Müəllim ləhcə ilə dərs apara bilməz – Dil Komissiyası
Nə qədər ki, orta məktəb dərslikləri, bədii ədəbiyyatlar tərcümə olunmuş formada təqdim edilir, o qədər də problem olacaq. Bu problem elə orta məktəbdən başlayır.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu məsələdə müəllimlərin də üzərinə böyük yük düşür:
“Orta məktəb müəllimləri Azərbaycan dilini mükəmməl bilməlidir, dialektlərlə danışmamalıdır. Dialektlərimizin hər biri özünəməxsus gözəldir, bu məsələnin başqa tərəfidir. Lakin dialektlə dərs aparmaq olmaz. Müəllim ləhcə ilə dərsə girib, dərs apara bilməz. Bu zaman hansı dil normalarından danışa bilərik? Bu gün dilimizin zəngin tərəflərini tətbiq etməliyik. Dialektdə olan sözləri yeniləyərək lüğətlərə gətirməliyik. Uşaqlar bədii ədəbiyyata yönləndirilməlidir, lakin təəssüf ki, bu gün bədii ədəbiyyatımız ürəkaçan səviyyədə deyil. Son dövrlərdə oxuduğumuz bədii ədəbiyyatlarda Azərbaycan dilinin düzgün cümlə quruluşunu görə bilirikmi? Bir abzası 60-70-ci illərin yazıçılarının əsərlərindən və müasir yazıçıların əsərlərindən götürüb müqayisə edək. Hansı daha çox bizim üslubumuza uyğundur? Bu gün yazıçılar necə danışırsa, eləcə də yazır. Belə olan halda oxucularını da o üsluba gətirir. Mən öz yazıçılarımızın əsərini oxuyanda elə bilirəm ki, əsər tərcümə olunub. Düşünürəm ki, bu təfəkkür məsələsidir. Neçə yazıçımız var ki, onun qələmi nümunəvidir”.