AzTehsil.com


Xəbərlər
09 aprel 2021
1 268


Distant təhsil: tərəddüdlər və çağırışlar



 

Tədrisin yeni formalarını axtarmaq, onun həyata keçirilməsinin ən səmərəli yollarını tapmaq bizim vəzifəmizə çevrilir


Hazırda dünya təhsil sistemində öz yerini inamla möhkəmlədən, informasiya texnologiyalarının inkişafı ilə yeni uğurlar əldə edən distant təhsil son dövrlərdə daha da aktuallaşıb. COVİD-19 pandemiyası şəraitində dünyada, o cümlədən ölkəmizdə onlayn dərslərin keçirilməsi zərurəti yarandı. İlk dəfə və qəfil onlayn formada dərs keçməyə məcbur olan müəllimlərin o vaxta qədər nə "TEAMS”, nə də "ZOOM” proqramları (platformaları) haqqında geniş məlumatı yox idi. Həqiqət naminə etiraf etməliyik ki, müəllimlərin mütləq əksəriyyəti bu təcrübəni qısa zaman kəsiyində əxz edə bildilər.

istant təhsil tamamilə yeni bir təcrübədir. O dünya miqyasında son illərdə sürətlə genişlənir. Bəs, distant təhsilin üstünlükləri nədir ki, sürətlə inkişaf edir? Bu suala cavab verməyə çalışaq.

Dünyanın bütün ölkələrində təhsilin əyani forması ilə bərabər qiyabi formasından da geniş istifadə olunur. Bu təhsil forması zərurətdən yaranıb, daha çox insanın təhsil almasına xidmət edir. Qiyabi təhsil prosesində təhsilalanlara tədris semestri ərzində mühazirə və seminarlar qısaldılmış proqram əsasında tədris edilir və onlar imtahanlara müstəqil hazırlaşırlar. Son illərdə dünyanın bir sıra ölkələrində distant təhsil qiyabi təhsilə alternativ forma kimi uğurla tətbiq edilməyə başladı. Qısa müddət ərzində böyük uğur qazanan təhsilin bu formasında təhsilalanlar işdən sonra, ona münasib vaxtda təqdim olunan tədris materialları ilə tanış olur, müəllimin mühazirəsinə qulaq asır və lazım olduqda onunla onlayn əlaqə saxlaya bilir. Bəs distant təhsildən hansı hallarda istifadə etmək səmərəlidir?

Dünya sürətlə inkişaf edir və bunun nəticəsində istehsal prosesində yeni texnologiyalardan, avadanlıqlardan, cihazlardan istifadə etmək zərurəti yaranır. Əlbəttə, yeniliklərdən istifadə etməyi öyrənmək üçün işçilərin müəyyən təlimlərdə iştirak etməsi, onların nədən ibarət olduğunu, onlardan istifadə etmək qaydalarını öyrənməsı zəruridir. Bu zaman onlar təlimlərdə iştirak etmək üçün işdən ayrılmalı olurlar. Lakin işçinin işdən ayrılması heç də həmişə müdiriyyət tərəfindən təqdir edilmir. Menecerlər belə vəziyyətdə distant təhsili üstün sayırlar. İşçilər işdən sonra onlara münasib vaxtda, xüsusi proqramlar vasitəsi ilə yeni, zəruri bilik və bacarıqları distant yolla əldə edə bilirlər. Hazırda dünyanın inkişaf etmiş ölkələrində böyük şirkətlər, firmalar, korporasiyalar və s. bu vasitədən geniş istifadə edirlər.

 Ali təhsil ocaqlarının mütləq əksəriyyəti böyük şəhərlərdə yerləşir. Həyat təcrübəsi göstərir ki, mərkəzi şəhərlərdən uzaq yaşayan çoxlu sayda gənc var ki, onlar orta məktəbi bitirdikdən sonra sağlamlıq imkanı məhdud olan valideyninə və ya bacı-qardaşına qulluq etdiyinə, yaxud maddi vəziyyətinə görə (və ya başqa səbəbə görə) şəhərə köçərək təhsil ala bilmirlər. Təhsil ala bilməməsi onun gələcək karyerasına nəzərəçarpacaq dərəcədə təsir göstərir. Halbuki təhsil ala bilsəydi...Belə vəziyyətlərdə də distant təhsil öz uğurları ilə öyünə bilir. 

