarından,
Qurtardı Bizansın yürüşlərindən
Xəracdan qurtardı, bacdan qurtardı,
Əldən ələ keçən tacdan qurtardı…
Tarix boyu xalqımızın erməni fitvası, erməni xiyanəti ilə üz-üzə qalaraq nələr çəkdiyi poema boyu zaman ardıcıllığına uyğun təqdim olunur. Bir sözlə, müəllif oxucuya hərbi-siyasi şəraitə uyğun olaraq tülkü kimi rəngini, yırtıcılar kimi cidlini dəyişən, məqamı yetişdikdə isə zəhərli ilan xislətini ortaya qoyan erməni obrazı təqdim edə bilib. Desəm ki, əsərdə erməni əclaflıqlarının bütün cizgiləri əks olunub, yəqin ki, bunu şişirtmə kimi başa düşmək düzgün olmazdı.
Haylar əyan-əyan cücərirdilər,
Haylar kilsə-kilsə yuvalanırdı.
Kilsədə xəyanət becərirdilər.
Kilsədə iftira becərirdilər
Haylar yalan-yalan havalanırdı,
Ortada qul kimi qurdalanırdı,
Qıraqda-bucaqda obalanırdı,
İtaət-itaət xırdalanırdı,
Yalmana-yalmana topalanırdı.
yaxud,
Üzündə itaət, içində riya,
“Tarix”i adına bir ironiya.
Süzür bu dünyanı şər dəliyindən,
Üfunət yayılır hər dəliyindən…
Əsərdə dövlət və dövlətçilik xətti daim qabarıq planda verilib… “Başı min bir bəlalı, min bir oyunlu, vardı Ağqoyunlu, Qaraqoyunlu… İkili məmləkət, ikili ölkə… İkiyə bölünənlər, əsassız, məqsədsiz, hədəfsiz parçalanmalar” elə bil bu xalqın, bu məmləkətin taleyinə yazılıb.
Albaniya baxmayaraq ki, ayrıca qüdrətli bir dövlət idi, amma o da fərqli dillərdə danışan 26 etnikdən ibarət idi. Çox zaman üz-üzə duran, kəllə-kəlləyə gələn, döyüşən, qan tökən, qanı tökülən feodal dövlətləri… Onlardan hansı biri birləşmək, güclənmək, dəmir yumruq olub bir nöqtəyə vurmaq zərurəti barədə düşündü?! Görün, şair bu məqamı necə də ürək ağrısı ilə qələmə alıb:
Araz döyüşləri farsın xeyrinə,
Samur döyüşləri rusun xeyrinə,
Yıxdı bu ölkəni iç döyüşləri,
Naşı siyasətin puç döyüşləri…
Yerindən yer gedib,
Canından canı,
Bölüb sovurdular Azərbaycanı…
Ölkəmizin Şərqlə Qərbi, Şimalla Cənubu qovuşduran olduqca önəmli coğrafi məkanında yerləşməsi bütün dövrlərdə böyük dövlətlərin diqqətini cəlb edib. Bu səbəbdən də atını minən buraya çapıb. Beləliklə Azərbaycan ərazisi hər zaman siyasi maraqların və böyük orduların toqquşduğu meydan olub. Ramiz Qusarçaylının təbirincə desək:
Bir yanda osmanlı-əfqan ordusu,
Bir yanda səfəri-əfşar ordusu,
Səfəvi-Osmanlı toqquşmaları,
Üz-üzə gəlirdi qardaş ordular,
Ölkə çalxalanırdı burulğan kimi,
Ölkə öz içində batıb gedirdi…
Şah İsmayıl, Nadir Şah və Şah Təhmasib dönəmində güclənən Azərbaycan dövlətçiliyi tariximizin qürur dövrü oldu. Tariximizdə iz qoymuş bu hökmdarların uğurları və uğursuzluqları barədə poemada ətraflı bəhs olunub. Şair dostumun Nadir şah barəsində yazdıqlarını həyəcansız oxumaq qeyri-mümkündür. Fikrimcə onun Nadiri Əmir Teymur, Makedoniyalı İskəndər, Hannibal və Nopaleonla müqayisə etməsinin özü çox mətləblərdən xəbər verir.
Baxın Nadir şahın xəritəsinə,
Səs salıb dünyanın hər qitəsinə,
Hər yürüş bir yeni Turan erası,
Turan eşqi, Turan imperiyası!
