AzTehsil.com


Xəbərlər
09 may 2020
1 503


Böyük qələbədə payı olan azərbaycanlı



Böyük qələbədə payı olan azərbaycanlı

 

Hərb salnaməsində parlaq səhifələr açan qəhrəman
"Qış tətili günlərində mən ailəmlə birlikdə Lənkəranda Həzi Aslanovun ev-muzeyində oldum. Ordakı eksponatlarla tanış olduqca, onların hər birinin tarixçəsini öyrəndikcə ürək döyüntülərimin artdığını hiss edirdim. Bu, bir az nisgil, bir az sevinc, ən çox da qürur hissi idi. Nisgilim vardı: yenə erməni xainliyi... Sevinirdim: ölümə tərk edilsə də, ölümsüzləşdi... Qürurluydum: çünki mən də onun kimi azərbaycanlıyam! 35 illik ömrünə əbədi yaşamağı sığdıra bilən o qəhrəmanın soyundan-kökündən gəlirəm!”.

Bu fikirlər bir məktəblinin ürəyinin dərinliyindən süzülüb qələminin ucundan sətirlərə tökülüb. Bakı məktəblisi, Binəqədi rayon 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Zəhra Əliyevanın ürəyində kök salan o qəhrəmanın adını eşitməyən yoxdur. Amma eşitmək azdır. Məktəbli tövsiyə edir ki: "Üzümü bütün yaşıdlarıma, bütün həmvətənlərimə tuturam: imkan olanda yolunuzu xan Lənkərana salın. Həzi Aslanovun ev-muzeyini ziyarət edin. Muzeyin həyətində 8 yaşlı Həzinin öz əlləriylə əkdiyi innab ağacının kölgəsində bir xatirə şəkli çəkdirin. Çünki o, sadəcə bir ağac deyil, 100 illik tarixdir, Həzi Aslanovun yadigarıdır. O bizim tariximizə, qəhrəmanlarımıza, bir-birimizə olan inamımız, sədaqətimiz və bağlılığımızdır. Biz tariximiz, tarixi bağlarımızla birlikdə güclüyük!”.

Bu sətirlərdən də göründüyü kimi, böyüməkdə olan nəslin qəlbində Həzi Aslanova sevgi ilə bəslənən qəhrəmanlıq ağacı 8 yaşlı Həzinin öz əlləriylə əkdiyi innab ağacının köklərindən də dərinlərə gedib çıxır. Azərbaycan məktəblisinin qəhrəmanı qalibdir, 35 illik ömrə sığdırdığı çoxsaylı qələbələrin müəllifidir: "Bu gün mən də bir qəhrəmanlıq əsərindən danışmaq istəyirəm. Müəllifin qələmi ilə deyil, vətənpərvərliyi, qorxmazlığı, ağlı və hərbi zəkası ilə yazılmış bir qəhrəmanlıq salnaməsindən! Kimdir o müəllif? Hansıdır o əsər? O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov və onun şücaətiylə yazılmış ÖLMƏZLİK əsəridir”.

Qəhrəman olmadan öncə...

 Qəhrəman olmadan öncə o da bir uşaq idi. Bilmirəm, insanın ilin isti, ya da soyuq fəslində dünyaya gəlməsinin onun gələcək taleyində bir rolu varmı? Bakı məktəblisinin qəhrəmanı general Həzi Əhəd oğlu dünyaya qışın oğlan çağında gəlmişdi. Lənkəran rayonunun Gərmətük qəsəbəsi onun iməklədiyi, ilk addım atdığı, ilk söz söylədiyi, ilk hərf öyrəndiyi yerdir. Sonra Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin şagirdi oldu. Həyatın acı üzünü də ilk dəfə elə uşaqlığında gördü. Onda hələ 13 yaşındaydı. Günün birində atasını itirib ata itkisini öyrəndi. Kərbəla ziyarətindən geri dönməyən atasının vəfatı balaca Həzi üçün çox ağır itki idi. Ancaq bu itkinin altında əziləcək vaxtı yox idi. Həm işdə, həm də həyatda atasının yerini almağa məcbur idi. Odur ki, kərpic zavodunda fəhlə işləməyə başladı. Hərbçi olmaq istəyirdi. Arzusunun arxasınca getdi. Komsomol putyovkası ilə onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərdilər. Hərbi təhsilini davam etdirərək 1924-30-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxudu. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil oldu. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya 15-ci süvari alayına tağım komandiri təyin edildi. Sonralar xidmətini 12-ci zirehli avtomobil diviziyasında davam etdirdi və döyüş texnikasını öyrəndi. Bir müddət sonra artıq bölük komandiri idi.