 Həyatda hamı sağlam doğulmur, bu gün hər bir ölkədə sağlamlıq imkanları məhdud olan insanlar var. Məktəb yaşı dövrünə aid olan uşaqlar xüsusi məktəblərdə təhsil alırlar. Lakin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hər gün məktəbə getmək müəyyən çətinliklər yaradır. Distant təhsil belə uşaqların daha rahat təhsil almaları üçün geniş imkanlara malikdir. Ali məktəbdə də distant təhsil sağlamlıq imkanları məhdud olan gənclər üçün yeni üfüqlər açır.

 Distant təhsil fövqəladə hallarda da şagird və tələbələrin təhsildən ayrılmaması üçün yeganə yol kimi qiymətləndirilir. 2020-ci ilin fevral ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan ediləndən sonra demək olar ki, dünya ölkələrinin mütləq əksəriyyətində təhsil onlayn formada həyata keçirilir. Orta məktəblərdə, xüsusən aşağı siniflərdə distant təhsilin tərəfdarı olmasaq da, şagirdlərin sağlamlığının qorunmasına üstünlük verildiyi üçün onlayn dərslərin keçirilməsini təqdir edirik. Fikrimizcə, şagirdlərlə onlayn dərslərin keçirilməsinin başqa özünəməxsus imkanlarından istifadə etmək daha faydalı olar. Məsələn, xəstə olduğu üçün məktəbə gələ bilməyən şagirdlərin təlimdə geri qalmaması, dərsdən sonra uşaqlarla əlavə məşğələ və fakültətiv məşğələ keçirilməsi üçün məktəbin bu imkanlardan yararlanması məqsədəmüvafiq olardı.       

Təbii ki, distant təhsil birmənalı qiymətləndirilmir. Onun əleyhdarları bu formada təhsilə cəlb olunanların informasiya texnologiyalarından çox istifadə etdiklərini və bunun onların səhhətinə ziyan olduğunu əsas arqument (digər arqumentlər də var) kimi vurğulayırlar. Bu (və digər) arqumentlərlə biz də razılaşırıq. Amma suallar yaranır: - Hər bir evdə uşaqların (hətta iki-üç yaşlı uşaqların) günün çox hissəsini internet və ya mobil telefonla oyun oynadığının kim şahidi olmayıb? Belə hallarda kim uşaqdan mobil telefonu ala bilir, kompüterdən uzaqlaşdıra bilir? Görəsən uşaqların internetdən onların inkişafına heç bir fayda gətirməyən oyunlardan istifadə etməsi yaxşıdır, yoxsa internetə tədris vəsaiti kimi baxması? Göründüyü kimi, distant təhsilin nöqsanları ilə bərabər üstünlükləri də var. Atalar demişkən "Hər yanlışda bir naxış var, hər ziyanda bir xeyir”.

Distant təhsilin yaranması və inkişaf zəruriliyi

Dünyada əsrlərin süzgəcindən uğurla keçən elə təcrübələr var ki, onlar insanların fəaliyyətinin episentrində özünə yer tutmaq şərəfinə layiq görülmüşdür. Belə təcrübələrdən biri, bəlkə də birincisi təlim-tərbiyə prosesinin təşkilidir. Hələ qədim insan bu prosesin aliliyini, zəruriliyini, cəmiyyət həyatının inkişafının ayrılmaz tərkib hissəsi olduğunu başa düşmüş, gördükləri, eşitdikləri, dərk etdikləri, öyrəndikləri, bildikləri, zəruri saydıqları nə varsa, hamısını yeni nəslə öyrətməyə çalışmışdı.

