“50%-dən çox tərbiyəçi ixtisassızdır”
Məktəbəqədər təhsildə böhran: “50%-dən çox tərbiyəçi ixtisassızdır”
Uşaqların etibarla böyüməsi hər bir valideynin əsas istəyidir. Ancaq son dövrlərdə bağçalarda uşaqlara qarşı baş verən zorakılıq halları bu etibarın ciddi zərbə aldığını göstərir.
Cəmiyyət haqlı olaraq narahatdır: övladlarımızı əmanət etdiyimiz insanlar kimlərdir və bu sahədə nəzarət mexanizmləri kifayət qədər işləkdirmi? Bağçalarda şiddət halları artdığı bir zamanda, müəllim və tərbiyəçi seçimində daha hansı meyarlar nəzərə alınmalıdır ki, bu kimi hadisələrin qarşısı alınsın?
AzTehsil.com xəbər verir ki, Məktəbəqədər ekspert Xalidə Musayeva azEdu.az-a açıqlamasında bildirib ki, bəzi müəssisələrin üzərinə “bağça” adı qoyulsa da, onlar əslində məktəbəqədər təhsil müəssisəsi deyil və bu cür yerlərdə baş verən hadisələrə görə bütün bağçaların adının ləkələnməsi ədalətsiz yanaşmadır:
“Belə yerlərin mövcudluğuna görə bütün bağçaların adının ləkələnməsi isə olduqca yanlış və həqiqətən də ürək ağrıdan məsələdir. Bu vəziyyət yalnız bağçaların və ya tərbiyəçilərin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Valideynlər övladlarını hər hansı müəssisəyə yazdırmazdan əvvəl, ilk növbədə onun dövlət qeydiyyatı və lisenziyası ilə maraqlanmalıdırlar. Soruşmalıdırlar: “Bu müəssisənin lisenziyası varmı? Siz bu sahədə fəaliyyət göstərmək üçün hansı hüquqa sahibsiniz?” Əgər cavab müsbət deyilsə, həmin yerin uşaq üçün uyğun olmadığını anlamaq lazımdır”.
Xalidə Musayeva bildirib ki, onsuz da dövlətin məktəbəqədər təhsil müəssisələri ilə bağlı müəyyən standartları mövcuddur və bu standartlara tərbiyəçi seçimi də daxildir:
“Təəssüf ki, bəzi şəxslər sadəcə bir neçə otağı boyayıb, bəzəyib, bura-bura oyuncaqlar düzərək valideynlərin diqqətini cəlb edirlər. Lakin bu cür yerlərdə peşəkar müəllimlər deyil, təsadüfi və ixtisassız şəxslər çalışır. Bu da bir sıra ciddi problemlərə yol açır. Onlardan biri də dil baryeridir. Çox zaman bu “bağçalarda” məktəbəqədər təhsil üzrə ixtisası olmayan insanlar uşaqlarla işləyir.
Valideynlər bu məsələdə böyük bir səhvə yol verirlər: hələ ana dilində tam danışa bilməyən, nitqi tam formalaşmayan uşaqları ingilis və ya rus bölməsində fəaliyyət göstərən müəssisələrə yazdırırlar. Halbuki bu yaş dövründə uşaq ilk olaraq bir dili mükəmməl şəkildə mənimsəməli, həmin dildə düşünməyi öyrənməlidir. Ancaq bundan sonra başqa dilləri öyrənməyə başlaya bilər. Hazırda isə başqa dillərdə təhsil verəcək ixtisaslı kadrların sayı olduqca azdır. Bu da təbii ki, Azərbaycan Respublikasında əsasən dövlət dilində təhsil alan mütəxəssislərin yetişdirilməsi ilə bağlıdır.
Nəticədə isə bu müəssisələrdə çalışan müəllimlərin çoxu ya xarici dil bölməsində təhsil almayıb, ya da ümumiyyətlə müəllimlik ixtisasına malik deyil. Məsələn, bu yaxınlarda uşağa qarşı zorakılıq törədən şəxsin tərcümeyi-halı araşdırılsa, çox güman ki, onun nə bu sahədə ixtisası, nə də uyğun təcrübəsi olduğu ortaya çıxacaq. Bu səbəbdən özəl bağçalar üçün konkret şərtlər tətbiq olunmalı və bu qaydalar ciddi şəkildə yoxlanmalıdır.
Əgər bir müəssisənin dövlət lisenziyası yoxdursa, o, bağça sayılmır. Bu, sadəcə qeydiyyatdan keçmiş bir MMC-dir və faktiki olaraq qanunsuz fəaliyyət göstərir. Belə yerlərdə istənilən şəxs işləyə bilir. Amma əgər müəssisə dövlət lisenziyası alıbsa, artıq müəyyən şərtlərə əməl etməlidir. Bu şərtlərin ən vacibi isə məktəbəqədər təhsil üzrə ixtisaslaşmış kadrların işə götürülməsidir.
Təəssüf ki, hazırda ölkədə fəaliyyət göstərən 5800-dən çox tərbiyəçinin, yəni dövlət müəssisələrində çalışanların 50 faizindən çoxu qeyri-ixtisasçıdır. Özəl müəssisələrdə isə bu rəqəmin daha da yüksək olduğunu ehtimal etmək olar. Dəqiq statistika aparmaq çətin olsa da, mövcud vəziyyətə baxaraq bu nəticəyə gəlmək mümkündür”.
Onun fikrincə, bağçalarda çalışan şəxslərin ilk növbədə məktəbəqədər təhsil ixtisasını bitirmiş olmaları vacibdir:
"Daha sonra isə sevgi, qayğı və peşəkar yanaşma kimi insani keyfiyyətlər ön plana çıxmalıdır. Çünki bu sahə üzrə ixtisas alan tələbələrə uşaqların fiziki və mənəvi inkişafı, davranışları və qayğı ilə bağlı xüsusi dərslər keçirilir. Bu biliklər isə digər ixtisaslarda tədris olunmur.
Bu gün yaranan problemlərin əsas səbəbi də məhz budur - özəl bağçalarda ixtisası olmayan, hətta bəzən ümumiyyətlə heç bir peşəyə sahib olmayan şəxslərin uşaqlarla işləməsi. Halbuki beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bəzi ölkələrdə magistr pilləsini bitirməyən şəxslər məktəbəqədər təhsil müəssisələrinə işə qəbul edilmir. Niyə biz də bu kimi müsbət təcrübələrdən yararlanmayaq?”.