"Ə, bir-bir...”, islahatlar hamısı birdən olmur ki!
Tağı müəllim
Ölkədə universitet islahatları adı altında ali məktəb rektorları müxtəlif işlər görürlər. Ali məktəblərin nəzdində İctimai Nəzarət Şuraları yaradılır, imtahan sessiyası zamanı şəffaflığın təmin olunması üçün tədbirlər həyata keçirilir, elmlə təhsilin vəhdətindən danışılır. Təhsilin səviyyəsini və təhsil müəssisəsinin nüfuzunu artırmaq üçün yeniliklər tətbiq edilir, dəyişikliklər aparılır...
Universitetlərin təhsil səviyyəsini və reytinqini müəyyənləşdirmək üçünsə standart meyarlar mövcuddur. Bu meyarların içərisində professor-müəllim heyətinin tərkibi xüsusi rol oynayır. Məsələn, bizdə elə ali məktəblər var ki, nazirlər, deputatlar kafedra müdirləridir. Ancaq bunların reytinqə təsirindən danışmaq savadsızlıq olardı. Beynəlxalq Akkreditasiya Bürolarına desən ki, bizdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov BDU-nun fizika fakültəsində kafedra müdiridir, onlar buna çox şad olarlar. O mənada ki, Universitetdə də seçkilər keçirilir və səsləri obyektiv saymaq lazımdır. Universitetlər bunsuz nə edə bilərlər?
Amma tələsmək lazım deyil, yaxşı islahatlar "bir-bir” olur...
Budur, Universitet islahatlarının qızğın çağında ən intellektual və rasional addımı Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova atıb. O, əvvəllər "metro Tağı” kimi tanınan Tağı Əhmədovu rəhbərlik etdiyi ali məktəbin nəqliyyat fakültəsində "Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrasına müdir təyin edib. Bu, ilk növbədə təhsillə elmin vəhdətini təmin edən təyinatdır. Çünki hörmətli Tağı müəllimin bioqrafiyasına baxsanız, görərsiniz ki, o, həm Texniki Universiteti, həm də İnşaat Mühəndislər Universitetini bitirib, eyni zamanda Bakı metrosuna rəhbərlik edib. Gülçöhrə xanım digər rektorlardan çevik tərpənib, belə parlaq adamı öz universitetinə cəlb edib...
Vikipediyada yazılır ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir. Zalım Vikipediyanın yazmağından belə çıxır ki, Tağı müəllim 20 ildir eləcə aspirantdır. Məncə, bu cür cümlələr böyük alimimizə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Bundan başqa həmin Açıq ensiklopediyada qeyd edilir ki, Tağı müəllim "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır. Kimsə deyə bilər ki, onun apardığı tədqiqatlarla kafedrasının adı düz gəlmir. Ancaq bütün bunlar dedi-qodu səviyyəsində qalmalıdır. Çünki Gülçöhrə xanımım qərarı müzakirə olunmur.
Tağı müəllim müsahibələrində elmi dövriyyəyə xeyli anlayışlar və yeni ifadələr gətirib. Lakin onlar nəzəri xarakter daşıyıb. Yəqin ki, yaxın gələcəkdə biz eksperimental tətbiqin də şahidi olacağıq. Məsələn, bir dəfə qatarda işıq kəsiləndə jurnalistlərdən biri ona sual verdi ki, bəs qatarda neçə nəfər adam qalıb. Tağı müəllimin cavabı çox orijinal oldu: iki onda beş (yəni, 2,5 ). Tağı müəllim eyni cavabı imtahanlardan kəsilən tələbələrə də işlədə bilər. Yoxlama gəlsə deyər ki, bizim tədris etdiyimiz fəndən 2,5 tələbə kəsilib. Bu rəqəmdən nə İctimai Nəzarət Şurasının üzvləri, nə də Təhsil Nazirliyinin əməkdaşları baş çıxara bilməzlər.
Tağı müəllimin jurnalistlərə tövsiyələri onların davranışlarını nəzərə çarpacaq dərəcədə korrektə edib. Bu universitetə gələn jurnalistlər onun xarizmasını, yəqin ki, təhtəlşüurlarında saxlayıblar. Bu həm də universitet üçün əhəmiyyətli məsələdir.
Tağı müəllimin kafedra müdiri təyin olunması barədə xəbərdə bir mühüm məqam da var idi: "2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub”.
Məmmədəliyev mükafatı müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir. Tağı Əhmədovun ölkənin iqtisadi inkişafındakı xidmətlərini dedikdə, yəqin ki, onun metrodakı köhnə qatarların istifadə müddətini uzatmasını nəzərə alıblar. Başqa sözlə, dövləti əlavə xərcə salmaması əsas götürülüb. Bir də yəqin ki, əməkhaqqından topladığı 3 milyon manatı. Zalım Çovdarov onun topladığı bu pulları xeyirxah işlərə sərf etməsinə macal verməyib.
O ki qaldı fundamental tədqiqatlar və kəşflərə, Tağı müəllimin 1997-ci ildən bəri aspirant olması elə fasiləsiz elmi tədqiqatlar aparmaq demək deyilmi?!
Yuxarıda qeyd etdiyim kimi, onun elmə gətirdiyi universal anlayışlar elmimiz üçün yeni üfüqlər aça bilər. Və bunların içərisində ən gözəgəlimlisi "burcutmaq” terminidir ki, o da bütün elm sahələrində işlədilə bilər.
"Burcutmaq” termininin Azərbaycan dilinin izahlı lüğətində mənası belədir: Bədənin orta hissəsini buran kimi etmək, bədənin sağa - sola oynatmaq (bəzən naz-qəmzə etmək mənasında da işlənilir). Bu lüğətdə M.Hüseynin əsərlərinin birindən misal də gətirilib. "Katibə iri bir boşqabda Əlyarovun səhər yeməyini gətirib, masanın üstünə qoydu, geriyə döndü və naz-qəmzə ilə burcudaraq, yenə o biri otağa keçdi”.
Gözəldir, elə deyilmi?
Gözəl işlər baş verir universitetlərimizdə! Amma "bir-bir”!
Etibar Əliyev
Təhsil eksperti
(moderator.az)