Təlim-tərbiyə prosesi zaman-zaman təcrübə topladıqca inkişaf etmiş, onun məzmunu təkmilləşmiş, öz məzmununu sadəcə olaraq bildiklərini (biliklərini) yeni nəslə ötürməklə (öyrətməklə) başlanan bu proses sonradan bacarıq və vərdiş aşılamaq, kamil, ideal, səriştəli, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək, tərbiyə etmək, inkişaf etdirmək, sosiallaşdırmaq və s. kimi vəzifələri öz üzərinə götürdü.
Zaman-zaman öz üzərinə yeni-yeni vəzifələr götürən və onları böyük səylə yerinə yetirən təlim prosesi elə zaman kontekstində də bu vəzifələri yerinə yetirmə metodlarından yararlanaraq dünyanın gedişini dəyişmiş, tarix yazmış dahi mütəfəkkirlər, müdrük insanlar, böyük-böyük sərkərdələr, görkəmli tarixi şəxsiyyətlər, öz kəşfləri ilə dünyanın inkişafına təkan verən alimlər yetişdirməsi ilə fəxr etmiş, gördüyü işlərlə heç vaxt kifayətlənməyərək, öz işlərini təkmilləşdirmək üçün yeni yollar axtarmışdır.  Əsrlər boyu insanlar müəllim-şagird münasibətlərinin təcəssümündə öyrənənlərin idraki və sosial bacarıqlar əldə etməsinin daha təkmil yollarını axtarmışlar. Təhsilin tarixi mütəfəkkirlərin, maarifçilərin, qabaqcıl müəllimlərin təlim innovasiyaları ilə zəngindir.

Təhsilin tarixində pedaqoji cəhətdən maraqlı olan innovasiyalardan biri Kaleb Filips adlı bir şəxsin 1728-ci ildə Boston Gazette-də məktub mübadiləsi ilə ölkənin müxtəlif yerlərində yaşayan insanlara stenoqrafiya öyrətməyi təklif etməsi oldu. Bu məsafədən təhsilin yaranması idi. Sonrakı dövrlərdə insanlar radio və televiziya vasitəsi ilə  bilik öyrətmək imkanlarını sınaqdan keçirdilər.

Dünya IV sənaye inqilabına doğru sürətlə irəliləyir. Biz artıq bu inqilabın astanasındayıq. Kompüter, internet, sosial media vasitələri, sosial şəbəkələr, onlayn ünsiyyət, onlayn ticarət, onlayn nəzarət və s. artıq həyatımızın ayrılmaz hissəsinə çevrilərək bizi yeni sənaye inqilabına doğru aparır. Qısa zaman kəsiyində baş verən bu yeniliklər insanların internet resurslarından daha məharətlə istifadə etməsini zərurətə çevirir. İnsanlar bu tələblərdən irəli gələn vəzifələri asanlıqla fəth edə bildi. İndi insanların mütləq əksəriyyəti internetin imkanlarından istifadə edərək, təkcə bir-birləri ilə əlaqə saxlamır, həmçinin onlara lazım olan digər fəaliyyətləri də həyata keçirə bilirlər: - lazım olan məlumatı əldə edir; ticarət məsələlərini reallaşdırır; müxtəlif ölkələrə səyahət üçün təyyarə bileti, mehmanxanada yer və s. sifariş edə bilirlər. İnternetin imkanları nəhayətsizdir və insanlar bu imkanlardan getdikcə daha çox yararlana bilirlər, bu imkanlar onların rahatlığını artırır və vaxtına qənaət etmək imkanı yaradır. Buna görə də insanların internetin imkanlarını müxtəlif sahələrdə sınaqdan çıxarmaqla öz fəaliyyətlərinin səmərəliliyini artırmağa çalışması təbiidir.     

Artıq bir müddətdir ki, təhsil sahəsində də bu imkanlardan istifadə edilir. İlk vaxtlarda dərs prosesində audio və video materialların təqdim edilməsi, məlumatların toplanması və s. istiqamətində faydalı vasitə kimi uğurla sınaqdan çıxan internetin imkanları getdikcə artdı və internetin distant təhsilin təşkili sahəsində nəhayətsiz imkanlara malik olması məlum oldu. Distant təhsilin zəruri olduğu öz təsdiqini tapdı və xüsusən ali təhsil sahəsində müxtəlif ölkələrdə (Birləşmiş Krallıqda, ABŞ-da) bu sahədə daha çox iş görüldü. Bu ölkələrin təcrübəsindən yararlanaraq Türkiyə, Pakistan, Hindistan, Çin və digər  Şərq ölkələrində də distant təhsilin coğrafiyası genişləndirildi.     

Bu gün ənənəvi tədris proqramları təklif edən bir çox təhsil və qeyri-təhsil müəssisələri daha geniş auditoriya əldə etmək üçün internetin imkanlarından yararlanmağa çalışırlar. Çoxlu sayda universitetlərdə təhsilin ənənəvi formada təşkili ilə paralel distant təhsil həyata keçirilir. İnternet imkanları təhsilin daha əlçatan və daha keyfiyyətli olmasına şərait yaradır.

