Məktəbli qızlara qarşı zorakılıq halları niyə artıb?
Son günlərdə məktəbli qızlara qarşı zorakılıq olunması haqqında mediada çoxlu xəbərlərə rast gəlinir.
Qazax rayonu Çaylı kəndində məktəbli qızlara qarşı şantajla bir neçə nəfər tərəfindən seksual xarakterli cinayət hərəkətlərinin törədilməsi hadisəsi də buna nümunədir. Müasir dövrümüzdə hələ də bu tip hadisələrin olması böyük təəssüf doğurur. Bu o deməkdir ki, cəmiyyət olaraq həyəcan təbili çalmağın artıq vaxtıdır.
Bəs insanlığa sığmayan zorakılıq halları niyə törədilir? Buna səbəb nədir?
Psixoloq Tariyel Faziloğlu bizim.media-ya açıqlamasında bildirib ki, bütün hadisələrin başında bilgisizlik dayanır:
"Məlumat kirliliyi çox olduğuna görə insanlar bu gün internetdən öz faydaları naminə istifadə edirlər. Diqqət etsəniz maarifləndirici xəbərlər, erotik, pornoqrafik materiallardan daha az diqqət görür, oxunur. Nə qədər müasir bir dövrdə yaşasaq da, maarifləndirmə yoxdur.
İnternetdən də həmin şəxslər düzgün şəkildə istifadə etmirlər. Çünki cəmiyyətdə bu mövzulara qarşı aclıq var və bu da insanın seksual, fizioloji ehtiyaclarından doğur.
Dünyanın inkişaf etmiş ölkələrində bu problemə qarşı böyük sosial layihələr həyata keçirirlər. Eynisi ölkəmizdə də icra olunmalıdır. Məktəblərdə psixoloji xidmətlərin keyfiyyəti artırılmalıdır ki, yeniyetmə qızlar və oğlanlar arasında bu mövzularda çaşqınlıq yaranmasın".
Psixoloqun sözlərinə görə, qızların zorakılığa məruz qalmalarında onların ailələrinin böyük günahı var, çünki:
"Ailələr sosial rifahlarını düşünərək, qız övladlarını ərə verib bəzi xərclərdən azad olmaq istəyirlər. Bu vəziyyətdə qurban olan yeganə şəxs azyaşlı qız övladları olur. Bu tip hadisələrin azalması üçün güclü maarifləndirmə işləri aparılmalıdır. Həm qanunvericilik həm psixoloji tərəfləri izah olunmalıdır. İnsanların sosial rifahın daha da yaxşılaşdırılması problemin həllində yardımçı ola bilər", - deyə T.Faziloğlu bildirib.