"UNEC-in yeni tədris korpusunun istifadəyə verilməsi, təhsilin dövlətin prioritet sahəsi olmasının bariz nümunəsidir”.
Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
O,UNEC-in yeni tədris korpusu ilə bağlı fikirlərini bildirib:
"UNEC-in 3 saylı yeni tədris korpusunda yaradılan şərait Ölkə Başçısının dediyi kimi "Universitetlər üçün də nümunə olmalıdır”.
Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Başqa sözlə, auditoriya, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları müasir kampus standartlarına cavab verməklə universitetin tezliklə beynəlxalq reytinqlərdə irəliləməsi üçün lazımi imkan yaradacaqdır. Yəqin, təhsillə bağlı az-çox məlumatı olanlar bilməmiş deyil ki, Harvard, Oksford, Stenford, Massachusetts kimi universitetlərin nüfuzlu beynəlxalq reytinqlərdə aparıcı yer tutmaları, oların bilavasitə kampus şəraitində fəaliyyəti ilə əlaqədar olub. Bu baxımdan hesab edirəm ki, müasir standartlara cavab verən və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək yeni korpusun istifadəyə verilməsi və onun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi kollektivi daha da yeni uğurlara ruhlandıracaq”.
Nadir İsrafilov İqtisad Universitetinin keçmişinə toxunub:
"Bir vaxtlar "Narxoz” sindromu kimi mənfi imic qazanan, sonralar Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilən bu ali təhsil ocağı son dərəcə qısa bir zaman kəsiyində, artıq yeni UNEC brendi ilə tanınaraq, istər təhsilin məzmunu, istər forma və strukturu, istərsə də digər infrastrukturların yeniləşməsi sahəsində irəliyə doğru sıçrayış etməklə, kifayət qədər ilkə imza atıb ki, bu da son dərəcə sevindiricidir. UNEC- də yaradılan imtahan sistemi dövlətin elektron hökumət siyasətinin həyata keçirilməsinə dəstək nümunəsidir. Xüsusilə elektron apellyasiya, qaynar xətt xidməti, mükəmməl imtahan götürmək proseduraları, həm də bütün bunların İKT ilə təşkil olunması forması təqdirəlayiqdir. UNEC Elmi Şurasının qərarı ilə təsdiq olunan professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında "Qaydalar”ın icrasını təmin etmək məqsədilə daimi komissiya fəaliyyət göstərir. Artıq UNEC tədris prosesini həyata keçirən ali məktəb olmaqla yanaşı, həm də elmi araşdırmaları fasiləsiz təşviq edən mərkəzə çevrilib. Tələbələr üçün TələbəTəqaüd Proqramı, bir sıra ölkələrlə ikili diplom proqramlar, kreditlərə görə kəsirlərin ləğv edilməsi, "UNEC Ekspert” jurnalının nəşri, Dərbənd və Zaqatala filiallarının yaradılması, İstehsalatla əlaqələrin qurulması, bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının yaradılması, Elm aylığının keçirilməsi, Nobel dinləmələri və nobelcilərlə görüşlər, ilk TEDx konfransının keçirilməsi…”.
Sədr müavini UNEC-in reytinqindən söz açıb:
"Təkcə onu qeyd etmək kifayət edər ki, UniRank reytinq təşkilatı 2020-cu ilin fevral ayında dünya universitetlərinin reytinqini açıqlayıb. UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçən 13000-dən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində müəyyən edilən reytinq sıralmasında UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək dünyada 225-ci yerə yüksəlib. UniRank reytinq agentliyinin regional reytinq sıralması olan "Asiyanın 200 ən yaxşı universiteti” sıralmasında UNEC 167 pillə irəliləyərk Asiyanın 27-ci ən yaxşı universiteti seçilib. UNEC-in hələ pandemiya başlamamış distant təhsillə bağlı onlayn təlimləri digər unıversitetlər üçün də örnəkdir. Kitabxana informasiya mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir. Mehriban xanımın təbirincə desək, "İnsan lap yenidən tələbə olmaq istəyir…” Yeni korpusun istifadəyə verilməsi və açılışda Ölkə Başçısının və birinci xanımın iştirakı bir daha göstərir ki, pandemiya şəraitindən asılı olmayaraq təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.