Tədris prosesi mahiyyəti etibarı ilə tələbələrin (şagirdlərin) bilik və bacarıqlar əldə etməsi üzərində qurulur. Bu prosesdə iştirak edən öyrədənin və öyrənənin-hər ikisinin fəal olması zəruri sayılır. Fəal və interaktiv təlim metodlarının tətbiqi şagirdlərin fəallığını və fəaliyyətinin müstəqilliyini nəzərəçarpacaq dərəcədə artırır. Distant təhsil isə şagirdlərin idraki fəallığının və müstəqil təlim fəaliyyətinin reallaşması baxımından daha geniş imkanları ilə seçilir. Belə ki, istər orta məktəb şagirdi, istər ali məktəb tələbəsi, istərsə öz peşə ixtisasını artıran işçilər üçün distant yolla təhsil almaq könüllü olduğu üçün, bu seçimi edənlərdə təhsil almaq motivasiyası daha güclü olur. Motivasiyanın güclü olması onların idraki fəallığını artırır, onları müstəqil olaraq məlumat axtarmağa, öyrənməyə, əlavə məlumatlar tapmağa, tapdığı məlumatları müqayisəli təhlil etməyə, ehtiyac olduğu halda müəllimə və yoldaşlarına müraciət etməyə, onlarla dialoqa girməyə, mübahisə etməyə, gerçəkliyi daha dərindən dərk etməyə, onun həyata tətbiqi yollarını öyrənməyə və s. istiqamətləndirir.

Pedaqoji anlayışlar sisteminə "onlayn sinif otağı” ("onlayn auditoriya”) anlayışı da daxil olub. Onlayn sinif otaqları ənənəvi sinif otaqlarından çox fərqlidir. Ənənəvi sinif otaqları  müəllimlərlə təhsilalanların görüşdükləri eyni məkan kimi qəbul olunub. Bu sadə məkanda müəllim öz yetirmələri ilə birlikdə təlim fəaliyyətinə daxil olur. Bu məkanın möcüzələri öyrədənlə öyrənən arasındakı ünsiyyətlə bağlıdır. Məhz bu ünsiyyətin işığında  təhsilalanlar bilik, bacarıq və vərdişlərə yiyələnir, inkişaf edirlər. Şagird və tələbələr vizual olaraq onların qarşısında müəllimin olduğunu görür, hər bir an istənilən məsələ ilə bağlı ona müraciət edə bilir, onunla birlikdə rastlaşdıqları çətinliyi dəf edir, başa düşülməyən məsələ ilə bağlı ona sual verir, müzakirəyə daxil olur və s. Yeni biliyi qavrama, anlama, tətbiqetmə, analiz, sintez, qiymətləndirmə hamının gözü qarşısında baş verir. Şagird və tələbələr yalnız müəllimdən deyil, həmçinin bir-birindən öyrənirlər, axı möcüzəli sinif otağında müəllimlə ünsiyyətdən əlavə öyrənənlər arasında da ünsiyyət var.

Distant təhsildə də sinif otaqları mövcuddur, amma bu məkanın onlayn olması müəllimlə öyrənəni, o cümlədən öyrənənləri bir-birindən ayırır. Düzdür, distant təhsilin sinxron formada təşkilində bu prosesin iştirakçıları bir-birlərini onlayn görə bilirlər. Bu, üz-üzə görüş deyil. Elə buna görə də onlayn məkan müəyyən bir psixoloji maneə yaradır və birmənalı şəkildə hamı tərəfindən bu ünsiyyətin canlı ünsiyyəti əvəz edə bilməməsi qəbul edilir. Lakin... bir məsələyə diqqət yönəltmək istərdik. Müasir həyatımızın məişət təcrübəsində media vasitələri ilə insanlararası əlaqələrin genişlənməsini hər birimiz asanlıqla müşahidə edirik. Bu gün hər yerdə - həm iş prosesində (həmçinin təhsil müəssisəsində), həm nəqliyyatda, həm istirahət zamanı, hətta yemək yeyəndə, həm də evdə insanların bir-biri ilə telefonda votsap, feysbuk və s. sosial media vasitələri ilə əlaqə saxlamasına, skaypla danışmasına rast gəlmək olur. Sosial media vasitələri günü-gündən çoxalır, buna müvafiq olaraq onlardan istifadə halları da artır. Onlar artıq həyatımızın bir hissəsinə çevrilərək, müasir dövrdə insanların özü də hiss etmədən insanlararası ünsiyyət tələbatının ödənməsində mühüm rol oynamağa başlamışdır. Bu, ünsiyyətin yeni formasıdır. Yaşlı nəsil buna alışmağa çalışır, gənc nəsil isə bunun içərisində böyüyür. Media vasitələrinin həyatımıza daxil olması distant təhsil prosesinə alışmaq üçün təkan verir və tədricən onlayn sinif məkanı qəbul edilməyə başlayır.

