AzTehsil.com


Xəbərlər / Müəllim
12 may 2022
1 738


Məktəbəqədər yaşda uşaqların sosiallaşmasında bağçaların rolu




 İnsan sosial varlıqdır. Sosiallaşma fərdin mədəniyyətə, tədris və tərbiyəyə qoşulmasının bütün formalarını əhatə edir. Sosiallaşma erkən uşaqlıq dövründən başlanır. 


Uşaq dünyaya gəldiyi ilk andan əvvəl ailəsi, daha sonra çevrəsi ilə müxtəlif yollarla münasibət qurmağa çalışır. Böyüdükcə ətrafındakı insanların təsiri nəticəsində onların hərəkətlərinə oxşar hərəkətləri inkişaf etdirir. Nəticədə təkcə özlərinə xas xüsusiyyətləri olan insanlar əvəzinə yaşadığı cəmiyyətin bir parçası olan, fərqlilikləri ilə yanaşı oxşar cəhətləri də çox olan insan qurupları əmələ gəlir.


 2 yaşından başlayaraq uşaq özünü artıq “mən“ kimi aparmağa başlayır. Bu davranış onların sosiallaşma ehtiyacı olduğunun göstəricisidir. Bu yaşda uşaqlar böyüklərin həyatında aktiv bir iştirakçı olmaq istəsədə  bu ehtiyac hələ onun qabiliyyətlərinə uyğun gəlmir.


 Əvəllcə ailədə yalnız  valideynləri ilə münasibət quran azyaşlı getdikcə öz yaşıdları ilə münasibət qurma ehtiyacı hiss edir. Çünki o öz “mən”ini sosial mühitdə,”digərlərinin”yanında daha asan kəşf edir. Uşaq evdə anasının ”birdənəsi”, atasının “qiymətlisi “, baba və nənəsinin “toxunulmazıdır”. Bu səbəbdən valideynlər istəsələr belə övladlarının tərbiyəsi arzuladıqları kimi qura bilmirlər. Xüsusilə təkuşaqlı ailələrin əksəriyyətində hər şey övladın üzərində qurulur. Hətta yeməklər belə onun arzusu ilə hazırlanır. Uşaq təkbaşına oynayır, heç nəyini paylaşmaq istəmir. İstəkləri çox və zamansız olur.


 Bu cəhəttdən   uşaqların cəmiyyətdə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət  mədəniyyətinin formalaşmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövründə əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanaqlığının estetik tərbiyəsinin əsası qoyulur. Onların sadə əmək vərdişlərinə yiyələnməsi, şəxsi sağlamlığın qorunması, zəruri həyati bacarıqlarına yiyələnməsisi, şəxsiyyətinin formalaşması prosesi başlayır.


Məktəbəqədər təhsil müəssisəsinin faydalarından ən önəmlisi azyaşlının bağçada evdəki “uşaq” rolunda olmamasıdır. Uşaq bağçaya başladığında artıq anasının “birdənəliyindən” çıxıb  15-20 nəfərlik qrupun üzvlərindən birinə çevirilir və sosiallaşır. Özü kimi uşaqlalarla bir qrup daxilində olma sınağı başlayır. Bu sınaq həm də onunçün bir öyrədici rolu oynayır. Əşyaları paylaşmağı, növbələşməni, başqasını dinləməyi, özünü ifadə etməyi, kömək edib kömək almağı, problem qarşısında bərabər hərəkət edə bilməyi, özünə güvənməyi öyrənir.Özünü bir şəxsiyyət kimi hiss edir. Erkən yaşlarından uşağın sosiallaşmağı onun gələcəkdə qarşılaşacağı bütün şəraitlərdə dəstək olur.


Məktəbəqədər yaşlı uşağın yaşıdları ilə ünsiyyəti əsasən birgə oyun zamanı inkişaf edir. Birlikdə oynayarkən uşaqlar başqa bir uşağın istək və hərəkətlərini nəzərə almağa, fikirlərini müdafiə etməyə, ortaq planlar qurmağa və həyata keçirməyə başlayırlar. Buna görə birgə oyunlar azyaşlılar arasında ünsiyyətin inkişafına böyük təsir göstərir. 

Bu prosesdə müəllimin də rolu böyükdür. Müəllim oyunlarda sosial aktivliyin təmin edilməsini gözləyir, uşaqları əxlaqi münasibətlər çərçivəsində böyüklərin mövcud fəaliyyətləri ilə tanış edir (həkim şəfa verir, nəzakətli, mehribandır, xəstəliklər haqqında çox şey bilir və s.). Kollektiv oyun qaydalarına əsasən, rolların bölüşdürülməsindəki qaydaya riayət etməyi öyrədir - uşaqların təşkilati münasibətlərini tənzimləyir.


Oyunlar sosial həyatın inikası olaraq uşağın hərtərəfli inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Müəllimin oyunlarda birbaşa rəhbərliyi ilə kollektiv həyat bacarıqları olan birlikdə hərəkət etmək, bir-birinə kömək etmək bacarığı formalaşır. Oyunlar ənənəvi tədris forma və metodlarını tamamilə əvəz etməsədə,  qarşıya qoyulmuş məqsəd və vəzifələrə daha təsirli şəkildə nail olmağa imkan verərək onları tamamlayır.


  Eyni zamanda bağça həyatı uşaqların məktəbə hazırlanmasında böyük rol oynayır. Bağçaya getməyən uşaq məktəbə başlarkən analarından ayrılmaqda əziyyət çəkirlər və məktəb-ailə-uşaq münasibətlərində bəzi problemlərlə üzləşə bilirlər. Bağçada sosiallaşmağı, gün rejiminə uyğun hərəkət etməyi, kollektiv qaydalara uymağı öyrənən uşaqlar məktəb həyatına atıldıqda bu cəhətdən çətinlik çəkmirlər. Sadə nitq etiketlərindən, nəzakət qaydalarından istifadə etməyi və körpə yaşlarından bəzi məsuliyyətləri üzərlərinə götürməyi bağçada öyrənən  uşaqlar həm müəllimləri həm də sinif yoldaşları ilə müsbət münasibət qura bilirlər.


Qazax şəhər 5 saylı körpələr evi uşaq bağçasının müdiri İradə Mustafayeva




Загрузка...