Xəbərlər
08 aprel 2017
2 842
UNEC kollektivi Lələtəpədə - Fotolar
UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərinə və Lələtəpə yüksəkliyinə səfər edib.
Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı keçirilən səfərdə UNEC kollektivi Ümummilli lider Heydər Əliyevin Horadizdəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən "Aprel şəhidlərinə xatirə” abidəsinə qədər davam edən zəfər yürüşünə qatılıblar.
Zəfər yürüşündən sonra UNEC kollektivi Birlik komandiri, general-mayor Mais Bərxudarov, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, millət vəkili, UNEC-in "Qiymət və qiymətləndirmə” kafedrasının müdiri Xanhüseyn Kazımlı ilə birlikdə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə gediblər.
Əsgər və zabitlərlə görüşdə general-mayor Mais Bərxudarov Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib: "Aprel döyüşləri bir daha sübut etdi ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın, xalqımızın müdafiəsində əzmlə dayanır və Ali Baş Komandanın əmri ilə qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır”.
General-mayor UNEC kollektvinin Lələtəpəyə səfər edən ilk universitet olduğuna diqqət çəkərək bu təşəbbüsü yüksək qiymətləndirib: "Bilirəm ki, bu, UNEC kollektivinin cəbhə bölgəsinə ilk səfəri deyil. Mətbuatdan da izləyirik ki, UNEC gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirir. Mən ona görə buradayam ki, bu universitetdə hərbi vətənpərvərlik tədbirlərinə xüsusi diqqət yetirilir, gələcəyin savadlı əsgərləri hazırlanır. Bu səbəbdən mənim UNEC kollektivinə böyük rəğbətim, hörmətim var”.
UNEC rektoru, professor Ədalət Muradov iftixar hissi ilə qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verib.
Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezindenti cənab İlham Əliyevin uzaqgörən diplomatıyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanının daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub.
Rektor Ədalət Muradov UNEC-in Müdafiə Nazirliyinin dəstəyi ilə universitetin professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən, Vətənin müdafiəçiləri ilə görüşlərindən danışıb, universitet kollektivinin də torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib.
Polkovnik Abdulla Qurbani və millət vəkili Xanhüseyn Kazımlı görüşdə Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətini vurğulayaraq, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.
Görüşdə UNEC-in tələbəsi, aprel döyüşlərinin iştirakçısı Məftun İsmayılov xatirələrini bölüşüb: "Ağır keçən döyüşlərdə sinəmdən qəlpə yarası aldım, lakin buna baxmayaraq səngəri tərk etmədim. Fəxr edirəm ki, belə böyük bir əməliyyatın iştirakçısıyam və bu qələbədə mənim də payım var. Əməliyyatda üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim”.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olan Qiyas Quliyevin qardaşı, UNEC-in müəllimi İbrahim Quliyev də qardaşı ilə bağlı xatirələrindən danışıb. Onun qorxmazlığından, vətənsevərliyindən söz açaraq, qardaşı ilə fəxr etdiyini bildirib.
Çıxışlardan sonra UNEC kollektivinin əsgər və zabitlərə təbrik müraciəti səsləndirilib. Universitet kollektivi adından onlara hədiyyələr təqdim olunub.
moderator.az