Onlayn sinif məkanının özünəməxsusluqları var. Ənənəvi dərs prosesində yalnız müəllimin verdiyi məlumatlarla kifayətlənməli olan şagird və tələbələrin dərs ilə bağlı məlumatlar əldə etməsi üçün onlayn məkanda imkanları kifayət qədər genişlənir, onlar istənilən vaxt məlumat əldə etmək imkanına malik olurlar. Buna görə onlayn sinif otağında uğur qazanmaq üçün müəllim təhsilalanların idrak motivasiyasının formalaşması və inkişafına xüsusi diqqət göstərməlidir.

Bəzən elə düşünürlər ki, onlayn sinif otağında dərs prosesində müzakirə imkanı məhduddur. Halbuki, onlayn dərslər zamanı ani mesajlaşma və ya digər sosial media kimi sinxron onlayn vasitələrdən istifadə etmək mümkündür. Təhsilalanlar bu vasitələrin köməyi ilə müəyyən məsələlər haqqında qısa vaxt ərzində öz fikirlərini bildirirlər. Təlim prosesində bu vasitələrdən hər hansı bir məsələnin müzakirəsi üçün istifadə etmək mümkündür və bu, müəllimin pedaqoji ustalığından asılıdır.
Sinif otaqları bütün dövrlərdə xüsusi möcüzələrə malik olan sosial məkan kimi dəyərləndirilib. Bu məkanda uşaqlar var, onların ünsiyyəti var, bu ünsiyyətdə uşaqların küsüb-barışması var, bu məkanda dostluğun özülünün qoyulması var, bu məkanda uşaq konfliktləri var, bu məkanda oğlan və qız var, bu məkanda uşağın ilk məhəbbəti var, bu məkanda insanların qazandığı uğurlar və uğursuzluqlar var, bu məkanda..... Bu məkanın möcüzələri çoxdur, onları sadalamaqla bitməz, uşaqlar bu məkanda böyüyüb, yeniyetməyə çevrilir, gənclik illərinin ilk dövrlərini burada yaşayır,  uşaqlarla birlikdə bu məkanda müdrik, humanist, gülərüz, insana sevgisi ilə digər bütün insanlardan fərqlənən müəllim, hamının sevdiyi, ehtiram bəslədiyi, həyatın pillələrində onun məsləhətləri ilə uğur qazandığı, uğur qazanıldıqca daha dərindən sevilən və məsləhətlərinə qulaq asılan müəllim var, bu məkanda acıdıl, necə deyərlər, "qanı acı - dili acı” müəllim də var. Bəzən belə müəllimin sinfin sosial məkanında olmasına heyfsilənirik, axı belə müəllimin dərsini şagirdlər öyrənmək istəmir. Amma bəlkə də bu müəllimin olması nə vaxtsa bizə, indi isə təhsil alanlara insanı dəyərləndirməyi öyrədir, kimi nümunə seçməyi, kimi sevməyi, kimə hörmət etməyi, kimi sevməməyi, kimdən uzaq qaçmağı və s. öyrədir. Sinif məkanının möcüzələri bitib tükənən deyil. Təhsil alanların sosiallaşmasında bu məkanın rolu nəhayətsizdir. Amma bu məkanın özünəməxsus idarəedicisi var, o nə müəllimdir, nə də təhsil alan, sinfi idarə edən sinif məkanında mövcud olan ünsiyyətdir. Başqa sözlə desək,  bu məkanda mövcud olan insanların bir-biri ilə ünsiyyəti. Onlar bir yerə yığılanda sinifdaxili münasibətlər sistemini təşkil edir. Sinif məkanında mövcud olan sinifdaxili münasibətlər sisteminin xarakterindən asılı olaraq, burada olan insanlar bir-birləri ilə ya əməkdaşlıq edir, nəsə axtarır, tapır, təhsilalanlar yeni biliklərə yiyələnir, sosiallaşırlar, ya da... hamı dərsin nə vaxt bitəcəyini gözləyir. Göründüyü kimi, sinifdaxili münasibətlər sistemi dərsin keyfiyyətini artıran əsas amilə çevrilir. Bəs onlayn dərslərdə belə imkanlar varmı? 