Ölkənin hər bir guşəsinin xanlıqlara parçalandığı dövr Azərbaycan dövlətçiliyinin böhran dönəmi kimi də xarakterizə oluna bilər. Şəki xanlığı, Quba xanlığı, Şirvan, Qarabağ, Gəncə xanlığı… Şairin təbirincə desək, «Bir yerdə görmədik iki xanlığı, yarandı məhəllə, səki xanlığı». Bunların da hər biri özünün dövlət olduğunu sanırdı. Əslində elə dövlət idilər. Amma necə dövlət? Sadəcə bir-biri ilə ixtilafda olan, bir-birindən bac tələb edən əlbir, gücbir, niyyət bir olmaq düşüncəsindən uzaq olan dövlətçiklər. Xarici qüvvələrin qarşısında tab gətirmək iqtidarında olmayan dövlətciklər. Bu mənzərə poemada belə əks olunub:
Beləcə bölüblər, birliyi belə,
Bölünə bölünə kef eyləyiblər,
Nə yola gediblər, nə də güzəştə
Nə də bir-birini əfv eyləyiblər…
Bu cür parçalanmanın, xırdalanmanın, yerli-yersiz mənəm-mənəmlik etməyin sonu da onunla bitki ki, bir yandan Rusiya, bir yandan İran bu boyda ölkəni qoydular viran» Belə bir başsızlıq və qarmaqarışıqlıq isə daha çox «Çarın nökəri» olan ermənilərin işinə yaradı. Onlar hər yana yazdılar, məqam yetişəndə toplaşdılar, xəncər olub xaincəsinə arxamızdan vurdular. Qubada, Bakıda, Şamaxıda, Gəncədə, Şəkidə, Vanda, İrəvanda, Göyçədə, Ərzurumda, bir sözlə hər yanda xalqımıza qarşı erməni terror və soyqırımları… Bir sözlə, “erməni tərkibli rus qurumları, davam etdiridi hər yanda soyqırımları”.
Poemada adları və xidmətləri ehtiramla yad edilən Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Vəkilov kimi generallarımız hələ ki, yad bir dövlətin ordusunda xidmət edirdilər. Azərbaycanda birləşmiş erməni-rus qüvvələrinin törtədiyi qırğınların qarşısını alan isə Nuru Paşanın rəhbərlik etdiyi müzəffər Qafqaz İslam Ordusu oldu. Milli qüvvələrlə birləşən Türk ordusu ölkənin içərilərinə doğru hərəkət etməkdə olan düşmən qüvvələrini əzərək pərən-pərən saldı.
Qisas yürüşünə başladı ordum,
Xilas yürüşünə başladı ordum,
Qardaş sevgisini, qardaş eşqini,
Tarixdə ilk dəfə dadırdı yurdum..
Beləliklə də birləşmiş türk-azərbaycan qüvvələri Bakını irtica və istiladan xilas etdi. Bu misralar isə o günlərin əsas şüarı oldu:
Vətən Bakı ilə bütövdür, təndir, -
Bakısız Azərbaycan başsız bədəndir!
Bu vurhavurlar, bu qovhaqovlr, bu talanlar, çaxnaşmalar meydanında yaranan Azərbaycan Xalq Cümhuriyyəti sanki Şərqdə yeni doğan bir Günəş oldu. Bu qədim sivilizasiyaların beşiyi olan Şərqin özünə də bir nümunə oldu. Cümhuriyyətin qurduğu demokratik düzən yadlar üçün də bir örnək oldu.
Gör nələr baş verdi, ölkədə nələr,
Yeni sərəncamlar, yeni fərmanlar,
Yeni layihələr, yeni qanunlar,
Bərabər hüquqlu seçki qanunu…
Xalq azadlığın, demokratiyanın şirinliyini yeni-yeni dadırdı ki, onda da bolşevik terroru başladı. Hər zaman yaşanan Şimal təhlükəsi şimal küləyi kimi yenidən Vətənimizin baharını qışa döndərdi. Bir zamanlar Toxtamış xanın rəhbərlik etdiyi Qızıl Orda qoşunlarının gəldiyi yolla indi də Qızıl Ordunun işğalları başladı. Beləliklə, yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin başı üstünü qara buludlar bürüdü.
Səni sındırdılar cavan yaşında,
Səni kürəyindən vurdular Vətən
Qara gün yazdılar adına sənin
Qırmızı-qırmızı ordular Vətən.
Qırmızı ordunun azğınlıqları, erməni-bolşevik qüvvələrin pozğunluqları artdıqca ölkənin hər yerini etiraz və üsyan dalğası bürüdü. Qubada, Gəncədə, Şəkidə, Car-Balakəndə, demək olar ki, hər yanda xalq işğalçıya itaət deyil, dirəniş göstərməkdə idi… Amma nə yazıq ki, poemada deyildiyi kimi «Milli üsyanların boğulmasıyla, Sovetin yenidən doğulmasıyla bir də kürəyindən vuruldu Vətən, bir də ürəyindən vuruldu Vətən»….
Ölkənin sərvətləri yenidən talandı, “işıqlı beyinlər, ayıq başlar sobalarda əridildi, Sibir çöllərində çürüdüldü, Nargin adasında güllələndi…” Millətin düşünən beyni olan siyasi liderləri və zəka sahiblərinə vuruldu «xəyanət», «casus», «əks-inqilabçı», «xalq düşməni», «vətən xaini» damğası
İlahi, belə də Vətən olar?! Belə də vətəndaşlıq olar?! Amma nə yazıq ki, zorun gücü ilə milyonları öz bayrağı altında birləşdirən SSRİ adlı o nəhəng imperiya xalqlara Vətən deyil, «xalqlar həbsxanası» oldu. Lakin bütün bunlara rəğmən bu xalqlar II dünya müharibəsi zamanı faşizm təhlükəsindən qorumaq naminə döyüşə-döyüşə Berlinə qədər getdilər. Həzilər, mehdilər, israfillər hünər göstərdilər. Bəs itkilərinin miqyası və sayı-hesabı bilinməyən, olan-olmaz hər sərvətini bu “Vətənə” fəda etmiş Azərbaycanın qazancı nə oldu?!
