AzTehsil.com


Xəbərlər
02 aprel 2017
3 296


İqtisad Universiteti tələbələrdən özünə qiymət istədi...



İqtisad Universiteti tələbələrdən özünə qiymət istədi...

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyi imtahanların şəffaf və obyektiv keçirilməsi üçün ardıcıl və planlı iş aparır. İndiyədək bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və tanınmış KİV-lərin nümayəndələri Universitetdə keçirilən "Açıq qapı”larda iştirak etmiş, "Qaynar xətt”ə daxil olan məlumatların təhlilinə və Apellyasiya Komissiyasının işinə qatılmışlar. Görülən işlər ciddi effekt verdiyi üçün xalq arasında, mətbuatda Universitet barədə yeni və xoş təəssürat yaranmaqdadır.
 
Azərbaycan Dövlət İqtisad Universitetində son vaxtlar gerçəkləşdirilən mühüm yeniliklərdən biri də qış imtahan sessiyasında 400 tələbənin iştirakı ilə anonim sorğunun keçirilməsidir. Sorğu ali məktəbdəki gerçək duruma tələbələrin gözü ilə baxmaq, onların fikir və rəylərini öyrənmək, üstünlük və zəiflikləri ayırd etmək, bütün bunları təhlil edib gələcək işləri düzgün qurmaq niyyəti ilə keçirilib. Bir növ həmişə universitetdən qiymət gözləyən tələbələr özləri universitetə qiymət veriblər. Belə bir sorğunun maraq kəsb etməsini nəzərə alıb, oxucuların diqqətinə çatdırırıq.
 
 Sorğu XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyi, moderator.az, modern.az saytlarının əməkdaşları tərəfindən aparılmışdır.
 
- Universitet rəhbərliyi ötən dövrlərdə imtahanların obyektiv və qüsursuz keçirilməsi üçün səylərini durmadan davam etdirir. Rəhbərliyin bu çalışmaları tələbələr arasında necə qarşılanır:
 
1. Tələbələr bu çalışmaları yetərli hesab edir: 66,4%

2. Bu çalışmalar müsbətdir, amma yetərli deyil: 17,6%

3. Bu sahədə görülən işlər zəifdir: 5,3 %

4. Heç nə hiss olunmur: 3,6%

5. (Başqa rəy): 7,1%
 
- Universitetdə imtahanlar zamanı qiymətləndirmənin tamamilə obyektiv keçirilməsini qəbul edirsinizmi?
 
1. Bəli, qiymətləndirmə tamamilə obyektiv keçirilir: 62, 4%

2. Xeyli ədalətlidir, amma yenə də qüsurlar olduğunu düşünürəm: 17,5%

3. Özümə qarşı ədalətsizlik görməmişəm, başqaları ilə bağlı əmin deyiləm: 10,2%

4. Yaxşı oxuyanlar özləri qiymət ala bilirlər, amma haqları çatmayanlar da qiymət alırlar: 6,2%

5. (Başqa rəy): 3,7%
 
- İmtahan suallarının tərtibi aydınlığına görə sizi qane edirmi?
 
1. Bütün suallar aydın və başa düşüləndir: 69,3%

2. Çox az hallarda aydın olmayan suala rast gəlmişəm: 14,8%

3. Aydın olmayan suallar çox olur: 11,2%

4. (Başqa rəy): 4,7%
 
- Suallar keçilən mövzulara və proqrama uyğunmu olur?
 
1. Bütün suallar keçilmiş mövzulara və proqrama uyğun olur: 75,6%

2. Keçilməmiş dərslərə aid suallar da olur: 13,9%

3. (Başqa rəy): 10,4 %
 
- İmtahanlarda suallar asan və çətinliyinə görə fərqlənir. Bəs sizcə tələbəni bilərəkdən, yəni qərəzlə dolaşdırmağa yönələn suallar olurmu?
 
1. Belə suallara rast gəlməmişəm: 81,3%

2. Belə suallar olur: 12,5%

3. (Başqa rəy): 6,2%
 

- İmtahan zamanı gizli pozuntulara - köçürülmə hallarına, müəllimin köməyinə və s. hallara rast gəlsəniz, bu haqda rəhbərliyə məlumat vermək istəyərdinizmi?
 
1. Yox, mən belə addımları düzgün saymıram: 49,9%

2. Yox, rəhbərlik özü imtahanı elə təşkil etməlidir ki, bu hallar baş verməsin: 27,1%

3. Xəbər verərdim: 9,3%

4. Ədalətli nəticə olacağına inanmadığım üçün xəbər verməzdim: 4,8%

5. Anonim qalacağıma əmin olsam, xəbər verərdim: 6,2%

6. Məncə ictimai ədalət üçün bunu etməliyik: 1,7%

7. (Başqa rəy): 1%
 
- Sizcə imtahanlar rahat şərait baxımdan düzgün keçirilirmi?
 
1. Otaqlar səssiz və rahat olur: 62,6%

2. Bəzən otaqlar rahat olmur: 13,8%

3. Ətrafdan səs gəlir: 15,4%

4. Necə gəldi və harada gəldi keçirilir: 4,7%

5. (Başqa rəy): 3,5%
 
- Müəllim adı hamımız üçün müqəddəsdir. Amma heç də hamı müəllimlərdən razı qalmır. Onların keçdiyi mühazirə və seminarlar sizi qane edirmi?
 
1. Bütün mühazirə və seminarlar məni qane edir: 52,2%

2. Mühazirə və seminarların az bir hissəsi məni qane etmir: 27,8%

3. Mühazirə və seminarların az bir hissəsi məni qane edir: 15,5%

4. (Başqa rəy): 4,5%
 
- İmtahanların keçirilməsinin forma və üsulları ilə bağlı hansı təklifləriniz var?
 
1. Test üsulu bizi qane edir: 73,7%

2. Yazılı imtahanlara üstünlük verilməlidir: 6,3%

3. Fərqi yoxdur: 20%
 
- Hansı fənn üzrə mühazirə və seminarlar sizi tam qane etmir?
 
Sorğuya cəlb olunanan tələbələrin az bir hissəsi (minimum 1, maksimum 17 nəfər) bu sualı cavablandlrmışlar.
 
Ekonometrika – 17; İnsan resursları – 17; Biznesin əsasları – 12; Makroiqtisadiyyat – 11; Mühasibat uçotu - 9; İqtisadiyyata giriş – 8; Xətti cəbr və riyazi analiz - 7; Azərbaycan tarixi - 6; Fəlsəfə - 5; Rus dili – 4; Mülki müdafiə - 3; İqtisadi təhlil – 2; Bank işi – 1.
 
"Mühazirə və seminarları aparan müəllimlərlə bağlı nələr siz qane etmir? Sizi razı salmayan cəhətləri və halları qeyd edə bilərsinizmı?” sualına cavabda tələbələr maraqlı cəhətləri qeyd etmişlər: Məsələn: Onlar mühazirələrin üzündən oxunmamasının, müəllimlərin yeniliklərdən yetərincə məlumatlı olmalarının, mühazirələrin aydın izahının, fənni daha yaxşı mənimsəmək üçün onlara müxtəlif ədəbiyyatların təklif olunmasının tərəfdarıdırlar. Bundan başqa tələbələrin əsaslı kəsimi yaşlı müəllimlərin dərslərindən narazılıqlarını ifadə etmişlər.
 
Etibar Əliyev
Sevinc Qarayeva
moderator.az



Загрузка...