Tankçı Həzinin ilk uğuru

1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank bölüyü təlimdə fərqləndi. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim etdi və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru oldu. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandiri təyin edildi. 1937-ci ildə Ukrayna SSR Obruç şəhər Sovetinin üzvü (deputatı) seçildi. İkinci Dünya müharibəsinə qədər Sovet Ordusunda tağım komandiri, tank bölüyünün komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıcılıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışdı. Həzi Aslanova 1939-cu ilin axırlarında kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verildi.

Tezliklə "təcrübə sahəsi” böyüdü, daha təhlükəli, od-alovlu oldu. Çünki müharibə başladı. Və qəhrəmanımız, Bakı məktəblisinin təbirincə desək, "Ölməzlik əsəri”nin müəllifi  Həzi Aslanov öz qəhrəmanlıq hekayəsini yazmağa başladı...

 Müharibənin ilk günündən özünü göstərən azərbaycanlı

O vaxt Ukraynada xidmət edirdi. Müharibənin ilk günündən gənc zabit hünərini göstərdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə bacarıqlı zabit olduğunu təsdiqlədi. Özü bu haqqda belə yazırdı: "1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik”.

Onun girdiyi döyüşlərin çoxu qeyri-bərabər idi. Həzi Aslanov öz tağımı ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf etdi, onları ağır tələfata uğratdı. Həmin ilin dekabrında Moskva ətrafında döyüşlərdə fərqləndi və qəhrəmanlığına görə "Qırmızı Ulduz” ordeninə layiq görüldü. Azərbaycanlı zabitin başçılığı ilə vuruşan 35-ci tank briqadası Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə düşmənə ağır zərbələr endirdi. Həzi Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutdu və almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Bu, Böyük Vətən Müharibəsinin hələ ilk iliydi və Həzi Aslanovun rəhbərliyi altında tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxartmışdı.

Daha sonra Kotelnikovo yaxınlığında gedən döyüşlərdə şücaəti hərb tarixinə düşdü. Düşmənin 30 əks-hücumunu dəf edən, bir batalyon piyada qoşununu, 30 tankını, 50 avtomobilini sıradan çıxaran polkovnik-leytenant H.Aslanov bu döyüşlərdə  göstərdiyi şücaətə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. "Qızıl ulduz” medalı ona  döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə verildi.

Həzi Aslanovun "Ölməzlik əsəri”nin səhifələrində 55-ci əlahiddə tank polku feldmarşal Maynşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharəti də yer aldı.

1943-cü il dekabrın 17-dən Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərilən Həzi Aslanov birillik təhsil proqramını 3 aya başa vuraraq 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verildi.

1944-cü il iyunun sonlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmir yollarını azad etdikdən sonra Vilnüsə istiqamət aldı və  iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də H.Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədi. Volqadan başlamış Baltikədək hər döyüş onun qəhrəmanlığını, qüsursuz komandan olduğunu göstərirdi. Təsadüfi deyil ki, təkcə 1944-cü ildə təşkil etdiyi hücumlara görə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür aldı, 2 dəfə "Qırmızı Ulduz”, 3 dəfə "Qırmızı bayraq”, Aleksandr Nevski, II dərəcəli Suvorov Ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və saysız medallarla təltif edilmişdi.

Erməni xəyanəti

Həzi Aslanov qəhrəmanlığın ən yüksək zirvəsinə 1945-ci ildə, müharibənin bitməsinə bir neçə ay qalmış yüksəldi. Yanvarın 24-də  zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman yaralandı.