Nə yaxşı ki, hər zülmət gecənin bir işıqlı səhəri də olur. Ölməz şairimiz Səməd Vurğunun təbirincə desək, “zülm də zalim də əbədi var ola bilməz”! “Dar günün ömrü az olar”, - deyib aqillərimiz. Çətin keçsə də, uzun görünsə də onun da sonu yetdi. Doğma Azərbaycanımız 1991-ci ildə yenidən dövlət müstəqilliyini qazandı. Şair də sanki bu həqiqəti bütün dünyaya car çəkirmiş kimi:
“Azad Azərbaycan bütün dünyaya
Yenə elan etdi öz varlığını,
Yenə bəyan etdi azadlığını…
- deyə ürəyini boşaldıb.
Poemada qeyd olunduğu kimi Azərbaycan öz dövlət müstəqilliyini də asanlıqla deyil, qurbanlar bahasına, xalqın mübarizə əzmi və qətiyyəti hesabına qazandı. Sən demə, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətin imiş. Son onilliklər Azərbaycanın içində və ətrafında baş verənlər bunun əyani təsdiqi oldu. Hər tərəfdən üstümüzə qısqırılan və qara niyyətlərini reallaşdırmaq yolunda onlara hərtərəfli yardım edənlərin diktəsi və fitvası ilə terrorçu dövlət olan Ermənistan tərəfindən torpaqlarımızın 20 faizindən çoxu işğal altına düşdü. Dünyanın güc mərkəzləri, sülhün, əminamanlığın, haqqın və ədalətin keşiyində durmalı olan beynəlxalq qurumlar özlərini lallığa və karlığa qoyaraq 30 il susdular. Azərbaycanın sülhə çağrışları, bu istiqamətdə atdığı pozitiv addımlar qarşı tərəfdən dəyərləndirilmədi. Beləliklə, Azərbaycanda daxili siyasi sabitliyin olmadığı, başıpozuq rəhbərlərin səriştəsizliyi və qətiyyətsizliyi, nizami ordunun yoxluğu şəraitiində xarici havadarlarının fəal iştirakı ilə ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək missiyasını rəşadətli Azərbaycan ordusu həyata keçirməli oldu. Tariximizdə şanlı Vətən müharibəsi kimi yer alan 44 günlük II Qarabağ müharibəsi, necə deyərlər hər şeyi yerbəyer etmiş oldu. Bununla da dünya müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsində müasir dövrün ən istedadlı və qətiyyətli sərkərdəsini tanımış oldu. Dünya rəşadətli Azərbaycan ordusunun timsalında müasir ordunun necə olduğunu öyrənmiş oldu. Dünya Azərbaycanı və Azərbaycan xalqını yenidən, həm də bu dəfə olduğu kimi tanıdı. Nəhayət, dünya Cənubi Qafqazda kimin kim olduğunu anlamış oldu. Həm maraqlı, həm də əhəmiyyətlidir ki, poema müəllifi bütün bu olub keçənləri özünün poetik süzgəcindən keçirməklə olduqca axıcı və oxunaqlı bir tərzdə oxucuya təqdim edə bilib. Bu da poema müəllifinin çox ciddi uğurudur.
Mən Ramiz Qusarçaylını şair olaraq, vətəndaş olaraq çox yaxşı tanıyıram. Mən bilirəm, qoy oxucular da bilsin ki, əgər Qarabağ azad olunmasaydı, 44 günlük müharibə böyük Qələbə zəfəri ilə sona yetməsəydi, o da bu poemanı bu cür möhtəşəm finalla tamamlaya bilməzdi…
Axır ki, mənim də zəfərim gəldi,
Mənim də Qələbə əsərim gəldi!
Mən onun yolunu çox gözləmişdim,
Onu oxşamışdım, əzizləmişdim…
Fridrix Engels Danielsona yazdığı məktublarından birində qeyd edirdi ki, əziz dostum, vaxtım az olduğundan məktubum belə uzun alındı. Şəxsən bir tarixçi alim olaraq Azərbaycanın Azıx mağarasından, Quruçay arxeoloji mədəniyyətindən başlanan 2-2,5 milyon illik tarixini, bu tarixin demək olar ki, bütün mərhələlərini və əsas olaylarını 200-250 səhifəlik bir poemada tərənnüm etmək, onu geniş oxucu kütləsinə əlçatan etmək olduqca çətin və heyrətamiz bir işdir. Bu əslində yaradıcılıq və işdən daha çox Vətənə xidmətdir.