Son günlər direktorlar və onların müavinləri, həmçinin təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə mətbuatda məlumatlar dolaşır. Yəni, bu peşə sahibləri yaz öz peşələrində qalmalı ya da müəllim işləməlidir. Bu problemlə əlaqədar ölkənin qərb bölgəsindən təhsil şöbəsindən saytımıza müraciət olunub və bir aydınlıq gətirilməsi xahiş olunub. Karyera Tədris və Araşdırmalar Mərkəzinin Direktoru Elşən Qafarov mövzu ilə əlaqədar öz fikrini belə izah edib.
"Verilən məlumat doğrudur. Bu artıq keçən ildən Bakı Şəhər Təhsi İdarəsində başlayıb. Yeni işə başlayan, köhnə işləyən direktor və müavinlərinə deyilib ki, onlar dərs deməsinlər. Əslində məsələyə yanaşanda Təhsil Nazirliyinin mövqeyi doğrudur. Çünki biz hamımız bilirik ki, orta ümumtəhsil məktəblərində direktor və müavinlərin 12 saat dərs demək imkanı var. Lakin bu o zaman uyğun görülür ki, məktəbdə dərs saatları bölünüb və əlavə dərs saatları da qalıb. Onlar dəsr deyən zaman idarəetmədə boşluq yaranır. Təhsil Nazirliyinin bu qərarı doğrudur ki, onlar yalnız idarəetmə ilə məşğul olsunlar. Bugün təhsil islahatları davam edərkən dövlətə səriştəli, savadlı işini bacaran idarəedicilər lazımdır. Direktor və müavinlər elə yaxşı oalr ki, öz peşəkarlıqlarını peşələrində göstərsinlər. Onların müəllim işləməsi istisna hallarda mümkündür ki, məktəbdə həmin ixtisas üzrə müəllim yoxdur və təhsil şöbəsi o ixtisas üzrə müəllim tapa bilmir. İş saatlarının bölünməsi üçün bu uğurlu addımdır. Direktor və müavinləri buna görə ruhdan düşməsinlər, əgər onların dərs deməyi uyğun görüləcəksə əməkhaqqları sitimullaşdırılacaq.
Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov da saytımıza öz fikrini bildirib.
"Doğru və yanlışlığından asılı olmayaraq belə bir addım atılacağı gözlənilən idi.
İndi də bir sıra sayt və FB səhifələrində dərs saatları ilə bağlı xəbərlərə və paylaşmalara start verilib. Yayılan xəbərlərə görə, dərs saatları ilk növbədə müəllim heyəti arasında bölünməli, bunun üçün ilk növbədə qeyri-müəllimlərə verilən dərs saatları onlara qaytarılmalıdır. Qeyri-müəllim hesab edilən UBR, laborant, psixoloq, kitabxanaçı, direktor və müavinləri, metodistlər, təhsil sistemində əsas iş-yeri qeyri ümumtəhsil müəssisəsi olan yerlərin əməkdaşları-məktəbdənkənar müəssisələrin məşqçi müəllimi, dərnək rəhbəri və s. nəzərdə tutulur. Təhsil sistemindən kənar müəssisədə əsas iş yeri olan şəxslər birmənalı şəkildə dərs saatlarına malik olmayacaqlar. Direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər. Müəllim keçərək əlavə dərs saatına malik olmaq istədikləri halda, TN -ə müraciət etməli, fərdi qaydada TN -də qiymətləndirmədən keçdikdən sonra artıq yalnız müəllim kimi fəaliyyət göstərə bilərlər. Metodistlər fərdi qaydada RTŞ -nin müraciəti ilə TN tərəfindən razılıq ilə məhdud dərs saatlarına malik ola bilərlər. Müəllimlər zəifdirlərsə dərs saatlarının bir qismi onlar arasında bölünməklə, vakansiyaya çıxarılmalı, sistemə "yeni nəfəs" gəlməlidir və s.
Əvvəla belə bir rəsmi informasiya heç bir rəsmi mətbu orqanında dərc olunmayıb və heç bir rəsmi qurum və şəxs tərəfindən hər hansı bir bəyanat və açıqlama ilə təsdiqini tapmayıb. Bununla belə, məsələyə "od olmayan yerdən tüstü çıxmaz” pinsipi ilə yanaşsaq, TN rəsmilərinin son bəyanat və açıqlamalarındakı məhz bu aspektdən olan mesajlara diqqət yetirsək və nəhayət bu istiqamətdə artıq bir sıra yerli təhsil orqanlarının "aktiv fəaliyyətə” başlaması barədə gələn xəbərləri nəzərə alsaq "torbada pişik var” ehtimalı özünü doğrultmuş olur.
Belə bir addımın gec-tez atılacağı onsus da əvvəlcədən hiss olunurdu, başqa sözlə gözlənilən idi. Hər şeydən əvvəl ona görə ki, "layihədə” də (əgər bunu şərti olaraq layihə adlandırsaq) deyildiyi kimi "dərs saatları ilk növbədə müəllim heyəti arasında bölünməli, bunun üçün isə ilk növbədə qeyri-müəllimlərə verilən dərs saatları onlara qaytarılmalıdır.” Həqiqətən də məktəblərimizdə xeyli kənar "saathesabılar” və əvəzedicilər var ki, bunlar da əsas müəllimlərin dərs saatı ilə düz-əməlli təminatı üçün bir manedir. "Təhsil sistemindən kənar müəssisədə əsas iş yeri olan şəxslərin birmənalı şəkildə dərs saatlarına malik olmayacaqlar”ı barədə ideya ilə də tam razılaşmaq olar.
"Direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər”- bax bu fikir tam yanlışdır və bununla heç bir halda razılaşmaq olmaz. Bununla bağlı hər hansı bir əlavə şərh verməyə belə ehtiyac duymuram. Birdən təmin olunmadı...
"Müəllim keçərək əlavə dərs saatına malik olmaq istədikləri halda, TN -ə müraciət etməli, fərdi qaydada TN -də qiymətləndirmədən keçdikdən sonra artıq yalnız müəllim kimi fəaliyyət göstərə bilərlər.” Bu bəndə də əlavə prosedur baxımından heç bir ehtiyac görmürəm. Hər halda son və konkret sözü məsələnin rəsmi açıqlamasından sonra demək olar.
O ki, qaldı doğru və yanlış olmasından asılı olmayaraq belə bir informasiyanın ictimailəşməsinə hesab edirəm ki, bu ictimai rəyin öyrənilməsi və fikir mübadiləsi baxımından bəlkə də faydalıdır. Nazirlik əgər belə bir qərarın qəbul edilməsində israrlı olsa belə yəqin ki, müzakirə və polemikalar baş tutduğu halda ictimai rəydən irəli gələn rəy və təklifləri nəzərə alacaq, necə ki, 1 sentyabrla bağlı ictimai rəyə reaksiya verib, ictimai müzakirəyə çıxardı.
aztehsil.com