"Milli Məclisdə bəzi təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi məsələsinin yenidən müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edirəm. Bu müzakirə nəinki, lazımdır, bir çox əlaqəli məsələlərin həllinə aydınlıq gətirmək baxımından da zəruridir.”
Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
Onun sözlərinə görə sözügedən məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir. Hələ, bir neçə il bundan qabaq Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunması, gələcək plana görə Bakıda yerləşən bəzi universitetlərin bu şəhərə köçürüləcəcəyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Hətta, ictimailəşən siyahıda Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərlərin adları da yer almışdı. Bildiyim qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat da yaymışdı.
Əgər qədim diyarımız olan Qarabağ mədəniyyətimizin, Şuşa musiqimizin beşiyi sayılırsa, niyə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini işğaldan azad olunan rayonlarımızdan birinə, Azərbaycan Milli Konservatoriyasını, Bakı Musiqi Kollecini, Respublika İncəsənət Gimnaziyasını deyək ki, Şuşaya köçürməyək? Buna görə də universitetlərin və ya filialların ayrılmış ərazilərə və nəzərdə tutulan bölgələrə köçürülməsi, yalnız ümumi işimizin xeyrinə olar. Əlbəttə bəzi təşkilati və texniki məsələləri operativ, digər zamana bağlı olan məsələləri isə mərhələli şəkildə həyata keçirilməsi üzərində düşünülməlidir.
Hazırda müxtəlif qurumlar tərəfindən universitetlərin reytinqi açıqlanır. Əsasən, Azərbaycanın 3-4 universiteti bu siyahıda yer alır. Çünki, dünyanın ən reytinqli universitetləri kampus şəraitində, yəni, ayrıca şəhərcik formasında fəaliyyət göstərir. Tələbənin oxumaqdan başqa əlavə dərdi, əlavə yükü olmamalıdır.
Yüksək reytinqli universitetlərdə təhsilin keyfiyyətinin yüksəlməsində əsas amil ali məktəblərin kampus şəraitində fəaliyyət göstərməsidir. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana, tıxac, digər sosial problemlərlə qarşılaşmır. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məişət məsələlərinə yönəlir. Paytaxtda 2-3 ali məktəb yan-yana şəhərin mərkəzində yerləşir. Əgər istəyiriksə, keyfiyyətli təhsildən danışaq, tələbələr üçün əlverişli şərait yaradaq, o zaman bu məsələlər gec-tez öz həllini tapmalıdır. Bu stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər. Dünya ölkələrində dövlət tərəfindən özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayrılır.
Bu problemlər həllini taparsa, təhsildə müsbət dəyişikliklər qaçlmaz olacaq. Ölkəmizdə bu kimi layihələrin gerçəkləşməsinin ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək əlavə xərc kimi ev pulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itgisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək səviyəli təhsil ala biləcəklər. Bunlarla yanaşı əlavə məsləhətçilərdən lazımı qayğını görərək, kitabxanada, dərnəklərdə, idaman zallarında öz fəaliyyətlərini genişləndirmək imkanları olacaq. Başqa sözl yüksək səviyyədə təhsil almaq, təhsil mühitindən, universiteti bitirən gənclərin işə həvəsi isə elə həmin regionda da işlə təmin olunmasından asılıdır.
Ən əsası da dövlət universitetlərinin regionlara köşürülməsi Bakı şəhərində tıxac probleminin aradan qaldırılmasınına, regionların inkişafının sürətləndirilməsinə, rayonlarda xidmət sektorunun inkişafının yüksəldilməsinə, bütövlükdə isə rayonlara diqqətin artmasına səbəb olacaq və yeni iş yerlərinin açılmasına lazımi töhfə verəcək. Kampusun nümunəsi kimi yaxınlarda ləğv olunmuş Qafqaz universitetinin bazasında yaradılmış Bakı Mühəndislik Universiteti buna misal ola bilər.