Təbii ki, onlayn dərslərdə bu imkanlar məhdudlaşır, çox-çox məhdudlaşır. Müəllim və şagirdlər eyni bir məkanda olmurlar, onların hamısı müxtəlif məkanda, təkcə kompüterin qarşısında əyləşirlər. Düzdür, onlar bir-birlərini görürlər. Görəsən, bu, ünsiyyət üçün kifayətdirmi? Əlbəttə, bu suala birmənalı cavab vermək çox çətindir. Amma müəllim onlayn sinifdə dərsin bütün iştirakçıları arasında ünsiyyət yaratmağa, onlayn sinif məkanını formalaşdırmağa çalışmalıdır. Təbii ki, bu işin çətinlik dərəcəsi haqqında mübahisə etməyə ehtiyac yoxdur, amma bunun qeyri-mümkün olmasını da demək düz deyil. Onlayn dərslərin təcrübəsi göstərir ki, onu həyata keçirmək mümkündür. Müəllimlər bunu reallaşdırmaq üçün rəngarəng yollara malikdir. Məsələn, dərsin ortasında müəllim təhsilin ənənəvi formada təşkilində olduğu kimi, müəyyən bir problem yaradaraq, şagirdləri qruplara bölüb, onların müzakirəsini təşkil edə bilər. Bu, sırf metodiki məsələdir, amma müəllimlər bu reallığı bilməlidirlər, onların həyata keçirdiyi onlayn dərslərin keyfiyyəti onlayn sinif məkanının iştirakçıları arasında ünsiyyətin yaradılmasından asılıdır. Bir pedaqoji həqiqəti unutmaq olmaz ki, şagirdlər təkcə müəllimdən deyil, həmçinin bir-birlərindən öyrənirlər. Media vasitələri məişətimizdə ünsiyyət vasitəsinə çevrildiyi kimi distant təhsil də onlayn dərslərdə bu vəzifələri yerinə yetirir.

Onlayn ünsiyyət dünyanın sürətli inkişafının nəticəsi kimi qiymətləndirilir. Gözümüzün qarşısında ünsiyyətin bu forması sürətlə artır. Onlayn dərslərin tərəfdarlarından olmasaq da, görünür, bu reallıqla razılaşmalıyıq. Yoxsa, Sabirin təxminən yüz il əvvəl dediyi "Dindirir əsr bizi, biz isə dinməyiriz” ifadəsinə sadiqliyimizi nümayiş etdirmiş olarıq. Əsr dindirəndə, dinmək lazımdır. Məsələyə bu prizmadan yanaşdıqda distant təhsilin formalarını axtarmaq, onun həyata keçirilməsinin ən səmərəli yollarını tapmaq bizim vəzifəmizə çevrilir. Bu vəzifənin həyata keçirilməsinin yolu təcrübə mübadiləsindən keçir.  muallim.edu.az 

Asəf ZAMANOV, 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 Hikmət ƏLİZADƏ, 

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor



Загрузка...
Həmçinin oxuyun:
Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Nadir İsrafilov: Biz distant təhsilə məqsəd yox, vasitə kimi baxmalıyıq.

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Məktəb direktoru: Distant təhsil müəllimlər qarşısında yeni tələblər qoydu

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər"

“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər"

Valideynlərin distant təhsil  üsyanı.  Ekspertin münasibəti...

Valideynlərin distant təhsil üsyanı. Ekspertin münasibəti...

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Vəziyyətdən asılı olaraq onlayn qiymətləndirmənin labüdlüyünü qəbul etməliyik...

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

Dərslər 15 sentyabrda başlaya bilər? - “Onlayn təhsil baş aldatmaqdır”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

Distant təhsili ilə bağlı Üzeyir Ağazadə Emin Əmrullayev cənabına müraciət etdi

Distant təhsili ilə bağlı Üzeyir Ağazadə Emin Əmrullayev cənabına müraciət etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müşahidə olunan distant dərsləri müzakirə edib

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”