“Təhsilində ciddi problemlər olan ölkənin elmi də problemlər içində olar...”-EKSPERTDƏN HƏYƏCAN…
“Elmimizi necə xilas edək? Elm və Təhsil Nazirliyi bu haqda nə deyir?..”
AzTehsil.com belə bir müzakirəni təqdim edir.
“Bu gün ölkədə fəaliyyət göstərən 140 elmi-tədqiqat institutunun illik maliyyələşməsi ABŞ-da bir laboratoriyanın büdcəsindən azdır. O laboratoriyanın hər bir aliminə ayrılan illik büdcə, ortalama bizim bir tədqiqat institutunun illik büdcəsi qədərdir - təqribən 1 milyon dollar…”
“Orta statistik alim maaşı Bakı şəhəri üzrə orta əmək haqqının 50%-nə bərabərdir. Belə bir reallıqda gənclər hansı motivasiya ilə elmi gələr?..”
“Əgər sertifikasiya ilə işin səmərəsini artırmaq mümkünsə, onda məmurların da işinin səmərəsini artırmağa ehtiyac var, gərək sertifikasiya prosedurunu elm- təhsil sahəsində vəzifə tutan məmurlara da tətbiq edək…”
Tanınmış təhsil ekpserti, ADPU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədovun “Elmimizi necə xilas edək? Elm və Təhsil Nazirliyi bu haqda nə deyir?” suallarına cavab axtararkən qələmə aldığı növbəti aktual mövzulu məqaləsini Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
“Elmimizi necə xilas edək? ETN nə deyir?
Son vaxtlar cəmiyyətimizdə elm mövzusunda müzakirələr artıb, sanki uzun müddət yığılıb qalmış narahatlıq indi boşalır. Diskussiya təşəbbüskarlarının rəylərindən bu anlaşılır ki, ölkədə nə keyfiyyətli elmi məhsul, nə də əsil alimlər var. Bir müddət əvvəl oxşar diskurs təhsilə yönəlmişdi- deyirdilər ki, bizdə savadlı müəllim qıtlığı var, təhsilimizin reytinqi də çox aşağıdır. Bunlar həqiqətdir. Biz bunu 20 ildir deyirik…
Vaxtilə yazmışdıq ki, pis təhsil, pis məktəb, pis şagird, pis müəllim yoxdur. Pis təhsil sistemi var. Eyni sözləri elm və alimlər üçün də təkrar edə bilərik: pis alim və ya pis elmi qurumlar yoxdur, pis elmi mühit, elmin pis maliyyələşməsi, elmin pis idarəedilmə sistemi var...
30-40 il əvvəl, gənc yaşlarında elmə uğurla qədəm qoyan, uğurla dissertasiya müdafiə edən alimlər sonrakı illərdə elmi mühitin, elmə real təlabatın, normal maliyyələşmənin olmaması səbəbi ilə məhsuldar elmi fəaliyyət göstərə bilmədilər…
Bu gün Azərbaycanın elm-təhsil sisteminin ciddi problemləri var. Burda alimlərin günahı daha azdır. Problemlərin kökündə illərlə yığılıb qalmış, həll edilməmiş məsələlər, xüsusən də maliyyə çatışmazlığı dayanır. Amma məsələ təkcə pulda deyil. Problemlər həm də elmin səmərəsiz idarə edilməsindən, uğursuz kadr siyasətindən, sahəvi strategiya və elmi mühitin zəifliyindən qaynaqlanır. Bütün bu işlər illər ərzində zəif təşkil edilib.
Bir vaxtlar AMEA prezidenti olmuş, mərhum akademik Mahmud Kərimov demişdi: “Bizim ölkədə elm haqqında çox gözəl sözlər deyilir, amma çox az maliyyə ayrılır. Sanki bu sözlər Azərbaycan elminə yox, başqa ölkələrin elminə aiddir”.
Bu ifadə indi - 20 ildən sonra daha sərt, daha acı səslənir…
Bu gün ölkədə fəaliyyət göstərən 140 elmi-tədqiqat institutunun illik maliyyələşməsi ABŞ-da bir laboratoriyanın büdcəsindən azdır. O laboratoriyanın hər bir aliminə ayrılan illik büdcə, ortalama bizim bir tədqiqat institutunun illik büdcəsi qədərdir - təqribən 1 milyon dollar. Bu müqayisə ilə elmdə nə dərəcədə fərqli səviyyələrdə olduğumuz açıq görünür…
Elm və sənaye niyə ayrıdır?..
İllər öncə ölkə elminin gələcəyini planlaşdırmalı, prioritet istiqamətlər müəyyən etməli, elm və sənayenin inteqrasiyasını təmin etməli idik. Amma biz elmi infrastrukturu sovet dönəmindəki kimi saxlamaq istədik. Halbuki tam fərqli bir dövrə gəlmişdik. Sənaye tərəfi isə ümumiyyətlə elmə hər hansı bir tələb göstərmədi. Beləliklə, elm və sənaye, elm və praktiki biliklər arasındakı bağlar tamamilə qopdu…
Yeni islahatlar: məqsəd yenidənqurma, yoxsa sıradan çıxarma?..
Bu gün elm-təhsil sistemində aparılan islahatların fonunda “sertifikasiya” məsələləri də gündəmə gəlib. Belə getsə, məmurlar alimləri də nə vaxtsa imtahan etmək həvəsinə düşəcəklər. Alimlik peşə deyil, ad-san deyil, vəzifə də deyil — bu bir həyat tərzidir. Sertifikatlaşdırma ilə bu həyat tərzini ölçmək nə qədər mümkündür?..