Ölüm şəraiti ilə bağlı müxtəlif fikirlər səslənsə də, ölüm səbəbi dəyişmir: erməni xəyanəti. Məlumatlara görə, Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, milliyətcə erməni İvan Xristoforoviç Baqramyan təşkil edib. Bunu ömrünün 25 ilini Həzi Aslanovun həyat və fəaliyyətinin tədqiqinə həsr edib, filmlər çəkib, kitablar yazan, professor, Əməkdar incəsənət xadimi Musa Bağırov üzə çıxarıb. O, Həzi Aslanovun ölməyib öldürüldüyünü də, layiq olduğu Sovet İttifaqı Qəhrəmanı adı əvəzinə Suvorov ordeninə layiq görüldüyünü də təsdiq edib: "1967-ci ildə onun haqqında çəkdiyim filmin təqdimatından sonra banket oldu. Orada polkovnik Filimenko mənə təklikdə dedi ki, Birinci Pribaltika cəbhəsinin komandanı Baqramyanın sağlığında heç kim Həzi Aslanovun necə ölməsi barədə həqiqəti danışmırdı. Əli ilə bir sxem çəkdi. Həmin sxem indi də məndə durur. Dedi ki, Həzi Aslanov başından balaca yaralanmışdı, xəstəxanada yatırdı. 1945-ci ildə bütün müttəfiq respublikalarda Müdafiə nazirlikləri yaranırdı. Mircəfər Bağırov Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin etmək üçün Stalinə zəng edib və onun Azərbaycana gəlməsi üçün icazə alıb. Bu barədə göstəriş alan Baqramyan Həzini çağıraraq onu təbrik edib. "Səni Azərbaycana müdafiə naziri təyin edirlər”,- deyərək Azərbaycan Kommunist Partiyasının sərəncamına göndəriləcəyini bildirib. Ancaq hücuma hazırlaşdıqlarını deyərək, bu hücumu Həzinin planlaşdırmasını istəyib. Planlaşdırmada - "rekoqnisirovkada” bütün komandirlər iştirak edirdilər. Təxminən 18-20 nəfərin iştirak etdiyi həmin planlaşdırmada Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Onun bir yük maşını vardı. Dincəlmək üçün maşınına  gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Hətta həmin vaxt onu görən Kulkov Həzi Aslanovun ayağında milli üslubda toxunmuş corab olduğunu xatırlayıb. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan mərmi Həzi Aslanovun olduğu maşına dəyib”.

Ölümcül olmayan bu yaradan sonra Həzinin halı yaxşılaşsa da, sonradan öldüyü elan edilib.

Həzi Aslanovun ikinci "Qızıl Ulduz”u

Yaralanandan 23 saat sonra ölən Həzi Aslanova ölümündən 47 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Məlumatlara görə, ona bu ad hələ 1944-cü ilin iyulunda 3-cü Belarusiya cəbhəsinin komandanı, ordu generalı İ.Çernyaxovskinin təqdimatı əsasında verilməliymiş. Lakin həmin sənədin əsli və Həzi Aslanovun 23 - 30 iyun 1944-cü il dövründə apardığı hərbi əməliyyatların qeydiyyatı  yoxa çıxır və təhrif edilmiş təqdimat hazırlanıb. İyulun 22-də Həzi Aslanov II dərəcəli Suvorov ordeninə layiq görülür. Müəmmalı şəkildə itən sənədlər isə 1991-ci ildə SSRİ Müdafiə Nazirliyinin arxivindən çıxır. Sənədi tapılandan sonra da Həzi Aslanovun "Qızıl Ulduz” almasına mane olanlar tapılır. Üzə çıxan sənədlərin səhihliyini yoxlamaq üçün komissiya yaradılır. Lakin bu hiylə də baş tutmur və 22 iyun 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə fərman imzalanır.

Təltif sənədində qeyd edilir: "23-30 iyun 1944-cü ildə Həzi Aslanovun rəhbərlik etdiyi 35-ci tank briqadası 580 yaşayış məntəqəsini azad edib, düşmənin 18 tank, 118 avtomaşınını məhv edib, alman ordusunun 580 zabit və əsgərini əsir götürüb. Berezina çayını birinci keçərək Vileyka şəhərini azad edib”.

İkinci "Qızıl Ulduz” hazırda Azərbaycan Tarix Müzeyində saxlanır.

