Məktəb görmədi, qonşu susdu, hüquq işləmədi - ŞOK
Məktəb görmədi, qonşu susdu, hüquq işləmədi - Nuranənin ölümündə günahkar kimdir?
Qız uşaqlarının qurbana çevrildiyi bir cəmiyyətin ən böyük günahkarı yalnız cinayəti törədən olmur. Bu dəfə söhbət sadəcə bir şəxsin törətdiyi dəhşətli əməldən yox, bütöv bir sistemin, susanların, görməyənlərin, görüb də müdaxilə etməyənlərin məsuliyyətindən gedir.
Kür çayına atılmış 16 yaşlı qızın taleyi, əslində, tək bir ailənin faciəsi deyil. Bu, dövlətin, hüququn, məktəbin, məhəllənin, qonşunun, cəmiyyətin ümumi uğursuzluğudur. Qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən qətlə yetirilən bu yeniyetmə qız, hüququn, ictimai qınağın, təhsil sisteminin və sosial dəstək mexanizmlərinin işə yaramadığı nöqtədə həyatını itirdi.
AzTehsil.com xəbər verir ki, bu ağır hadisənin fonunda Milli Məclisin deputatı Ceyhun Məmmədov və hüquqşünas Babək Həmidovla erkən nikahların qarşısının alınması, qanunların tətbiqi və cəmiyyətin rolu ilə bağlı AzEdu.az-ın suallarını cavablayıb.
Cavablar isə təkcə hüquqi deyil, həm də sosial məsələləri əhatə etdi.
Deputat Ceyhun Məmmədovun fikrincə, bu cür halların baş verməsi cəmiyyətin bütövlükdə məsuliyyətsiz yanaşmasından irəli gəlir:“Bir kənddə belə hadisə baş verirsə, məktəbin, icra orqanlarının, digər dövlət qurumlarının xəbəri olmaması mümkün deyil. Bu, yalnız laqeydlikdən irəli gəlir. Əgər ciddi cəza mexanizmləri tətbiq olunmasa, bu hallar davam edəcək. Cəmiyyət ayıq olmalı, hüquq-mühafizə orqanları nəzarəti gücləndirməlidir”.
Məktəbdə davamiyyətin izlənməsi sisteminin də real və işlək olmamasına toxunan deputat qeyd edir ki, təhsildən yayınan və erkən evləndirilən qızlar sistem tərəfindən vaxtında aşkar edilmir:
“Əgər qız məktəbdən yayındırılıbsa, bu, sistem tərəfindən niyə aşkarlanmayıb? Məktəb, məhəllə, qohumlar, qonşular bunu bilməyə bilərmi? Bu, ciddi ictimai məsuliyyətsizlikdir”.
Hüquqşünas Babək Həmidov isə məsələnin hüquqi tərəfini izah edərək bildirir ki, azyaşlının erkən nikaha məcbur edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə qadağandır:
Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, 18 yaşına çatmayan şəxsləri nikaha daxil etməyə məcbur etmək 3.000 manatdan 4.000 manata cərimə və ya 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Əgər şəxs ailəsi və ya tərbiyəsinə cavabdeh şəxslər və ya qurum tərəfindən məcbur edilibsə, həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar. Məktəb rəhbərliyi davamiyyətin izlənməsi, sosial xidmət qurumlarına məlumat vermə vəzifələrinə ciddi yanaşmalıdır. Bu hadisə bir daha göstərdi ki, təkcə qanunların mövcudluğu yetərli deyil. Qanunun işləməsi, ictimai qınağın mövcudluğu, dövlət qurumlarının aktivliyi və cəmiyyətin bütöv reaksiyası vacibdir".
Ağır işgəncə gördükdən sonra Kürə atılan bir qızın xatirəsi qarşısında cəmiyyət olaraq susmaq, növbəti qurbanların yolunu açmaq deməkdir. Qanunlarımız var, bəs onları tətbiq etmək iradəmiz də yetərlidirmi?