Ağır dərs yükü, əlavə repetitor: Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq
Məktəbli övladı olan valideynlərin ən çox narazı olduğu, gileyləndiyi məsələ ev tapşırıqlarının çoxluğu, dərslərin həddindən artıq ağır olmasıdır.
Təhsil ekspertləri də bu məsələdə valideynlərlə eyni düşüncədədirlər və bildirirlər ki, bu sistem dəyişdirilməli, təhsilin bütün pillələri üzrə ev tapşırıqları ləğv edilməlidir.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bir çox ölkələrdə ev taprırıqları məsələsi illərdir ləğv edilib.
“Məsələn, Finlandiya kimi ölkədə ev tapşırıqları yoxdur. Düzdür, sistem fərqi var. Biz də sistemi dəyişməliyik. Onların təhsilləri bizimkindən 1000 dəfə daha yaxşıdır. Onlarda ev tapşırığının olmaması geriyə deyil, əslində irəli aparır. Bizdə isə əksinə. Təəssüf ki, bizdə evə verilən tapşırıqları şagirddən çox valideynlər icra edir. Burada obyektivlikdən söhbət belə gedə bilməz. Təhsilimiz batır. Xüsusilə orta məktəblərdə. Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”,- deyə təhsil eksperti bildirib.Buradan bir sual yaranır. Dərslərin çoxluğu, günün yarıdan çoxunu dərs oxumağa məcbur edilən balaca körpələrdə məktəbə, təhsilə qarşı aqressiya yadırmı? Bu sistem uşaqları daha da təhsildən kənar salmırmı?
Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, əslində yeni dərs sistemi olan kurikuluma uyğun olaraq, evə dərs verilməməli, gündəliklər olmamalıdır.
“Lakin valideynlər özləri müəllimlərdən tələb edirlər ki, ev tapşırıqları verilsin, gündəlik qiymətləndirilmə aparılsın. Düşünürlər ki, ev tapşırığı verilməyibsə, qiymətləndirilmə aparılmayıbsa, deməli, dərs keçilməyib. Valideynlər çox zaman deyirlər ki, “qiymətləndirmə olmasa, mən uşağımın dərsi hansı səviyyədə qavradığını necə biləcəm”? Valideynləri bu yeni sistem narahat edir. Çünki onlar hələ bu sistemi qavramayıblar. Müəllimlərin yeni sistemlə işləməyəsinə çox vaxt valideynlər özləri imkan vermirlər. Bununla da valideyn və müəllim arasında anlaşılmazlıq yaranır.
Dərslərin ağırlığı isə Təhsil Nazirliyinin məsuliyyətində olan işdir. Bəli, dərslərin çoxluğu uşaqlara əziyyət verir, onların dərsdən imtina etməsinə gətirib çıxara bilir. Çox maraqlıdır ki, bu qədər ağır dərs proqramı olsa da, uşaqlar yenə də əlavə müəllim yanına getməli olurlar. Deməli, proqram elə qurulub ki, məktəbə gedib-gəlməklə, öyrənməklə şagird universitetə qəbul ola bilmir və bunun üçün əlavə repetitor yanına gedir. Bu repetitorlar isə heç biri məktəb proqramı üzrə dərs keçmir. Burada yaranan konflikt uşaqlarda məktəbi qeyri-ciddi qəbul etməyə gətirib çıxardır. Çox təssüf ki, bu reallıqdır və qoyulan proqramla universitetə girmək olmur. Beləliklə də uşaqları təhsildən, məktəbdən soyudurlar”.