Əgər sertifikasiya ilə işin səmərəsini artırmaq mümkünsə, onda məmurların da işinin səmərəsini artırmağa ehtiyac var, gərək sertifikasiya prosedurunu elm- təhsil sahəsində vəzifə tutan məmurlara da tətbiq edək. Görək onlar işlədikləri qurumun əsasnaməsini, “Elm haqqında”, “Təhsil haqqında” qanunları, elm və təhsilin təşkili, idarəedilməsi v.s. üzrə beynəlxalq təcrübələri, sistemin real problemlərini və həll yollarını nə dərəcədə bilirlər?..
Alimlərin sayı niyə azalır?
Bugünkü doktoranturaya qəbul şərtləri, müdafiə prosedurlarının çətinliyi, alimlərin zəif sosial-iqtisadi durumu gəncləri elmdən uzaqlaşdırır. İllər ərzində az maaş, sonralar da az təqaüd almaq, alimlərin sosial durumunu xeyli zəiflədir. Unudulmamalıdır ki, bir alimin yetişməsi üçün 20-30 il vaxt və dövlətin xeyli pulu sərf edilir. Bu müddəti və alimlərin hazırlanması kimi ağır işi qısamüddətli "ekspress kurslar"la əvəzləmək mümkün deyil. Bu təbii inkişaf və təkamül yolu ilə mümkündür…
Alimlərin sayı, o cümlədən gənc alimlərin sayı ilbəil azalır. Elmin gənclər üçün heç bir maddi cazibəsi yoxdur. Orta statistik alim maaşı Bakı şəhəri üzrə orta əmək haqqının 50%-nə bərabərdir. Belə bir reallıqda gənclər hansı motivasiya ilə elmi gələr?..
Yeni nəsil alimlər harada yetişir?..
Təhsilində ciddi problemlər olan ölkənin elmi də problemlər içində olar. Gənclər bu gün sistemli məktəb təhsili əvəzinə müxtəlif kurslarda və repetitorların yanında natamam biliklər alırlar. Nəticədə təhsildə keyfiyyət arzu edilən səviyyədə olmur. Şagirdlərin xeyli hissəsi ali məktəblərə təxminən 300 balla daxil olurlar. Magistratura pilləsində də məlum səbəblərdən keyfiyyətli təhsil ala bilmirlər. Yəni gənclər faktiki olaraq məktəb, bakalavr və magistr proqramlarını natamam mənimsəyirlər. Bu bilik səviyyəsi ilə elmdə uğur qazanmaq mümkün deyil. Ona görə də yalnız 10 % doktorant vaxtında dissertasiya müdafiə edə bilir. Bu elmi baza ilə gələcək alimlərin yetişməsi real deyil.
Elm varislik tələb edir. İslahatlar prosesində ənənələrin də qorunması zəruridir. Əks halda kökləri kəsilmiş ağacdan məhsul gözləmək əbəsdir…
Universitetlərdə də elm zəifdir…
Universitetlərimizdə də elmin səviyyəsi arzu edilən həddə deyil. Uzun müddət uniersitetlərdə elmi-tədqiqatlar formal xarakter daşıyıb. Ölkədə hələ də tədqiqat universitetləri (TU) yoxdur. Məlum inkişaf strategiyasının tələblərinə görə gələn il ölkədə 2 TU olmalıdır. Nazirlər Kabinetinin 7 il əvvəl TU-lar üçün təyin etdiyi meyarlara cavab verən universitetlərimiz hələ də yoxdur…
AMEA-nın tədqiqat institutlarının universitetlərin tərkibinə verilməsindən sonra bəzi universitetlərdə zahirən fəallıq artırıb, amma bu real elmi islahatların nəticəsi kimi deyil, mexaniki birləşmənin müvəqqəti yaratdığı effektdir. Çünki məqalə sayının artması hələ elmin inkişafı deyil, bu ayrı-ayrı alimlərin fədakarlığıdır. Amma bu məqalələrin ölkə iqtisadiyyatına və elmi problemlərin həllinə ciddi nəsə verəcəyi hələ məlum deyil...
Əvvəllər ölkənin təhsil büdcəsi 1 milyard manat idi. İndi bu rəqəm 5 dəfə artıb. Amma yenə də elmi tədqiqatlara yönəli maliyyə çatışmazlığı hiss olunur. Artan büdcə universitetlərdə elmin inkişafına nə dərəcədə xidmət edir? Bəs bu vəsait hara gedir? Bu qədər ciddi artıma baxmayaraq, elmdə, təhsildə keyfiyyət niyə dəyişməz qalıb? Görünür, sualın cavabı bir qədər də şəffaflıqda gizlidir. ETN və ona bağlı qurumlar büdcə məsrəflərini ictimaiyyətə açıq, şəffaf şəkildə təqdim etsə, çox suallara cavab tapılar…
Elm, əgər cəmiyyətin dəyər sistemində yer almırsa, orada inkişaf gözləmək çətindir. Elmin ayağa qalxması üçün sadəcə islahat şüarları yox, menecerlərin peşəkarlığı, real və ardıcıl dövlət strategiyası, ictimai dəstək, mədəni mühit, maliyyə sabitliyi lazımdır.
Əks halda biz elmin labirintdən çıxmasını deyil, onun bu labirintdə itib yox olmasını müşahidə edəcəyik. Elmimizi necə xilas edək? ETN nə deyir?..
İlham Əhmədov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent"