AzTehsil.com


Xəbərlər
20 aprel 2017
3 135


“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”



“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

 

Xəbər verdiyimiz kimi, aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatıb. Aprelin 20-də isə professor-müəllim heyətinin müsabiqəsinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə professor-müəllim heyətinin bilik, bacarıq və peşəkarlıq səviyyəsi müəyyən ediləcək. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. 
 
Xatırladaq ki, ADPU-da professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə "Xalq qəzeti”nin, "Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilib. Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb. Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılan 114 vakant yerə 500 nəfər sənəd verib. Müsabiqəyə ADPU-dan 350 nəfər, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var. Universitetin Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var. Fizika və texnologiya fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var.
 

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

 

 Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var. İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var. "Psixologiyanın əsasları” və "Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
 
Qeyd edək ki, müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin ümumi nəzarəti ilə açıq dərslər keçirilir. Keçirilən açıq dərsləri fakültələrin tədris-metodika şuralarında alim-mütəxəssislər qiymətləndirir, sonra bu qiymətləndirmələr kafedralarda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Növbəti mərhələdə fakültə Elmi Şurası kafedraların qərarına münasibət bildirərək qalibləri müəyyən edir və Rektorluq qarşısında qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsinin bağlanılması barədə vəsatət qaldırır. Əgər mübahisəli vəziyyət yaranarsa, rektor tərəfindən bu mübahisənin araşdırılması üçün komissiya yaradılır. Narazılıq öz təsdiqini taparsa, məsələ universitetin Elmi Şurasının müzakirəsinə çıxarılır və Elmi Şura son qərarı verir. Elmi Şuranın qərarı ilə qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanır. Müsabiqənin may ayının sonlarında başa çatdırılması nəzərdə tutulur .
 

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

 

Bəs, Azərbaycanın ali təhsil sistemində mütərəqqi bir yenilik, pedaqoji kadrların seçilməsinə fərqli yanaşmanı əks etdirən bu müsabiqə barədə mütəxəssislər, təhsil ekspertləri nə düşünürlər?
 
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az -ın mövzu ilə bağlı sualına münasibət bidirib.
 
Şahlar Əsgərov ADPU-da həyata keçirilən bu metodu ali təhsil sistemindəki mövcud neqativ halların qarışının alınması istiqamətində müsbət addım kimi qiymətləndirib:
 
"Hesab edirəm ki, bu, mütərəqqi metoddur, çünki ali məktəblərdə təhsilin keyfiyyətinə təsir edən faktorlardan biri də müəllimlərin bilik, elm səviyyələrinin yüksək olmasıdır. Bilik müəllimdən tələbəyə axır, gərək müəllimin biliyi tələbənin biliyindən yüz, min dəfələrlə çox olsun ki, bu bilik su kimi axsın. Hündürlük fərqi çox olanda su sürətlə axır, bilik səviyyəsində də fərq çox olanda bilik müəllimdən tələbəyə sürətlə axır. 
 
Siz də dəfələrlə bu mövzuya müraciət etmisiniz ki, Azərbaycanda saxta diplomlu şəxslər çoxdur. Elmi dərəcələrdə köçürmə halları da çoxdur, yəni alim adı alan şəxslərin elmi drəcələrində qüsurların olmasından çox söhbət gedir. Üstəlik bura Azərbaycandır, qohumluq, dostluq, tanışlıq və başqa yolları da nəzərə alsaq, o zaman görərik ki, ali məktəblərin kadr potensialı sistemində çox sayda bu ada layiq olmayan insanlar kök atıb. İndi əgər biz ali məktəbdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istəyiriksə, yaxşı müəllimlə pis müəllimi, yaxşı alimlə pis alimi, yaxşı pedaqoqla pis pedaqoqu bir-birindən ayırmalıyıq. Bunu hər bir universitet bir üsulla edə bilər, ADPU da bunu siz dediyiniz yolla edir. Yəni bu çox vacib məsələdir, çünki bilənə dəyər vermək üçün gərək bilməyəni onunla bərabər stolda əyləşdirməyəsən. Bu baxımdan ADPU-nun atdığı bu addımı mən bəyənirəm”.
 
Professor onu da qeyd edib ki, başqa universitetlər də bu istiqmətdə başqa formada addımlar atır: 
 
"Bu gün ali təhsil sistemimizdə gözə görünməyən bir sağlamlaşma, sağalma prosesi gedir. Buna görə mən çox sevinirəm. Tez-tez iştirak etdiyim 3 universitetin adını çəkə bilərəm ki, bu istiqamətdə kifayət qədər ciddi addımlar atır və atmağı planlaşdırır - UNEC, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitet. 
Bu çox sevindirici haldır. Bizim ali məktəb sistemləri keyfiyyətli təhsil verməsə, XX əsrin çağırışlarına cavab verə bilmərik”.



Загрузка...