Həzi Aslanovun 110 illiyidir

Həzi Aslanovun anadan olmasının 110 illiyinin qeyd edilməsi ilə bağlı ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Həmin sərəncamda deyilir: "Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş  etdirib  və  hərb  salnaməsində yeni  parlaq  səhifələr  açıb.  Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir”.

Həzi Aslanovun ev-muzeyi

Məlumat üçün qeyd edək ki, Lənkəranda, Həzi Aslanovun doğulub böyüdüyü həyətdə 1969-cu ildən onun ev-muzeyi fəaliyyət göstərir. Burada qəhrəmanın ailəsinə, xanımı Xavər xanıma ünvanladığı məktubları, müharibə dövründə çəkilən şəkilləri qorunur. Həzi Aslanovun geyimi, stolüstü saatı, ətir qabları sərgilənir. 5 otaqdan ibarət ev-muzeyinin hər il 20-25 min ziyarətçisi olur. Məktəblilər, hərbçilər ziyarət edərək Həzinin qəhrəmanlıq hekayəsini onun doğulduğu, ilk addımlarını atdığı bu məkanda dinləyirlər. Muzeyin direktoru Cəmilə Şərifovanın sözlərinə görə, hər ziyarətçi Həzi Aslanovun qəhrəmanlığını qürurla dinləyir.

Qeyd edək ki, Həzinin böyüdüyü  evin yerində tikilən yeni bina ev-muzeyi kimi istifadəyə verilib. Yeni evin ilk və yeganə sakini də Həzi Aslanovun həyat yoldaşı Xavər xanım olub. 1979-cu ildə  vəfat edən Xavər xanım ömrünün son 10 ilini bu evdə yaşayaraq ev-muzeyin ilk direktoru olaraq ömür-gün yoldaşının sadəcə əşyalarına deyil, xatirələrinə də sahib çıxıb.

İnnab ağacı

Ev-muzeyinin binası Həzi Aslanovun doğulub, böyüdüyü o köhnə ev olmasa da, həyətindəki innab ağacı 8 yaşlı Həzinin kiçik, hələ güclənməmiş əlləri ilə basdırdığı həmin ağacdır. Artıq 100 yaşını ötən bu ağac ev-muzeyinin ziyarətçiləri üçün Həzi Aslanovdan ən qiymətli yadigardır.

Faydalı, uzun ömürlü və bəhrəli bitki sayılan innab Həzi Aslanov ömrünün ifadəsidir sanki. Həzi Aslanovun da ömrü əkdiyi innab ağacı kimi faydalı, uzun ömürlü, bəhrəli oldu. Təbii ki, söhbət onun yaşadığı 35 illik ömürdən getmir. Faydalı əməllərlə dolu bu bəhrəli ömrü 1910-1945-ci illərə sığdırmaq mümkün deyil çünki. Həzi Aslanovun qəhrəmanlıq  hekayələri ilə böyüyən nəsli onun bəhrəsi saysaq, bu ömrün hələ çox uzun olacağı şübhə doğurmur.muallim.edu.az

Ruhiyyə DAŞSALAHLI



Загрузка...
Həmçinin oxuyun:
Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Ağdam təhsilini "kor qoyan" Məhəmməd Aslanov kimdir?

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Prezidentin təltif etdiyi şəxs: “İyirmi üç il qohumsuz, qonşusuz yaşadıq”

Prezidentin təltif etdiyi şəxs: “İyirmi üç il qohumsuz, qonşusuz yaşadıq”

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Orta məktəbin həyətində 2 ədəd tank əleyhinə mina aşkarlandı

Orta məktəbin həyətində 2 ədəd tank əleyhinə mina aşkarlandı

“Ölkəmizi tanıyaq”: Cənub bölgəsi ilə tanışlıq

“Ölkəmizi tanıyaq”: Cənub bölgəsi ilə tanışlıq

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Pearl Harbor əməliyyatı və ABŞ-ın müharibəyə qoşulması

Pearl Harbor əməliyyatı və ABŞ-ın müharibəyə qoşulması

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

70 ildir insanlara qənim kəsilib- Silah tanrısı

70 ildir insanlara qənim kəsilib- Silah tanrısı

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar